Gürcü ekspertlər Pompeodan Amerika qoşunlarının Gürcüstanda daimi yerləşdirilməsini xahiş ediblər

Gürcüstan ekspertlər birliyi Tiflisə səfəri öncəsi ABŞ Dövlət katibi Mike Pompeoya müraciət ediblər. GAXA-nın məlumatına görə, ekspertlər bu barədə ABŞ Dövlət Katibinə açıq məktub yazıblar. Məktubda Amerika Silahlı Qüvvələrinin daimi olaraq Gürcüstanda yerləşdirilməsinin zəruriliyindən bəhs olunub.

Müraciət müəllifləri inanırlar ki, bu addımla ABŞ Gürcüstan xalqını azadlıq yolunda dəstəkləyəcək və öz regional və qlobal maraqlarının irəliləməsini təmin edəcək. 

İmza atanlar arasında Gürcüstanın keçmiş müdafiə nazirləri İrakli Alasania və Tina Xidaşeli, keçmiş xarici işlər naziri Tedo Caparidze, keçmiş Avropa inteqrasiya naziri Aleksi Petriaşvili, Gürcüstanın NATO-dakı keçmiş səfiri Qriqol Mgaloblişvili, Gürcüstanın ABŞ-dakı keçmiş səfiri Temur Yakobaşvili, politoloqlar Tornike Şaraşenidze, Qela Vasadze və Kaxa Qoqolaşvilinin adı qeyd olunub.

Məlumata görə, ABŞ Dövlət Departamentinin rəhbəri Mike Pompeo 17-18 noyabr tarixlərində Gürcüstana səfər edəcək. Tiflisdə prezident Salome Zurabişvili, baş nazir Qiorqi Qaxaria və xarici işlər naziri David Zalkaliani daxil olmaqla hökumət rəsmiləri ilə görüşəcək. Pompeonun ayrıca Katolikos-Patriarx II İlya ilə görüşü gözlənilir. Səfər zamanı dövlət katibinin Gürcüstanda fəal vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü də planlaşdırılır.

GAXA.ge