“Qanla yazılmış Xocalı…” adlı kitabımın sonuna nöqtə qoya bilmədim…

Təəssüf ki, bu il Xocalı faciəsi haqqında iki ay zəhmət çəkib qələmə aldığım “Qanla yazılmış Xocalı…” adlı kitabımın təqdimatını heç kim keçirmək istəmədi, istəsələr də mənə elə gəldi ki, kimlərsə mane oldular. Bizlər niyə beləyik, görəsən? Zalım fələk Xocalı sözünü deməkdə də bizə mane oldu! Çox əziyyət çəkəndən sonra, nəhayət kitabı nəşr etdirə bildim! Həyat yoldaşımla birləşib təqaüdümüzü kitabın nəşrinə xərclədik. Düşünürəm ki, yollar açılsa və Xocalı şəhəri abad bir şəhər kimi abad bir şəhər olanda və Allahım mənə sağlam həyat bəxş etsə, mənə yaxın olan dostlarımı başıma toplayıb Xocalıda bu kitabın təqdimatını təşkil edəcəm.

Onu da xüsusi olaraq xatırladım ki, Azərbaycan Respublikasının Əməkdar jurnalisti kimi, mənə bu mövzuda qabağıma kötük itələyənlər də oldu. Çox təəccüblüdür ki, Gürcüstanda yaşayan azərbaycanlı jurnalistlərin haqqında kitab yazdığıma baxmayaraq, heç bir jurnalist mənim yaradıcılığımın şah damarı olan bu kitab haqqında ürəkdolusu kədərlə bir cümlə belə yazmadı, hardasa bir kiçik xəbər getdi və kitabın adını səhv yazdılar...

Amma yalnız bir nəfərə ürəkdən böyük və dərin təşəkkürümü bildirirəm. Yalnız o, kitab haqqında ürək sözlərini yazdı. O, şəxs Naxçıvan Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru, çox hörmət bəslədiyim dosent Mehriban Əsədullasoy (Quliyeva) oldu. Mehriban xanım “Qanla yazılmış Xocalı…” poemasına yazdığı ön sözü “Şəhidlərin ölməz abidəsi” adlandırıb. Fikirimcə, bu ön söz poemaya, mənim zəhmətimə verilən ən böyük qiymətdir.

Oxucularıma isə müraciət edib bir daha qeyd edirəm ki, sağlıq olsun, “Qanla yazılmış Xocalı…” kitabımın təqdimatını Xocalı şəhərində keçirəcəyəm…

P:S: Çox təəssüf ki, 32 illiyi tamam olan Xocalı soyqırımına həsr etdiyim “Qanla yazılmış Xocalı…” kitabımın təqdimatına nail ola bilmədim. Mən başqa səpgidə təqdimat tədbiri keçirilməyi arzulayırdım. Kaş, Xocalı soyqırımına həsr etdiyim kitabı yazmayaydım. Kaş, xocalılar sağ olaydı və kaş, Xocalıda həlak olan şəhidlərdən biri də mən olaydım. Kaş, ömrümü Xocalıda əzab verilən və meşələrdə donan Xocalı sakinlərindən biri də mən olaydım və düşmənlə mərdliklə kənd sakinlərinin azadlığa qovuşmasına görə döyüşərkən qəhrəmanlıqla həlak olaydım. Bax, bu günü mən ən xoşbəxt bir gün sanardım!...

Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti

GAXA.ge