Məkanın həmişə cənnət olsun, ruhun şad olsun, əziz Valeh müəllim!

Hörmətli və mənim üçün həmişə əziz insan olan Valeh müəllim bu dünyadan köçəndə o dəqiqə başa düşdüm ki, ömrümüzdən gözəl insanların yarpaq tökümü başladı. Çox heyfsləndim. O, mənimlə həmişə böyük qardaş kimi danışar və özünün qiymətli məsləhətlərini əsirgəməzdi. Həmin xeyirxah məsləhətlər yadıma düşəndə Valeh müəllim gözəl alim, gözəl şair, gözəl yazıçı kimi, gözəl insan olaraq gözümün önünə gələrdi. Hərdən mənə zəng edər, mənlə xeyli danışardı. Vaxtını çox apardığıma görə, bəzən ondan üzr istəyərdim. Tez etirazını bildirər və mənə müraciət edib böyük qardaş kimi məni danlayardı. Valeh müəllim haqqında, onun yaradıcılığı haqqında saatlarla danışaram. Ona ən ali ziyalıya yaraşan sözlər demək yaraşırdı. Mənim ürəyimdə Valeh müəllimə yaraşan sözlər hələ də daha da püxtələşir. Söz karvanım getdikcə çoxalır və folklor araşdırmalarım da onun toplayıb nəşr etdirdiyi mənalı kitablara oxşayır və mən də Borçalımızda bayatılarımızı toplamağa çalışıram. Sizi inandırım ki, vaxt olacaq ki, mən də görkəmli alimimiz Valeh müəllimin yolu ilə mətanətlə addımlayacam və ona oxşamağa çalışacam. Çox təəssüf edirəm ki, əziz və hörmətli Valeh müəllim bizlərə əlvida deyib haqq dünyasına qovuşdu! Yaxınlarına, övladlarına başınız sağ olsun deyirəm. Allah rəhmət eləsin, məkanın həmişə cənnət olsun, ruhun şad olsun, əziz Valeh müəllim!

Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti, AYB-nin üzvü

GAXA.ge