Gürcüstanda yazıb-yaradan görkəmli jurnalist, Gürcüstanın Əməkdar Mədəniyyət işçisi Süleyman Süleymanov mayın 5-də anadan olub
Süleyman Məhəmməd oğlu Süleymanov
1935-ci il mayın 5-də Gürcüstanın Marneuli
rayonunun Kürdlər kəndində anadan olub. O,
Marneuli Pedaqoji Texnikumunu və 1960-cı ildə
Tiflis Dövlət Pedaqoji İnstitutunun Azərbaycan
dil-ədəbiyyat və tarix fakültəsini bitirib.
S.Süleymanov 1962-ci ildə Marneuli Rayon
Komsomol Komitəsinin birinci katibi vəzifəsinə
seçilib. 1964-cü ildən həmin rayonun partiya komitəsində təlimatçı,
təbliğat və təşviqat şöbə müdiri, təşkilat şöbə müdiri, rayon partiya
komitəsinin katibi vəzifələrində çalışıb, büro üzvü və dəfələrlə rayon
sovetinin deputatı seçilib.
O, 1972-ci ildən ömrünün sonunadək “Sovet Gürcüstanı” və
onun davamı kimi 1990-cı ildən “Gürcüstan” qəzetinin baş redaktoru
vəzifəsində çalışıb. 94 illik şərəfli tarixə malik olan “Gürcüstan” qəzeti
sovetlər dönəmində də, ondan sonra da Gürcüstanda anadilli mətbuat
işçilərinin yaradıcılıq mərkəzinə çevrilib, redaksiya isə bir sıra təşəbbüs
və başlanğıclarla fərqlənib, müəlliflik mükafatlarına layiq görülüb.
Onlardan biri- 1979-cu ildə qəzetin Moskvada Ümumittifaq Xalq
Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı kimi dörd nəfər yaradıcı
əməkdaşı sərginin bürünc və gümüş medalları ilə təltif olunub.
S.Süleymanov Gürcüstan KP MK- nın 23, 24, 25- ci qurultaylarında
Təftiş Komissiyasının üzvü, 1980-ci ildə Gürcüstan Ali Sovetinin deputatı
seçilib. 1981-ci ildə “Şərəf nişanı” ordeni, 1997-ci ildə Gürcüstanın
“Şərəf” ordeni ilə təltif olunub. S.Süleymanov Gürcüstan Ali Sovetinin
Fəxri fərmanı və Gürcüstan Əməkdar Mədəniyyət işçisi fəxri adlarina
layiq görülüb.
Qırx iki illik qəzet redaktoru vəzifəsini yerinə yetirmək dövründə
“Gürcüstan” qəzeti redaksiyası Gürcüstanda azərbaycanlıların ölkənin
fəal vətəndaşları olmaları, öz hüquq və vəzifələrini yerinə yetirmələri
sahəsində əsl məlumatlandırma mərkəzinə çevrilərək öz ətrafında yaradıcı qüvvələri toplayıb, milli varlığın, ana dilinin, mədəniyyətin,
vicdan azadlığının müdafiəsi sahəsində fəaliyyətini dayandırmayıb.
Qəzet redaksiyasının təşkilatçılığı ilə və S.Süleymanovun da həmmüəllifi
olduğu ”Gürcücə- Azərbaycanca lüğət işıq üzü görüb, Gürcüstan
tarixi, Gürcüstan coğrafiyası azərbaycancaya tərcümə olunub, müxtəlif
sözlüklər, danışıq lüğətləri, bukletlər, məktəblilər üçün vəsaitlər nəşr
olunub.
Onun rəhbərlik etdiyi “Gürcüstan” qəzetinin 50 illik, 60 illik, 75 illik,
90 illik yubiley tədbirləri Azərbaycandilli mətbuat bayramı səviyyəsində
qeyd olunub.
S.Süleymanov redaktor vəzifəsi ilə yanaşı 1992-ci ildə təsis edilən
“Gürcüstan Azərbaycanlıları İttifaqı”nın sədr olub. Dörd övlad atası, səkkiz
nəvə babasıdır.
2014-cü il uynun 26-da Tiflisdə vəfat edib, anadan olduğu Kürdlər
kəndində torpağa tapşırılıb.
Müəllif: Nizami Məmmədzadə, (Məmmədov) Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
AYB-nin üzvü, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri,
GAXA.ge

