Marneuliyə və Bolnisiyə daxil olan nəqliyyat vasitələri dezinfeksiya edilir

Bu gün səhər saatlarında hökümətin Qurumlararası Koordinasiya Şurasının qəbul etdiyi qərarı ilə Gürcüstan Müdafiə Qüvvələri Bolnisi və Marneuli ərazisində koronavirusun yayılmaması üçün profilaktik tədbirlərə cəlb edilib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.

 Daxili İşlər Nazirliyi ilə birlikdə Müdafiə Qüvvələri karantin zonası yaxınlığında xüsusi buraxılış məntəqələri yaradıblar.

 Gürcüstan Müdafiə Qüvvələrinin Şərq Komandanlığı səhər saatlarında Marneuli və Bolnisi ərazilərinə daxil olub. Gecə boyu Şərq Komandanlığı heyəti Marneuli və Bolnisi Bələdiyyələri ilə birlikdə 5 nəzarət-yoxlama məntəqələri qurublar. Şəhərə giriş-çıxışda səhra çadırları fəaliyyətə başlayıb, burada Müdafiə Qüvvələrinin tibb işçiləri vətəndaşları ilk dəfə tibbi müayinələrdən keçirirlər. Gələn və çıxan nəqliyyat vasitələri xüsusi bir maddə ilə dezinfeksiya edilir. 

Bildirilib ki,Müdafiə Qüvvələrinin nümayəndələri polislə birlikdə Marneuli və Bolnisinin bütün ərazilərinə nəzarət edəcəklər.

 GAXA.ge