Amerikalı ailəsini güllələməkdə təqsirli bilinən 19 yaşlı çoban Qldan həbsxanasına yerləşdirilib

İyulun 4-də Gürcüstanın Duşeti rayonundakı Xada dərəsində olan şəlalə yaxınlığında 3 nəfərdən ibarət Amerika vətəndaşları olan bir ailəni vəhşicəsinə öldürən 19 yaşlı çoban Malxaz Kobauri psixi ekspertiza müayinəsindən keçdikdən sonra Tiflisdəki Qldan həbsxanasına yerləşdirilib. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, 19 yaşlı çoban M. Kobaurinin ruhi xəstə olub-olmaması barədə xüsusi komissiya yaradılıb və komissiya üzvləri onun tam sağlam olduğunu təsdiqləyiblər. Məlumata görə, psixi ekspertiza komissiyası Gürcüstan prokurorluğunun tələbi ilə təyin edilib. Vəkil A. Kobaidze qeyd edib ki, onun müdafiə etdiyi M. Kobauri sağlamdır və o, bu gün Qldanidəki 8 nömrəli cəzaçəkmə müəssisəsinə göndərilib. Xatırladaq ki, iyulun 4-də Duşeti rayonuna gələn Amerika vətəndaşı Rayn Smit, onun həyat yoldaşı Lora və 4 yaşlı oğlu Xada şəlaləsini görmək üçün 19 yaşlı çoban Malxaz Kobauri ilə rastlaşıblar. M. Kobauri onlara şəlaləyə getmək üçün bələdçilik edib. Yolda o, Rayn Smitlə mübahisə edib. Çoban amerikalı R. Smitə ov tüfəngi ilə iki güllə vurub və sonra onun oğluna atəş açıb və güllə 4 yaşlı uşağın çənəsinə dəyib. Bunu görən Lora hadisə yerindən qaçmağa başlayıb və dağ yüksəkliyindən uçuruma yuvarlanaraq həlak olub. Çoban atdığı güllələrin gilizlərini çaya tullayıb və 4 yaşlı uşağı və ailənin şəxsi əşyalarını isə gizlədib. Sonradan o, uşağın meyitini gizlətdiyi yeri polisə nişan verib. Baş verən hadisənin yeni təfərrüatları barədə prokurorluğun təyin etdiyi ekspert qrupu müəyyən edib ki, Rayn Smitin həyat yoldaşı Lora ölməmişdən əvvəl çoban tərəfindən zorlanıb. Bu seksual əlaqə haqqında gürcü KİV-ləri məlumat yayıb. Kiçik yaşlı uşağın necə bir şəraitdə ölməsi də ekspertiza tərəfindən müəyyənləşdirilib. Ekspertiza qrupu bildirib ki, çoban M. Kobauri uşağın üzünə güllə atıb və atılan güllə onun çənəsini parçalayıb. Faktla bağlı cinayət işi başlayıb və araşdırma aparılır. Məlumata görə, hadisəni törədən çobanın günahkar olduğu təsdiqlənərsə, onu 16 ildən 20 ilədək cəza gözləyir. Məlumata görə, çoban cinayət törətmədiyini bildirir. Onun vəkili də bunu təsdiqləyib. Xatırladaq ki, Rayn Smit ailəsi 2012-ci ildən bu ilədək-6 il azərbaycanlıların kompakt yaşadığı Marneulidə yaşayıb və məlumata görə, onun burada şəxsi evi olub. Marneulidə və Tetri Skaro rayonunun Kosalar kəndində və azərbaycanlı xalça ustalarının yaşadığı digər kəndlərdə Azərbaycan xalçalarının toxudulması ilə məşğul olub və xalça növləri barədə məlumatlar yayıb. R. Smit ailəsi sonralar Amerika vətəndaşı ilə birlikdə Gürcüstan vətəndaşılığı da alıb. Məlumata görə, o, bir müddət Quba rayonunda yaşayıb. R. Smit Azərbaycanı və Gürcüstanı çox sevib, həmçinin Azərbaycan dilində təmiz danışmağı öyrənib. www.gaxa.ge