Əflatun Amaşov yazır…

Rusiya tərəfindən Azərbaycanın kütləvi informasiya vasitələri bloklanır. Yəni onların Rusiya ərazisindəki yayımına məhdudiyyət qoyulur. Söhbət konkret olaraq rus dilli "haqqin.az" və "minval.az" saytına münasibətdən gedir. Əlbəttə, siyahı genişlənə də bilər.

Hansısa dövlətin özünün informasiya məkanını ümumi kursa zidd təmayüllərdən qoruması  anlaşılandır. Ancaq Azərbaycanın kütləvi informasiya vasitələri nə edir ki, belə rəftara layiq görülür? Obyektiv yanaşma, həqiqətləri yazmağa dözmək belə çətindir? Axı Rusiya müstəqil Ukraynanın ərazisinə qoşun yeridib. Bunun arxasında hansı qlobal siyasi məqamlar var, bu, başqa məsələ. Fakt budur ki, ortada işğal var və bizim media orqanlarımızın məhz bu danılmaz reallığa söykənməsi məqbuldur.

Digər tərəfdən, yaxın keçmişə nəzər salaq. 44 günlük müharibə dönəmində Rusiyanın əksər KİV-ləri nə edirdilər, hansı mövqeni tuturdular, yaxşı yadımızdadır. Onlar elə təəssürat yaradırdılar ki, sanki illərdir işğala məruz qalan Azərbaycan yox, Ermənistandır. Təsadüfi deyil ki, Azərbaycan prezidenti də Rusiyanın RBK telekanalına müsahibəsində bu məqama diqqət yetirmiş və bildirmişdi ki, belə hallar Rusiyanın Azərbaycandakı nüfuzuna mənfi təsir göstərir. Həmin dönəmdə Azərbaycan Mətbuat Şurası da Rusiya KİV-lərinin, o cümlədən peqovların, solovyovların və digər onlar kimilərinin "fəaliyyəti"nə dair Rusiya Jurnalistlər İttifaqına və ölkənin digər media qurumlarına müraciətlər ünvanladı. Amma xeyri olmadı.

Bəli, Azərbaycan KİV-ləri haqlı olaraq Rusiya-Ukrayna müharibəsinə geniş yer verir. Bu mənada "haqqin.az" saytının fəaliyyətini xüsusi vurğulamalıyam. Eynulla Fətullayev müharibənin ilk günlərindən Ukraynadaydı. Ən gərgin nöqtələrdən yayımlar edirdi. Bu zaman həm peşə marağı, həm də əsl həqiqətləri önə çəkmək əzmi öndəydi. Məhz bu keyfiyyətlərinə görə "haqqın.az" həmişə  Rusiya oxucularının diqqət mərkəzində olub.

İndi Rusiyanın bloklama qərarı söz və ifadə azadlığına sayğısızlıqdır. Əlahəzrət haqq və ədalət var. Azərbaycan KİV-ləri ona sadiqdir. Bu sadiqlik eyni zamanda beynəlxalq hüququn prinsiplərinə, bəşəri prinsiplərə dəyərdir.

Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri