Bu gün görkəmli jurnalist Süleyman Süleymanovun xatirəsinə həsr olunan onlayn konfrans keçirilib

Gürcüstanda Azərbaycan dilli mətbuat olan “Sovet Gürcüstanı” (Hazırda “Gürcüstan”) qəzetinin redaktoru olmuş ictimai və siyasi xadim, publisist, tərcüməçi, görkəmli jurnalist Süleyman Süleymanovun xatirəsinə həsr olunan onlayn konfrans keçirilib. GAXA-nın məlumatına görə, tədbirə dövlət və hökumət nümayəndələri, gürcü və azərbaycanlı ziyalılar, jurnalistlər, Xalq Müdafiəçisi yanında Milli Azlıqlar Şurasının nümayəndələri, Marneuli, Bolnisi və Dmanisi icmalarının nümayəndələri,  qeyri-hökumət təşkilatlarının rəhbərləri dəvət olunublar. Onlayn konfransda həmçinin görkəmli jurnalistin ailə üzvləri, dostları və qohumları da iştirak ediblər.

Tədbirdə S. Süleymanov haqqında gürcü-azərbaycan ziyalıları, jurnalist və QHT nümayəndələri, onun ailə üzvləri, dostlar və qohumlar xatirələrini söyləyiblər. S.Süleymanov Gürcüstan Ali Sovetinin deputatı və Gürcüstan Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülüb. 1981-ci ildə “Şərəf nişanı” ordeni, 1997-ci ildə Gürcüstanın “Şərəf” ordeni ilə təltif olunub.

Onlayn konfransda S. Süleymanovun həyat və yaradıcılığından bəhs edilib. Çıxışçılar görkəmli jurnalistin təcrübəsindən, onun tərcüməçilik fəaliyyətindən, həmmüəllifi olduğu nəşr olunan kitablarda jurnalistin böyük zəhmətindən danışıblar. Tədbirdə Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin müavini Lia Qiqauri çıxış edib.

Onlayn konfransda S. Süleymanovun “Sovet Gürcüstanı” (Hazırda “Gürcüstan”)  qəzetinə rəhbərliyi illərində nəşr etdirdiyi qəzetdə jurnalistikanın janrlarına aid operativ yazılar, vacib xəbərlər verdiyini, cəmiyyətdə olan çatışmazlıqları üzə çıxarıb bu barədə məqalələr dərc etdiyini və problemlərin həllinə çalışdığı qeyd edilib.

Konfransda görkəmli jurnalist haqqında kitab nəşr etməyin vacibliyi və onun jurnalistika sahəsindəki təcrübəsinin gələcək nəsillərə, gənc jurnalistlərə çatdırılmasının günün tələbi olduğu bildirilib.

Süleyman Süleymanov 5 May 1935-ci ildə Marneuli rayonunda anadan olub, 26 iyun 2014-cü ildə Tiflisdə vəfat edib və anadan olduğu Kürdlər kəndində torpağa tapşırılıb.

Onlayn konfrans Gürcüstan Qadınlar Şurasının təşəbbüsü ilə Gürcü Jurnalistlər İttifaqı, “Gürcüstan” qəzeti, Gürcüstan Azərbaycanlı Qadınlar İttifaqı, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşkilatçılığı ilə keçirilib. 

GAXA.ge

Leila отправил(-а) Сегодня в 23:GAXA.ge