Sabir Sadaxlı: Gecələr ulduzlar arasında pərvazlanan Nazim Əhmədli...
Sabir Sadaxlı: Gecələr ulduzlar arasında pərvazlanan Nazim Əhmədli...
Bir şair var – göylərin nəfəsi ilə danışan, yerin cazibəsinə boyun əyməyən bir ruh sahibi. Gündüzlər torpağın üstündə addımlayır, gecələr isə ulduzların arasında pərvazlanır. O şair – Nazim Əhmədlidir. Azərbaycan poeziyasını sözün ilahi qatına yüksəldən, misralarında öz ruhunun səsini eşitdirən nadir söz adamı...
Bu göy üzü çox qəlbidi,
ulduzlar da böcək-böcək;
bax, ürəyim quş kimidi,
toxunsan uçub gedəcək...
Onun yaradıcılığı heç kimə bənzəmir. Bu “göy adamı” zamanın sərhədlərini aşır, dövrlərin fövqündə dayanır. Bəzən zarafatla deyirəm: — Nazim, sən bu ədəbiyyata bir əsr gec gəlibsən... Gülümsəyir: — Mən min il sonra da gələcəyəm...
Elə bu sözlər onun mahiyyətini açır. Nazim yalnız bu günün yox, bütün zamanların şairidir. Onun sözü faniliyə yox, əbədiyyətə yazılıb.
Bu gün Nazim əfəndinin cismani doğum günüdür. Amma həqiqətdə o, minilliklərin yolçusudur – çoxdan bu dünyadadır, çoxdan göylərin sakini olub.
Əziz dostum, qardaşım, laməkan şair Nazim! Bu əlamətdar gün münasibətilə səni ürəkdən təbrik edirəm. Sənə ruhunun ucalığı qədər geniş səma, sözün qədər dərin ömür, sağlamlıq, xoşbəxtlik, şərəfli və uğurlu bir həyat arzulayıram.
Qoy sənin şeirlərin həmişə ulduzlar kimi parlasın, ruhun isə daim göylərdə olsun…
SABİR SADAXLI,
GAXA.ge

