Dost, alim, ziyalı və müəllim itkisi

Valeh Hacılar-70

Görkəmli ədəbiyyatşünas-alim filologiya elmləri doktoru, professor Valeh Hacıların vəfatından dörd aya yaxın bir vaxt keçir; buna baxmayaraq hələ də Valeh itkisinin, yaralarının qaysaqları göynəyir. Görünür xalq, millət üçün yaşayan insan, ziyalı və alim itkilərinin yeri həmişə göynəməli və görünməlidir. Çünki uzun müddət o yer boş qalır, o yeri doldurmaq çox çətin olur, zatən Valeh Hacıların yerini doldurmaq isə mümkünsüzdür. Budur, onun vəfatından sonra onsuz keçən vaxt həm də onun yoxluğuna deyil, ikinci həyat yaşamasına bir işarədir. Xalq üçün yanan və yaşayan insanların cismani varlığından sonrakı həyatı mənəvi həyatına köçürülür. Onsuz keçən ötən müddət göstərdi ki, Valeh Hacılar ikinci həyatın başlanğıcındadır; özü olmasa da ədəbi, elmi, ictimai cameələrdə gördüyü işləri, yazdığı əsərləri, həyata keçirmək istədiyi ideya və layihələri, xoş xatirələri yaşayır.

Bu görkəmli ziyalının vəfatını Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun dəhlizində tez-tez görüşüb dərdləşdiyimiz doktor, dosent Şahbaz Şamıoğlu və doktor, dosent Razim Məmmədovdan ( adətən bu “ mini iclas”arın baş mövzusu Borçalı və buradakı ictimai-siyasi, ədəbi proseslər olur) eşitdiyim bu acı xəbər məndə bir şok effekti yaratdı.

Mənim Valeh Hacılarla tanışlığımın qəribə bir tarixçəsi var; ona görə qəribə deyirəm ki, bu tanışlığın tarixi uzaq keçmişə dayansa da, müddəti qısa oldu və mənim üst-üstə onunla, bəlkə də 15 dəqiqəlik bir söhbətim olub, ancaq bu tarix onun insani, alim və ziyalı kefiyyətini bütünlüklə ortaya qoyur. Onunla 80-ci illərin ortalarında bu gün baş elmi işçisi olduğum Ədəbiyyat İnstitutunun dəhlizində tanış olmuşdum. O zaman mən namizədlik dissertasiyası müdafiəsi ərəfəsindəydim. Filologiya elmləri doktoru, professor mərhum Əflatun Saraclı bizi tanış etmişdi. Təbii ki, dəhliz tanışlığının təəssüratı o qədər də yaddaqalan olmur, nədən ki, bu cür tanışlıqlar hamımızın həyatında olur, üstəlik Avtoreferatı yenicə çıxmış, müdafiəyə hazırlaşan adamın ora-bura qaçmaqdan elə vaxtı da olmazdı. Yadda qalan o idi ki, Valeh Hacıyev ( o zaman belə gedirdi) iki il əvvəl müdafiə edib, Tiflisdə yaşayır və Puşkin adına Dövlət Pedaqoji İnstitutunda müəllim işləyir. Və yəqin ki, bu söhbətdə bizim doğulduğumuz kəndlərin bir-birinə çox yaxın olması da bu söhbətə bir məhrəmlik, yaxınlıq qata bilərdi və mən ona yenicə çapdan çıxmış Avtoreferatımı verə bilərdim ( ona görə belə deyirəm ki, bütün detalı ilə yadımda qalmayıb, ancaq əvvəldə də görəcəyimiz kimi Avtoreferatımı verdiyim mütləqdir). Lakin 1986-cı il fevralın 23-də namizədlik dissertasiyasmın müdafiəsi zamanı bir sürprizlə qarşılaşdım. Elmi katib Müdafiə Şurasının üzvlərini sənədlərlə tanış edərkən Tiflis şəhərindən Avtoreferata rəy gəldiyini élan etdi. Respublikadan kənardan Avtoreferata rəyin gəlməsinin əhəmiyyətini mən o zaman yəqin ki, bilə bilməzdim və mənim dəqiq yadımdadır ki, bu Valeh Hacıların öz təşəbbüsü idi. Əlbəttə, qiyabi münasibətlərimiz sonralar davam edirdi, hər zaman onun yazılarını, tədqiqatlarını izləmişəm, bütün bunlar qarşılıqlı olub və mən əminəm ki, bu belə də olmalıdır. Biz görüşməsək də, Tiflisdə yaşayan dayım oğlu Emin Mahmudov vasitəsilə hal-əhval tuturduq. Sonrakı görüşlərimiz dəqiq yadımda deyil, Tiflisdə Emin dayıoğlunun qızının toyundakı bir neçə dəqiqəlik görüşümüzdən də elə bir təəssürat qalmayıb.

Səhv etmirəmsə, Valeh Hacılarla mənim başqa bir görüşüm olmayıb və ancaq bu görüşlərin nəticəsi belə bu görkəmli insan haqqında düşünmək və onu bir ziyalı, alim, vətəndaş kimi dəyərləndirməyə imkan verir. Hətta təəssüratı indiyə qədər məni tərk etməmiş həmin birinci görüş olmadan Valeh Hacılar haqqında söz demək, yazmaq ehtiyacı yaranır və bu, həmişə Azərbaycanda yaşayan Gürcüstan ziyalılarının diqqət mərkəzində olmalıdır.

Valeh Hacılar haqqında düşünərkən mənim nəzərimə, hər şeydən əvvəl, Tiflis ədəbi mühiti və Qori müəllimlər seminariyasının Azərbaycan ziyalıları gəlir. Nədən ki, Azərbaycan ədəbi mühitini bir zamanlar A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə kimi ziyalılar yönləndirirdi. Bu prosesi XX əsrin əvvəllərində M.Şahtaxtınski, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə və başqaları davam etdirirdi. Sovet dövründə də bir müddət Tiflis ədəbi, elmi mühiti aparıcı mövqeyini qoruyub saxlayırdı. Lakin bu mühitin əvvəlki dövrlərə nisbətən zəiflədiyini görməmək o qədər də çətin deyildi. Öndə gedən ziyalılarımızın Bakıda yaşaması, öz həyatını ( fərqi yoxdur, hansı səbəblərdən) burada tapması Tiflis ictimai-siyasi, ədəbi mühitinin zəifləməsinə gətirib çıxarırdı. Xüsusilə, 80-ci illərin sonları 90-cı illərin əvvəllərində gedən proseslər ziyalılığı, ictimai-siyasi statusu, elmi titulu olan bir adama ehtiyacı yaranarkən Valeh Hacıların orada olması, işləməsi və Qori seninariyasından gələn ənənəni qoruyub saxlaması ən önəmli hadisələrdən biri idi. Bu cəhətdən onu ancaq XX əsrin əvvəllərində böyük bir missiyanı daşıyan və həyata keçirən ziyalıların davamçısı hesab etmək olar. Və mənə elə gəlir ki, Valeh Hacıların ömrü boyu çalışdığı, yazıb yaratdığı bütün məqalələr, tədqiqatlar da onun bu keyfiyyətinin üzə çıxmasının bir forması və formatı olaraq düşünülmüşdü. Bu, Valeh Hacıların vətəndaşlıq duyğusundan qaynaqlanırdı. O, çox geniş masştablı bir vətəndaş idi; onu yalnız Borçalı ilə məhdudlaşdırmaq, əslindəə onun fəaliyyət coğrafiyasının sınırlarını daraltmaq demək olardı.

Valeh Hacıların fəaliyyət sferası geniş və müxtəlif idi; gürcü-azərbaycan ədəbi əlaqələrindən tutmuş, onun tədqiqi, toplanması, nəşri istiqamətində apardığı böyük işlər, belə demək mümkünsə, bir İnstitutun gördüyü işlərə bərabərdi. Ayrıca onun bu sahədəki məqsədyönlü işləri Gürcüstanda Azərbaycan faktorunun daçıyıcısı halına gəlməsi yeni bir siyasətin başlanğıcını qoymuş oldu. Son illərin ictimai-siyasi proseslərində Valeh Hacılar başqaları kimi Azərbaycanın paytaxtına tez-tez gəlib buradan gürcü millətçilərini top atəşinə tutmaq yolunu tutmadı, elə gürcü millətçilərinin içərisində ağlı, düşüncəsi, ziyalılığı, mədəniyyəti ilə mübarizə apardı və Borçalı türklərinin layiqli təmsilçisi oldu. Doğulduğu torpağa, mənsub olduğu xalqa sevgisindəndir ki, Valeh Hacılar heç zaman bağlı olduğu məkanı tərk etmədi.

Valeh Hacılar həm də görkəmli bir alim, ədəbiyyatşünas idi, onun bu sahədə apardığı tədqiqatlar Azərbaycan və Gürcüstan elmi ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Gürcüstan arealında onun apardığı araşdırmaların, topladığı folklor nümunələrinin həm Azərbaycanda, həm də Türkiyədə yayılması yeni bir arenaya çıxmasından xəbər verirdi. Valeh Hacılar yavaş-yavaş Türk dünyasının öndə gedən aydınlarından birinə çevrilirdi.

Yaşasaydı, inanıram ki, görkəmli alim, ziyalı və ictimai xadim olaraq Valeh Hacılar hələ bundan sonra da çox böyük işlər görəcəkdi, elmi, ictimai fəaliyyətilə bağlı planlaşdırdığı layihələri həyata keçirəcəkdi. Lakin kəmfürsət ölüm buna imkan vermədi, bütün ömrünü xalqının, doğulduğu torpağın varlığının təsdiqinə yönəldən Valeh Hacılar canı qədər sevdiyi ailəsindən, xalqından, işindən ayrı düşdü. Bu, hamımız üçün bir dost, alim itkisi, ziyalı və müəllim itkisi və ən əsası isə vətəndaş itkisi oldu.

Təsəllimiz bir ondadır ki, Valeh Hacılar özündən sonra böyük bir ədəbi, elmi irs qoyub getdi. Valeh Hacılar bir ziyalı tipi formalaşdırdı və ondan sonra Gürcüstan arealında ədəbi, elmi, ictimai mühitə gələnlər onun formalaşdırdığı bu yoldan kənara çıxmayacaq, tələbələri onun yolunu, yarımçıq qalmış fikir və ideyalarını davam etdirəcəklər. Ən böyük təsəllimiz isə ondadır ki, artıq Valeh Hacıların oğlu Fəxri Hacılar onun yolunu ləyaqətlə davam etdirir, onun dərc olunan araşdırmaları və Valeh Hacılar irsinə sahib çıxması bunu deməyə tamamilə imkan verir.

BƏDİRXAN ƏHMƏDOV,

filologiya elmləri doktoru, professor,

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun 

Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri

2010-cu il.