Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Türkiyə Respublikasının Gürcüstana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı ilə görüşüb

Cari ilin 8 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Türkiyə Respublikasının Gürcüstana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı ilə görüşüb.
Azərbaycan Respublikasının Səfirliyində səfir M.T.Arını salamlayan diplomat yeni təyinatı münasibətilə həmkarını təbrik etmiş və gələcək fəaliyyətində ona uğurlar arzu etmişdir.
Görüş zamanı səfir F.Quliyev həmsöhbətinə Azərbaycan və Gürcüstan arasında formalaşmış çoxşaxəli strateji tərəfdaşlıq münasibətləri, Azərbaycan kapitallı şirkətlərin Gürcüstan iqtisadiyyatına yatırdığı investisiya, icra olunmuş və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan, habelə regional xarakter daşıyan təşəbbüslər barədə məlumat vermişdir. Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə bölgədə həyata keçirilən iqtisadi layihələrin yalnız bu ölkələrin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun sosial-iqtisadi inkişafına və bölgədə sabitliyin möhkəmlənməsinə töhfə verdiyini qeyd edən diplomat, birgə həyata keçirilən regional layihələrin geosiyasi əhəmiyyətini vurğulamış və qardaş Türkiyə dövlətinin qeyd olunan üçtərəfli əməkdaşlığa verdiyi töhfələrdən söz açmışdır. Söhbət əsnasında səfir F.Quliyev bu üçtərəfli əməkdaşlıq münasibətlərinin daha da şaxələnəcəyinə olan inamını ifadə etmişdir.
Diplomat Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində mövcud vəziyyət və bu istiqamətdə atılan addımlardan bəhs etmiş, eyni zamanda regionda nəqliyyat-kommunikasiya xəttlərinin bərpasının region ölkələri ilə yanaşı daha geniş coğrafiyanın inkişafına müsbət təsir göstərəcəyini də həmsöhbətinin diqqətinə çatdırmışdır.
Öz növbəsində səfir M.T.Arı təbrik diləklərinə və qəbul üçün yaradılmış fürsətə görə diplomata təşəkkürünü bildirmiş, qardaş Azərbaycan Respublikasının Səfirliyindəki görüşdən məmnun olduğunu söyləmişdir. Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı ilə həyata keçirilən iqtisadi layihələr, o cümlədən Azərbaycan və Gürcüstan arasındakı münasibətlər barədə verilən məlumata görə səfir F.Quliyevə təşəkkürünü bildirən səfir M.T.Arı, Cənubi Qafqaz bölgəsinə dair fikirlərini bölüşmüşdür.
Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.