Fransalı hüquq müdafiəçiləri Qarabağa qanunsuz səfər ediblər

44 günlük Vətən Müharibəsində məğlub olan Ermənistan mövcud reallıqla barışmaq, qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşmaq əvəzinə, yenidən müxtəlif təxribatlara əl atmaqdadır. GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, xarici ölkələrin nümayəndələri Bakıdan rəsmi icazə alıb Qarabağa yollanmalı idilər. Hər belə cəhddə burnu ovulan, yerinə oturdulan ermənilər, indi də xarici ölkə vətəndaşlarından təxribatçı məqsədlər naminə yararlanmağa, onlar üzərindən beynəlxalq aləmdə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar.

Bir neçə gün bundan öncə Fransanın “L’Œuvre d’Orient” təşkilatının nümayəndələrinin Qarabağa qanunsuz səfəri bu qəbildəndir. Fransalı hüquq müdafiəçiləri Azərbaycan hökumətini səfər barədə məlumatlandırmadan Xankəndinə yollanıblar. Burada onlara azərbaycanlıların guya ermənilərə məxsus maddi-mənəvi irsə ziyan vurması barədə “faktlar” təqdim olunub. Xankəndindəki ermənilərin üzləşdiyi çətinliklər, humanitar problemlər də fransalı hüquq müdafiəçilərinin diqqətinə çatdırılıb.

Eşitdiklərindən xeyli pərişan olan fransızların, nədənsə 30 illik Ermənistan işğalı zamanı 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, mülkiyyət və yaşamaq hüquqlarından məhrum edilməsi, zəbt edilən ərazilərdə törədilən vandalizm aktları yadlarına düşməyib. Fransalı hüquq müdafiəçilərinin Qarabağa qanunsuz səfərində diqqət çəkən başqa bir məqam onların məhz Laçın dəhlizindən keçməklə rusiyalı sülhməramlıların məsuliyyətində olan zonaya – Xankəndinə yollanmasıdır. Sülhməramlıların bu qanunsuz səfərə göz yumması 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin birgə imzaladığı Üçtərəfli Bəyanatın tələblərinə ziddir. Rusiyalı sülhməramlıların missiyası Xankəndində yaşayan az sayda erməninin təhlükəsiz şəkildə Ermənistana və ya əksinə gediş-gəlişinə nəzarət etməkdir. Ermənistanın rəsmi şəxsləri, eləcə də digər xarici ölkə nümayəndələri Qarabağa səfər etmək üçün əvvəlcə Azərbaycan hökumətindən icazə almalıdırlar. Fransalı hüquq müdafiəçiləri də yalnız rəsmi Bakının icazəsindən sonra Laçın dəhlizi vasitəsilə yox, Bakıdan Qarabağa yollanmalı idilər. Belə olmadığı halda, sülhməramlılar fransızların Qarabağa girişinə göz yummalı deyildilər.

GAXA.ge