Nərgiz Əliyeva: “Gürcüstanın ali təhsil ocaqlarında üç mindən çox azərbaycanlı gənc təhsil alır”

Gürcüstanın Marneuli şəhərində yaşayan soydaşımız, ictimai fəal Nərgiz Əliyeva uzun müddətdir ki, orada fəaliyyət göstərir.  Azərbaycan gənclərinə dəstək olur və Gürcüstanda yaşayan azərbaycanlıları bir araya toplayaraq bir çox layihələrə imza atıb.  GAXA-nın məlumatına görə, Moderator.az-ın suallarını cavablandıran Nərgiz Əliyeva söhbətində azərbaycanlı gənclərin Gürcüstanda böyük nailiyyətlər əldə etdiklərini qeyd edib. 
 

- Nərgiz xanım, ilkin olaraq Gürcüstanda gənclərimizin fəaliyyətini necə dəyərləndirirsiniz?

- Gürcüstanda yaşayan azərbaycanlı gənclər son illərdə bir çox uğurlu inkişaf yolu keçməkdədir. İlk növbədə onların təhsilə olan marağı, gürcü cəmiyyətinə inteqrasiyası, öz peşələri istiqamətində peşəkar olub, çalışdıqları sahələrdə uğur əldə edərək karyera imkanlarından bəhrələnib, uğurlar əldə etmələri hər bir azərbaycanlı üçün qürurvericidir. Onların əksəriyyəti həm layiqli vətəndaş, həm də millət nümayəndəsidirlər. Bugün Gürcüstan ali təhsil ocaqlarında üç mindən çox azərbaycanlı gənc təhsil alır, bu proses 2006-cı ildən sürətli şəkildə başlayaraq bu günədək davam edir. Dövlət dilini mükəmməl mənimsəyərək seçdikləri peşə üzrə çalışırlar. Eyni zamanda gənclərin ölkənin ictimai-siyasi, mədəni və digər sahələr üzrə həyatına qoşularaq fəallıq göstərmələri təqdirəlayiqdir. Onlar birləşərək daxildə mövcud olan bir sıra problem və önəmli mövzuları qaldırır və bunun həlli istiqamətində fəaliyyətlər həyata keçirirlər. Təbii ki, boşluqlar, problemlər də yetərincə mövcuddur. Zamanla onların da həll olunacağına ümid edirəm. 

- Lazım olduqda bir amal uğrunda bir araya gələ bilirlərmi?

- Bu suala cavab verərkən əminliklə danışmaqda çətinlik çəkirəm. Düşüncələr müxtəlifliyi, baxış nöqtələri hər kəsdə fərqlidir, lakin son illərdə müşahidə etdiyim qədərilə milli məsələlərdə, ölkənin önəmli zamanlarında gənclər də, icma nümayəndələri də birləşib, yumruq şəkilində ümumi maraq və cəmiyyətin inkişafı uğrunda birlik nümayiş etdirə bilir. Lakin, son zamanlar azərbaycanlı gənclərin təşkilatlanması istiqamətində müəyyən boşluqlar mövcuddur, bu səbəbdən tam olaraq istədiyimiz amala yetərincə çata bilmirik. Düşünürəm ki, burada yaşayan azərbaycanlı gənclər hər zaman birliyə meyilli və həmrəylik nümünəsi ola biləcəklər. 

- II Qarabağ döyüşlərində Gürcüstan vətəndaşlarının reaksiyaları necə oldu? Hansı fikirləri səsləndirirdilər? 

- Qarabağın azadlığı uğrunda gedən prosesləri hər bir azərbaycanlı kimi biz də böyük həyacan, qürur və səbirsizliklə izləyirdik. Xalqımız illərdir ki, bu ağrı, acı və ədalətsizliyə dözür, bu yara, tökülən qanlar, hər zaman ürəyimizdə sızlayardı, lakin heç bir zaman bir gün hər qarış torpağın qayıdacağına heç kəsin şübhəsi yox idi. Ali Baş Komandanımız cənab İlham Əliyevin və müzəffər ordumuzun sayəsində biz qələbə sevincini yaşadıq. Bu döyüşlər zamanı biz bütün dünyaya xalqımızın necə vətənpərvər olduğunu göstərmiş olduq. Bir nəfər kimi döyüşə həvəs və yüksək ruhla qatılan gənclərimiz bizdə böyük həvəs yaratdı. Gürcüstan cəmiyyəti də döyüşləri həyacanla izləyir, haqqın ədalətin tərəfində olduğunu bəyan edirdi. Bu qələbə dünyada işğalçılıqdan əziyyət çəkən hər bir ölkə və xalq üçün bir ümid, ədalətə inamın işarəsi idi. Gürcüstan da illərdir işğaldan əziyyət çəkən ölkədir və gürcü xalqı hər zaman Azərbaycanın sevincinə və acısına dəstək olub. Sadə vətəndaşlar hər zaman Azərbaycanın haqq savaşını dəstəkləyir.

 - Bu dönəmdə Gürcüstanda yaşayan azərbaycanlılar həmrəy olmağı bacardımı?

 - Əlbəttə ki. Hətta qeyd edim ki, tək II Qarabağ döyüşündə deyil, digər məsələlərdə də gənclərimiz bir araya toplaşır və Azərbaycanın haqq səsini bəyan ediblər. Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının tanıdılması istiqamətində illərdir ki, çalışırıq. 15 ilə yaxındır ki, bu sahədə müəyyən fəaliyyətlər edirəm, bir şey əminliklə deyə bilərəm ki, başqa sahələrdə bəzən çatışmamazlıqlar, anlaşılmamazlıqlar olsa da, milli məsələlərdə, qan yaddaşımızla bağlı hər hansı addım atmaq lazım olduqda biz yumruq kimi birləşib, öz haqq səsimizi çatdırmaq üçün həmrəy ola bilirik. Eyni zamanda II Qarabağ savaşı zamanı da istər gənclər, istər icmanın digər üzvlərinin hər biri boş oturmadılar. Cəmiyyəti məlumatlandıraraq, müəyyən dinc aksiyalar, yürüşlər təşkil edərək orduya həm mənəvi, həm də maddi dəstəyimizi göstərdik. İnandırım sizi ki, işğaldan azad olunmuş ərazinin, torpağın xəbəri alınan kimi hər ailədə sevinc, bayram abu- havası yaşanırdı. Şuşanın işğaldan azad olunan gün isə hər yanda toy, bayram,şənliklər, qurbanlar kəsilirdi. Çünki biz bu qələbəyə ac idik. İllərdir ki, bugünün həsrətini çəkmişik.  Mən bu qələbə münasibətilə bütün xalqımızı və bizim üçün sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm, bu sevinc bizə qan bahasına yaşadıldı. Allah hər bir şəhidimizin ruhunu şad etsin, əməyi keçən hər kəsin qarşısında baş əyirik. Allah bizə birdə torpaq acısı nəsib etməsin. Gürcüstanımızın da ərazi bütövlüyü tezliklə təmin edilməsi ümidi ilə sülh və əmin amanlıq içərisində yaşamağı nəsib etməyi arzu edirik.  

Xəyalə Rəis