Görüşlər zamanı qaldırılan məsələləri yerli "liderlərə" məruzə edəndə biganəliklə qarşılaşırdım

Deputatlığa namizəd Nərgiz Əliyeva: "Görüşlər zamanı qaldırılan vacib məsələləri yerli "liderlərə" məruzə edəndə biganəliklə qarşılaşırdım"

Vahid Milli Hərəkat partiyasının Marneuli şəhərindən majoritar deputatlığa namizəd olan ictimaiyyət içində fəal qadın olan Nərgiz Əliyeva şəxsi facebook hesabında önəmli açıqlamalar verib. Biz yazını olduğu kimi təqdim edirik:

 

“Çoxsaylı suallarınızı nəzərə alaraq son dəfə bu mövzuda bir sıra məsələlərə aydınlıq gətirmək istəyirəm, əzizlərim! Ən çox səslənən suallardan biri nədən "Gürcü arzusu" partiyasına dəstəyimi dayandırıb Vahid Milli Hərəkat partiyasının sıralarına qoşuldum. ilk öncə, bunu vurğulamaq istəyirəm ki, insan bir partiyaya siyasi mövgeyilə üst- üstə düşən ideologiyasına və bu  ideologiyaya sadiq qalıb gördüyü işlərə görə qoşulur, təssüflər olsun ki, “Gürcü arzusu” partiyasının dedikləri ilə etdikləri arasında böyük fərq var, bunu anlamağım üçün bir müddət zaman lazım imiş, lakin bu gün seçdiyim yola inanıram; ən azı ona görə ki, Vahid Milli Hərəkat partiyasının dövründəki inkişafı görmüşəm. Bu gün yerli məmurların 60%-dən çoxu zamanında bu partiyanın yetirmələri, Saakaşvili məktəbini keçənlər olub, hakimiyyət dəyişən kimi iqtidara keçərək mövqelərini dəyişiblər. Mən və bir çoxları bu gün hakim partiyadan müxalifətə keçmişik, bu önəmli məqama diqqət yetirsəniz lazımlı qənaətə gələ bilərsiniz. Partiya dəyişmək olar, bu normaldır, anormal isə odur ki, qüsur və haqsızlıqları görüb orada fəaliyyətini davam etməkdir. Heç kim üçün sirr deyil ki, mən bir müddət "Gürcü arzusu" partiyasının dəvəti və təklifi ilə təbliğatda və seçkiöncəsi kampaniyalarında fəal iştirak etmişəm, lakin, bu günədək heç bir partiyanın üzvü olmamışam. Çalışdığım yeganə dövlət işi ictimai kitabxana olub. Bir çoxları kimi, adıçəkilən partiya hakimiyyətə gəldiyi dövrlərdə ölkəmizin inkişafı, insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılması, iş yerlərinin açılması, vergilərin azalması və sair kimi vədlər verirdi. Partiya platforması demək olarki mükəmməl idi. Bu cür həyatı kim istəməzdiki? Kim dəstəkləməzdiki? Mən də bir çoxları kimi bu yağlı vədlərə inanıb, cüzi sayda görülən işlərin görüntüsünə aldanıb, onlara dəstək verdim. Bəli, müəyyən işlər görülürdü, lakin kifayət deyildi. Xalq öz tələbini edəndə hakimiyyət deyirdi ki, hər şey birdən-birə qurulmur, bizə zaman lazımdır. Gözləyirdik. Mən, iki il seçkiöncəsi qadınlarla görüşlər keçirdim. Masa arxasında platformaları təqdim etməkdən daha çox problemlərlə maraqlanırdım, protokollaşdırıb namizədlərə təqdim edirdim. Görüşlər zamanı qaldırılan məsələləri yerli "liderlərə" məruzə edəndə biganəliklə qarşılaşırdım. Mövcud olan problemlərin həlli nə yerdədir sualıma xalq birmənalı şəkildə heç nə həll edilməyib deyirdi. Tələb edəndə, düzələr deyə cavablar alırdıq. Gözlədik. İkinci seçki ili zamanı bu görüşlərə gedərkən eyni problemlərin qaldırıldığını və həll edilmədiyini gördükdə bir daha onların nümayəndəsi olaraq xalqla görüşüb boş vədlər verməyəcəyimə qərar verdim. Çünki xalq namizədlərdən və ya seçilən o nümayəndələrdən cavab ala bilməyincə haqlı olaraq bizlərdən tələbini edərdi. Beləliklə, biz onların boş yalan vədlərini əhali nümayəndələrinə çatdıran kimi aciz və çıxılmaz vəziyyətdə qalırdıq. Bu hallar bu gün də davam edir və siz bu partiyanın bir çox fəalı və təbliğatçısını dinləyirsiniz. Bu səbəbə görə biz "xalq içinə çıxa bilmirik, çünki hamı bizdən konkret cavab istəyir, pis durumdayıq",- deyirlər. Səbəbin biri budur ki, mən yalan vədlər vermək istəmədim, özümün inanmadığıma xalqı inandıra bilməzdim. İkinci məsələ, şəxsimə və mənimlə birlikdə onlarla gəncə edilən haqsızlıqlar, ikiüzlülüklər, ləkələndirmək üçün çirkin planlar, xalq arasında yayılan çirkin iftiralar, gözdən salmaq üçün min bir uydurmalar, "yuxarıda" bloklamalar və s. Bunlar "liderlər"in bacardığı ən gözəl işlərdir. Bu günədək yerli özünüidarəetmədə neçə nəfər gənc səbəbsiz işdən azad edilib və həmin gənclərin karyerasına xətt çəkilibdir! Kiminin göz rəngini bəyənməyiblər, kiminin bacarığından qorxublar. Səbəb? Səbəbin cavabı çox sadədir; onlardan irəli kimsə getməməlidir! Məni işdən azad etməsələr də, səsimi boğmaq üçün məlum işlə təmin edib "zərərsizləşdiriblər". (Həmin işdə gözəl kollektivlə çalışdığım üçün məmnunam,sözüm onda deyil). Biz "zərərsizləşdirilmiş" gənclər nə zaman yada düşürdük? Təbiiki seçki ərəfəsində. İşdən qovulanların bir çoxuna bugün də “gəl bizə köməklik et səni işə qəbul edəcəyik”,-deyə vəd verib yenidən aldadanlar var. Buna dözə bilmədim. Tam məsuliyyətlə deyə bilərəm ki, mən Nərgiz Əliyevanın işdən şəxsi istəyimlə çıxandan öncə heç bir vəzifə, iş tələb etməmişəm ki, rədd cavabı alam. Bu, məntiqsizdir, çünki seçkiöncəsi kimsəyə qəti yox demirlər;) Bu səbəblər siyahısını və mən də daxil olmaqla onlarla insana edilən haqsızlıqları uzun- uzun sadalaya bilərəm. Lakin, qeyd etdiklərimin əksəriyyəti daxili problemlərdir. Ölkə masştablı problemlər və mənim fəal müxalifətə qoşulmaqdakı məqsədim haqqında yaxın günlərdə ətraflı açıqlamalarım olacaq. Güman edirəm ki, bu mövzuda artıq suallar olmayacaq”.

GAXA.ge