Səfir Faiq Quliyev ilə Gürcüstan Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze arasında görüş keçirilib

Dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə Gürcüstan Parlamentinin deputatı, Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze arasında görüş keçirilib. GAXA-nın məlumatına görə, bu barədə səfirlikdən bildirilib.

Görüşün əvvəlində E.Bolkvadzeni salamlayan səfir E.Bolkvadzeni Gürcüstan Parlamentində yeni yaradılmış Mədəniyyət Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar olaraq təbrik edib və təyinatın hər iki dövlətin mədəniyyət sahəsində görülən işlərdə uğurlu olacağına inandığını bildirib. O, Azərbaycan və Gürcüstan arasında mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün daim lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında mədəniyyət sahəsində görüləcək işlər və məsul olduğu sahələr üzrə Azərbaycan Respublikasının aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün gündəlikdə olan məsələlər müzakirə olunub.

Gürcüstanın Batumi şəhərində baş tutan "Black Sea Music and Art Festival"-ın təşkilatçısı və ideya müəllifi olan E.Bolkvadze, Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilən "Qəbələ Beynəlxalq Musiqi Festivalın"-da bir neçə dəfə iştirak etdiyini və gələcəkdə belə mədəni tədbirlərin hər iki ölkə arasında qarşılıqlı keçirilməsinin mümkünlüyü barədə danışaraq, mədəni tədbirlərin xalqlararası əlaqələrin daha da dərinləşməsinə töhvə verdiyini vurğulayıb. Əlavə olaraq Azərbaycan Respublikasında və Gürcüstanda fəaliyyət göstərən mədəniyyət ocaqlarının, teatr, filarmoniya sahəsində çalışanların mübadilə proqramlarının işlənilməsi, həmçinin incəsənət xadimlərinin qarşılıqlı olaraq dövlətlərarası baş tutacaq tədbirlərdə iştirakı müzakirə edilib.

​Görüşdə gündəlikdə olan məsələlərin icrası ilə bağlı görüşlərin bundan sonra daha sıx keçirilməsi barədə razılıq əldə olunub.

GAXA.ge