Hikmət Hacıyev: “Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb”
“Ermənistan silahlı qüvvələri atəşkəs rejimini
kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və
Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin
mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə
tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı
alınıb”.
GAXA-nın Azərbaycan
mətbuatına istinadən məlumatına görə, bunu açıqlamasında Azərbaycan Prezidentinin
köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev deyib.
Dövlət rəsmisinin
sözlərinə görə, Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir.
Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb:
“Ermənistan tərəfindən
Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan
silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək
aktıdır və növbəti təxribatdır.
Ermənistan-Azərbaycan
sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək
halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən
dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilib.
Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi
və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir.
Ermənistan bu kimi
hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan
münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən
boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə
davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatları eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi
təşkilatın hüquqi sənədlərinə ziddir.
Eyni zamanda bu
yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda
geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti
gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.
Ermənistan BMT
Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana
qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu
işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri
Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz
çıxarılmasını tələb edir.
Ermənistan tərəfindən
sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin
danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.
Dünya birliyi
COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat
əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir
daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal
atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.
Beynəlxalq
ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə
törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırırıq.
Yaranmış vəziyyətə
görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”,-deyə Hikmət
Hacıyev bildirib.
GAXA.ge