Marneulidə Xocalı Soyqırımına həsr olunan anım tədbiri keçirilib

Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib. GAXA-nın məlumatına görə, tədbir "Xocalı soyqırımından Şuşanın azadlığınadək" adlandırılıb. Tədbirdə Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd olunub, sonra Quran ayəsi oxunub.

Anım mərasimini GAİM-in icraçı direktoru Rafik Hümmət açaraq Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu və Xocalı Soyqırımının Xacalının özündə də qeyd olunacağını bildirib. Sonra o, sözü Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramova verib. Müşavir Xocalı Soyqırımının baş vermə səbəbindən, baş verən hadisənin “Xocalıya Ədalət kampaniyası” çərçivəsində təbliğ edilməsindən və yaddaşlara hopduğunu bildirib. E. Bayramov Gürcüstanda yaşayan azərbaycanlı gənclərin 44 günlük müharibədə cəsarətlə vuruşduğunu və şəhid olduqlarını bildirib.

Tədbirdə çıxış edən sabiq parlament deputatı, tarix müəllimi Mahir Dərziyev insanlığın, humanizmin düşmənlərinin törətdiyi vəhşilikdən danışıb. Sonra o, Gürcüstan-Azərbaycan dostluğunun müasir şəraitdə daha da inkişaf etdiyini bildirib. M. Dərziyev qeyd edib ki, Rusiya tərəfindn Gürcüstanın torpaqları da işğal edilib. Sabiq deputat həmçinin bölgədə olan sülh qarantından söhbət açıb.

Anım mərasimində Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə “Xocalı harayı” poemasından bir parçanı söyləyib.

Tədbir çərçivəsində çıxış edən bir çox ziyalılarımız Xocalı Soyqırımı və erməni vandalizminin indi də davam etdiyini, həmçinin onların istər gənclərə, istərsə də qadınlara qarşı zülm və vəhşi cinayət əməlləri törətdiklərini vurğulayıblar. Çıxış edənlər hələ də Xocalı Soyqırımına hüquqi qiymət verilmədiyini qeyd ediblər.

 Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidentinə, Ali Baş Komandana, yenilməz Azərbaycan Ordusunun igid və qəhrəman zabit və əsgərlərinə minnətdarlıq ifadə edilib.

Tədbirdə məktəblilər, ziyalılar və din adamları, QHT rəhbərləri, jurnalistlər, eyni zamanda Marneuli sakinləri iştirak ediblər.

GAXA.ge