Marneulidə məşhur Borçalı aşığı, ustad sənətkar Aşıq Kamandarın Ev Muzeyinin bərpadan sonra açılışı olub

Bu gün Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə görkəmli ustad aşıq, “Şərəf” ordenli korifey sənətkar Aşıq Kamandar Həmid oğlu Əfəndiyevin anadan olduğu Marneulinin Kürüstü Kəpənəkçi kəndində bu böyük sənətkarın Ev Muzeyinin bərpadan sonra təntənəli açılışı həyata keçirilib. GAXA-nın məlumatına görə, təntənəli açılış mərasiminə Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar, həmçinin azərbaycanlı ictimai xadimlər, ziyalılar, qonaqlar, folklor biliciləri, Borçalı aşıqları və kənnd sakinləri qatılıblar.

Məlumata görə, görkəmli aşığın ev muzeyi təmiri və bərpası TİKA təşkilatının Gürcüsstan nümayəndəliyi tərəfindən Avropa muzeyləri standartlarına uyğun təmir və bərpa edilib. 2017-ci ildə isə Gürcüstan dövləti tərəfindən muzeyə dövlət statusu verilib.

 Kamandar Həmid oğlu Əfəndiyev 1932-ci ildə Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olub.

Ömrünün erkən yaşlarından saz çalıb, oxumağa hədsiz maraq göstərən Kamandar 1959-cu ildə Bakıda Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olub.

Aşıq Kamandar həmişə yorulmadan öz üzərində işləmiş, aşıq sənətinin ən incə sahələrinə yaradıcı bir tədqiqatçı kimi yollar axtarmışdır. Böyük zəhmətdən sonra Kamandar Həmid oğlu ozan-aşıq sənətində yaradıcı aşıq-şair kimi püxtələşməyə başlayıb. Onun dillər əzbəri olan, aşıqlar tərəfindən oxunan qoşma və gəraylıları, divani və təcnisləri, muxəmməsləri ona böyük şöhrət gətirib. Ötən əsrin 70-ci illərindən başlayaraq, Aşıq Kamandarın adıbəlli qoşma və təcnisləri Gürcüstan radiosunun Azərbaycan şöbəsi ilə yanaşı, Azərbaycan Radio və Televiziya verilişlərində də səslənməyə başladı. Onun şan-şöhrətinin coğrafi miqyası günü-gündən genişlənib və ustad aşıq bütün Türk dünyasında, İranda və digər yaxın və uzaq ölkələrdə universal el sənətkarı və şairi kimi daha da məşhurlaşıb. İstər Gürcüstanda, Borçalıda, istərsə də Azərbaycanda və eləcə də Turkiyə və İranda Kamandar sənətinin vurğunlarının sayı-hesabı yoxdur. Onun ölməz yaradıcılığı haqqında alimlər, sənətşunaslar, pedaqoqlar, müğənni və xanəndələr, musiqiçi və heykəltəraşlar ürək açan sözlər demişlər.

Aşıq Kamandarın 1989-cu ildə Bakıdakı "Yazıçı" nəşriyyatı tərəfindən ilk "Borçalı laylası" adlı şeirlər kitabı işıq üzü görüb.

Aşıq-el sənətinə bütün varlığı ilə bağlı olan, Azərbaycan xalqının XX əsrdə yetirdiyi görkəmli filosoflardan biri – əslən Borçalıdan olan mudrik alimimiz Camal Mustafayev bu kitaba yazdığı ön sözdə qeyd edir: "Kamandarın zəngin sənətində saz, səs, söz vəhdət təşkil edir. "Borçalı laylası"nı oxuyanda bir daha yəqin edirsən ki, o, Borçalı yaylaqlarının bulağından su içib bəhrələnmişdir". Bu, dağ bulaqlarının saflığını və sağlamlığını öz misralarına hopdura bilmişdir. Ustad aşığın yazmış olduğu şeirlərin hamısından xalq ruhu, xalq nəfəsi və ozan-aşıq sənətkarlığı duyulur.

 Mərd olan düşər zəhmətə,

Namərd yetişməz ziynətə,

Çörək itirən müxənnətə,

Haqq özü "qənim" olaydı!

 Şair Kamandarın şeirlərinin dadlı və duzlu olması, Azərbaycan poeziyasının məğrurluğundan, dilə yatımlığından şairin xəbərdar olduğunu və "Saz-aşıq-söz" dünyamızın inkişafında Borçalı aşıq, saz-söz məktəbinin rolunu bir daha təsdiqləyir.

El-oba ədəbiyyatımızın, milli musiqimizin ustad bilicisi, aşıq sənətinin korifeylərindən olan Kamandar Həmid oğlu öz sənətində bu sahələri dolğunluğu ilə birləşdirən istedad sahibidir.

Kamandar sənəti böyük bir məktəbdir, qaynayıb-coşan, tükənməz bir bulaqdır. Onun qoşmalarında qartal vüqarlı Azərbaycanımızın tarixi-ədəbi irsi, poeziyası, xalq sənəti və eləcə də ozan-aşıq yaradıcılığı tərənnüm olunub:

 Aşıq Kamandaram, dedim hər zaman,

Sazın hikmətini nadandı danan.

Gecələr yuxusu gözündə yanan,

Analar laylası telli sazdadı.

 Aşıq Kamandar Əfəndiyev 2000-ci il oktyabr ayının 25-də doğma kəndi Kürüstü Kəpənəkçi kəndində vəfat edib.

GAXA.ge