Dövlət naziri Ketevan Tsixelaşvili diplomatik vəzifəyə təyin olunur

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili öz vəzifəsini tərk edir və o, Gürcüstanın ATƏT Missiyası və Vyanada mövcud olan beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi kimi fəaliyyətini davam etdirəcək, eyni zamanda Gürcüstanın Avstriya Respublikasındakı səfiri olacaq. GAXA-nın məlumatına görə, bu barədə Xarici İşlər Naziri David Zalkaliani cümə günü keçirdiyi brifinqdə deyib.

"Vyanada yeni bir səfirimiz olacaq. Xanım Ketevan Tsixelaşvili. Düşünürəm ki, bu istiqamətdə onun təcrübəsi son dərəcə vacib olacaq. O, bu məsələlərdən daim xəbərdar olub",- deyə Zalkaliani bildirib.

Məlumata görə, Ketevan Tsixelaşvili 2018-ci ildən bəri Gürcüstanın Avstriyadakı səfiri olmuş David Donduanı əvəz edəcək.

Xatırladaq ki, Tsixelaşvili 2016-cı ilin iyulunda Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri təyin edilib.

Qeyd edək ki, Dövlət naziri vəzifəsində işlədiyi müddətdə Ketevan Tsixelaşvili Gürcüstanda milli azlıqların birləşməsi məsələlərində fəal iştirak edib.

“İyunun 15-dək Dövlət naziri kimi fəaliyyətimi davam etdirirəm. İndi hər gün tam gücümlə gələcəkdə də harada olsam da, vətənimin, dövlətimin və xalqımın mənafelərini hər yerdə müdafiə edəcəyəm",-deyə Ketevan Tsixelaşvili bildirib.

GAXA.ge