Nuh diyarı Naxçıvandan məktub...

Nuh diyarı Naxçıvandan Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (GAXA.ge) ünvanına təbrik məktubu daxil olub. Bu gün ad günü qeyd edilən, saytımızın təsisçisi və rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadənin ad günü münasibətilə ürək sözlərini bizə yazan fəal oxucumuz və neçə-neçə məzmunlu məqalələr müəllifi olan filologiya üzrə fəlsəfə doktoru, hörmətli Süsənbər Ağamalıyevanın təbrik məktubunu dərc edirik!

Məktubda yazılıb:

“Əziz və dəyərli Nizami müəllim!

İcazə verin, Sizi, bizim və ailəmizin sevimlisi, həmçinin özünəməxsus vətənpərvərliyi ilə illərdir ki, qələmi ilə jurnalistika cəbhəsində vuruşan Qalib Qələm ustasının ad gününü, obrazlı şəkildə desək şad gününü ürəkdən təbrik edək, ən xoş arzularımızı bildirək!

Qədim romalılar qeyd edir ki, heç bir universitet ailə tərbiyəsini əvəz edə bilməz! Bu mənada hesab edirik ki, yüksək ailə tərbiyəsi alan, kiçik yaşlarından vicdan, zəhmət, ədalət, vətənə təmənnasız xidmət ideyları ilə tərbiyə aldığınız ailə mühiti Sizi tanıyan hər bir insan üçün əziz və doğmadır. Bu gün Sizin ulu əcadlarınızı da hörmətlə xatırlayır və onların ruhu qarşısında baş əyirik!

Əziz və dəyərli Nizami müəllim!

Mən Sizi Gürcüstanda "Ədəbiyyatın müasir ənənələri" mövzusunda ənənəvi 9-cu beynəlxalq simpoziumda  tanıdım. Çox jurnalistlərdən fərqli, alicənanb, gözü tox, rüşvətdən kənar, müqəddəs amal və ideyalarına sadiq bir şəxsiyyət kimi! Uzun illərdir ki, Sizinlə formalaşan yüksək mənəvi dəyərlərə söykənən münasibətlərimiz mənə və ailəmə həmişə böyük stimul verməkdədir!

Siz sözün əsl mənasında dağ ürəkli və əzəmətli Vətən oğulusunuz! Ümummilli liderimiz Heydər Əliyev kişi mərdliyini təsvir edərkən həmişə əsl Azərbaycan kişilərini Uca dağlarla müqayiisə edərdi. Sizin publisistik və ədəbi yaradıcılığınızı dərindən izləyərəkən və təhlil edərkən belə qənaətə gəlmək olar ki, Siz həm yaradıcılığınız, həm də Var olan Mən şəxsiyyətinizlə böyük Vətənpərvərsiniz!

Əziz və dəyərli Nizami müəllim!

Vətənpərvər bir şəxsiyyət kimi Sizin 44-günlük Vətən müharibəsində nə qədər səmimi narahatlıq keçirdiyinizi və mənfur ermənilər tərəfindən min bir hiylə ilə işğal edilmiş əzəli Azərbaycan torpaqlarının və yüksəkliklərin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə şücaətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad ediləndə keçirdiyiniz qürur və fəxarət hisslərinin yaxından şahidi olmuş və Sizi tanımağımla qürur duymuşam. Siz adi gündə deyil, Ulu Öndərin doğum günündə dünyaya gəlmisiniz. Onun ideyalarına sadiq və bu ideyaları həmişə təşviq edən böyük şəxsiyyətsiniz! Bu il Qalib bir ölkənin Qalib Vətəndaşı kimi ad gününüzü qeyd edirsiniz! Bu il Şuşa, Laçın, Kəlbəcər azaddır! Ulu Öndərin ruhu şaddır! Onu qəlbdən sevən və dövlətimiz tərəfindən yüksək fəxri adlarla təltif edilən Nizami müəllim də ilk dəfə ad gününü böyük fəxarətlə qeyd etməkdədir! Qoy bizim Vətənin səmaları bu yaz günündə həmişə parlaq və Qələbə ruhlu olsun!

Əziz və dəyərli Nizami müəllim!

Bizi bir -birimizə böyük mənəvi tellər bağlayır. Hər dəfə böyük fəxarətlə "Naxçıvandan Borçalıya salamlar" silsiləsindən göndərdiyim məktublara həssas münasibətiniz, yazılarımı regionda tanınmış saytınızda  təmənnasız dərciniz məni ürəkdən sevindirib və mənəvi saflığınız qarşısında özümü borclu hiss etmişəm... İnanıram və ümid edirəm ki, Sizin yüz illiyiniz münasibətilə Sizinlə birlikdə bir kitab hazırlayacaq və bu xatirələri orada birlikdə dərc edəcəyik!

Siz səmimi Gücüstan azərbaycanlılarının haqq səsini işıqlandırmaqla, vətənpərvər azərbaycanlıların haqq səsisiniz! Həmişə Var olun! Arzu edirəm ki, tarixi Vətənimiz İrəvan mahalı azad ediləndə biz oraya birlikdə gedək!

Sizin ad gününzü ürəkdən təbrik edir, Sizə - əziz qardaşım, bir daha ən xoş arzularımı bildirirəm. Sizə qranit tək möhkəm cansağlığı arzulayıram! Uca Tanrı Sizi və doğmalarınızı qorusun!”

 Sizə və doğmalarınıza ən xoş arzularla və dərin hörmətlə,

Sizin Süsənbər Ağamalıyeva

Naxçıvan, 10. 05. 2021-ci il