MƏTBUATIMIZIN KLASSİKİ NƏSİR MÜƏLLİM

Martın 7-i görkəmli ictimai xadim, pedaqoq, jurnalist Nəsir İmanquliyevin anım günüdür. Azərbaycan mətbuatının və mədəniyyətinin inkişafına əvəzsiz töhfələr vermiş Nəsir müəllim uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs demişdir. O, Azərbaycan mətbuatı tarixində jurnalistika məktəbi yaratmış, gələcək jurnalistlərin formalaşmasında yaxından iştirak etmişdir. Nəsir müəllim “Bakı”,”Baku”qəzetlərinin redaktoru olduğu illərdə hər iki qəzeti tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına çevirən mətbuat fədaisi idi. O, günün nəbzini dəqiq tutan,tənqidi yazıları verməkdən qorxmayan redaktor idi.
Böyük həyat yolu keçmiş,mətbuatımızın siması olan Nəsir müəllim birinçi kursda “Jurnalistikaya giriş”fənnindən mühazirə oxuyar, jurnalistikanın cəmiyyətdəki rolunu tələbələrə aşılayardı.
Azərbaycan mətbuatının digər cəfakeşi, mətbuat tariximizin yorulmaz tədqiqatçısı Şirməmməd Hüseynov Nəsir müəllim haqqında deyirdi ki, əgər bu gün universitetin Jurnalistika fakültəsində işgüzar atmosfer, tələbkarlıq və düzlük, xeyirxahlıq və səmimiyyət varsa, bu keyfiyyətləri yaradan və miras qoyanlardan biri də məhz Nəsir İmanquliyev olub.
Qətiyyətlə deyə bilərəm ki, Nəsir müəllim mətbuat üçün doğulmuşdu. Günün çoxunu redaksiyada keçirərdi.Redaktor kimi onun fəaliyyəti göz qabağında idi. Övladı kimi sevdiyi “Bakı”, ”Baku” qəzetlərinin redaktoru olmaqla yanaşı ,bir müəllim kimi mühazirə oxumaqdan zövq alırdı.
Bir dəfə məni redaksiyaya dəvət etmişdi. Onda mən yenicə fakültəni bitirib, müəllimim Nurəddin Babayevin məsləhəti ilə kafedrada laborant işləməyə başlamışdım. Məni, redaksiyada işə götürmək istəyirdi. Düzü, bu xeyirxah təklif məni çaşdırdı,bilmədim nə deyəm. Bir anlıq tərəddüddən sonra eyni kafedrada işləyəcəyimizi dedim.
Kafedrada işə başlayandan sonra Nəsir müəllimlə əlaqəm daha ardıcıl oldu. İş elə gətirdi ki,onun tədris etdiyi “Jurnalistikaya giriş” fənnindən məşğələləri mənə tapşırdılar.
Nəsir müəllim tələbələrə övladı kimi nünasibət göstərirdi. Deyirdi: hər bir tələbə mənim üçün qiymətlidir. İstedadlı, bacarıqlı, təvazökar olanlar isə xüsusilə! Dəfələrlə onun şahidi olmuşam. Bir hadisəni yada salım. Nəsir müəllim birinci kursda imtahan qəbul edirdi. Mən də assent idim. Bir anlığa bayıra çıxmışdım ki, xəbər gəldi Nəsir müəllim çağırır. Getdim. Qarşısında arıq bir tələbə oturmuşdu. Dedi ki, bu tələbəyə “əla” qiymət yazmaq istəyirəm, imkan vermir, deyir “yaxşı” yaz. Mən tələbənin qiymət kitabçasına baxdım, əvvəlki qiymətləri də “əla” idi. Soruşdum, niyə razı deyilsən, Tələbə “mən “əla”ya danışmadım, “yaxşı”mı yazın gedim” dedi. Onu bayıra çıxardım. Nəsir müəllim sözünün üstündə durdu, qiymət kitabçasına “əla” yazdı. Və dedi ki, bu tələbənin analitik təfəkkürü var, cavabları məntiqlidir, hadisələrə qiymət verməyi bacarır, pozulmasa gələcəkdə yaxşı jurnalist ola bilər. Nəsir müəllim yanılmamışdı.
Nəsir müəllim dərs dediyi, ümid verdiyi tələbələri “Bakı”qəzetinə işə cəlb edər, onların uğurlarına sevinərdi. Vaxtilə işə götürdüyü şair, publisist Famil Mehdi sonralar kafedranın müdiri olur. Yaxşı yadımdadır, kafedranın iş planına əsasən Nəsir müəllimin açıq dərsı olmalıydı. Famil müəllim müdir kimi dərsdə oturmağı lazım bilmədi. Dedi ki, hamıya dərs deyən, qəzetin nəzəri və praktiki məsələlərini bizə öyrədən müəllimin dərsində oturmaq ayıbdır.
Aramızdakı yaş fərqinə baxmayaraq çox yaxın olmuşuq. Dekan olduğumdan həmişə səhər tezdən fakültəyə gəlirdim. Nəsir müəllim də birinci saatda dərsi olduğundan tez gəlirdi, heç vaxt gecikməzdi. Zəngə kimi oturub müxtəlif mövzularda söhbətləşərdik. Bir gün fakültəyə məndən də tez gəlmişdı. Özü də, kefsiz idi. Onu heç vaxt belə görməmişdim. Qızı Aida xanımın xəstəliyi onu sarsıtmışdı. Kövrəldi, gözləri doldu, ürək-dirək verdim. İlk dəfə idi ki, dərsi mənə tapşırıb getdi. Xeyli müddət dərsə gələsi olmadı. Razı olmadım xəstəlik kağızı gətirsin, dərsləri özüm deyəsi oldum. Maaşını vaxtlı-vaxtında alıb bir tələbədən hamımızın yaxşı tanıdığı İlqar Rısulla evinə göndərirdim. Özüm də ara - bir vaxt tapıb baş çəkirdim.
Bu, mənim ustad müəllimə böyük hörmətim, sayğım idi. Ayrı cür də ola bilməzdi. İtalyan filosofu Raulo Ruffini əsl müəllim haqqında deyir ki, müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər. Nəsir müəllim də ömrünün sonunadək öz yetirməlırinə işlq bəxş etdı.
Nəsir müəllimi xatırlayanda həmişə xoşagəlməz bir hadisə yadıma düşür. Keçən əsrin doxsanıncı ilin əvvəlləri idi. Fakültəyə yeni dekan seçilmişdim. Ölkədə vəziyyət çox gərgin idi. Bu da Ermənistanın Azərbaycana təcavüzü ilı bağlı idi. Rektorluğun yığıncağının birində o vaxtkı rektor məni ayağa qaldırıb ağsaqqal müəllimlərimiz-Nəsir İmanquliyevlə, Seyfulla Əliyevin işdən azad olunması barədə təqdimat yazmağı tapşırdı. Və dedi ki, sabahkı yığıncağa təqdimatla gəlim. Rektor onların hər ikisinin yaşlı olmasını əsas gətirirdi. Təklif məni çıxılmaz vəziyyətdə qoydu. İçlas qurtardı, kor-peşiman fakültəyə deyil, evə gəldim. Səhərə kimi yata bilmədim. Növbəti iclas başlayan kimi məni ayağa qaldıdı.Təqdimatı soruşdu. Dedim hər iki müəllim mənim müəllimlərimdir, belə bir təqdimat yazmaq mənim üçün ağırdır. Rektor əsəbi halda get yaz gətir deyib qapını göstərdi. Otağıma gəldim. Nələr çəkdiyimi bir o Allah bilir. Özümün dekan vəzifəsindən azad olunmağım haqda ərizə yazdım. Rektor məni kabinetinə dəvət edib çox təmkinlə soruşdu, niyə yazmırsan, nədən çəkinirsən, belə məsləhətdir. Soruşdum bu məsləhəti kim verib. Əsəbləşdi, get, yaxşıca fikirləş sənə bir həftə vaxt verirəm dedi.
Nə başınızı ağrıdım, dirəndim, axıra kimi yazmadım. Hadisədən xəbərdar olan Nəsir müəllim, indi olmasın məni qucaqlayıb dedi ki, bütün bunlar mənim başımdadır, çalış Seyfulla müəllim qalsın, mən getsəm də olar, iki qəzetin redaktoruyam, səni işdən çıxarda bilər. Narahat olma dedim, müəllimlikdənki çıxarmayacaq.
Mən sadəcə öz vicdanlıq borcumu yerinə yetirdim. Hər iki müəllimin işdən azad olunmasına imkan vermədim. Mənə elə gəlir ki, müllimə hörmət qoyan hər kəs belə hərəkət edərdi. O günləri xatırlayanda deyirəm nə yaxşı bəzi insanların sözünə qulaq asmadım. Yoxsa indi müəllim həmkarlarımın üzünə, necə baxardım.
PS. Rektorla universitetin ikinci korpusunda rastlaşdıq. ”Akif sən o vaxt düz hərəkət etdin, mən səhv etdim” deyib yoluna davam etdi. İndi o nə rektordur (dünyasını dəyişib), nə də mən dekan.
Allah müəllimimə rəhmət eləsin!
Məkanı nurla dolsun!

AKİF RÜSTƏMOV,
filologiya üsrə fəlsəfə doktoru, professor.
GAXA.ge