Söz vermək seçkilər zamanı olur, sonra isə hər şey yaddan çıxır...

(Felyeton əvəzi yazı)

Dərdimiz, kədərimiz çoxdur, qardaş! Qurunun, yaşın da öz istisi olduğu kimi, hər evin hər bacanın da öz tüstüsü var. Bizim millətdə umu-küsü çoxdur. Birlik lazımdır bizə! Bu olmasa, başımızda çox küləklər əsəcək. Talenin gərdişi bizi birləşməyə qoymur. İndi qarşıdan bizim üçün çox mühüm olan seçkilər gəlir. Ona hazırlşmaq, layiqli namizədlərə səs vermək lazımdır. Yaltaqlara, onun-bunun sözünə baxanlara yox! Bizim səsimiz güclü olmalı, susmamalıdır! Bizə lal ördəklər lazım deyil. Bizə rüşvət alan deputatlar, merlər lazım deyil! Bizə millətin dərdinə, kədərinə əncam çəkən mer və deputatlar lazımdır. İndi hər ağızdan bir avaz gəlir, amma bizi heç kim düşünmür. Problemlərimiz xirtdəyədək yığılıb qalıb! Hər millət oyanır, biz oyanmırıq, qardaş! Bax, bu fikirlər gündəmin əsas mövzusu olmalıdır! Neçə il bundan əvvəl mən Soğanlıq kəndində oldum.Tiflis meri David Narimaniya kəndin problemlərini dinləməyə gəlmişdi. Mən sakinlərdən öyrəndim ki, kənddə qəbiristanlıq üçün torpaq sahəsi çatışmır. Mən merdən açıqlama alanda bu problemi ona dedim. Sakinlərin dediyinə görə, bu kənddə bir qəbir yerinə rəhmətə gedən on nəfəri basdırıblar. Bu sözləri eşidən mer söz verdi ki, yaxın aylarda Soğanlığın (Poniçalanın) problemləri həll ediləcək. O gündən çox illər keçib. Mənə çatan məlumata görə, artıq kəndin problemi həll edilib. Marneulidə isə camaatı narahat edən problemlərin həllinə söz verilir, amma iş görülmür. Vəd vermək səsvermə zamanı olur. Sonra isə hər şey yaddan çıxır...

Nizami Məmmədzadə, əməkdar jurnalist