Tbilisidə M. F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib

7 aprel 2026-cı il tarixində GASU- Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin təşəbbüsü ilə Tbilisidə M. F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir təşkil olunmuşdur. GAXA-nın məlumatına görə, tədbirdə GASU üzvlərindən olan universitet tələbələri iştirak ediblər.

Tədbirin aparıcısı Emil Allahverdiyev çıxışı zamanı “Söz deyil — təsir: poeziyanın gücü” adlı təqdimatı ilə poeziyanın insan düşüncəsinə və emosiyalarına təsirindən bəhs etmişdir.

Tədbirdə çıxış edən "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov və "OXU Təhsil Mərkəzi"nin rəhbəri Murad Muradov tədbirin önəmindən və gələcək fəaliyyətlərdən danışdılar.

Proqram çərçivəsində Gülzadə İsayeva tədbirə Xalq şairi Səməd Vurğunun ilk şeiri ilə başlamış, ardından şairin ilk gənclik dövrü, yaradıcılığa başlaması və Azərbaycan mədəniyyətinə verdiyi töhfələr haqqında geniş təqdimat etmişdir.

Bağda Əliyeva Səməd Vurğunun Borçalı ilə əlaqələri haqqında təqdimat etmiş, Arzu Məmmədova isə Azərbaycan şeiri və Borçalıya həsr olunmuş poeziya nümunələri səsləndirmişdir.

Daha sonra Süleyman Novruzov tərəfindən Səməd Vurğuna həsr olunmuş videoçarx nümayiş olunmuş, Güllü Əhmədova şairin ailəsi haqqında təqdimat etmişdir.

Tədbirin interaktiv hissəsində iştirakçılar üçün müxtəlif fəaliyyətlər təşkil olunmuş, həmçinin Kahoot platforması üzərindən Səməd Vurğunun həyatı və bədii yaradıcılığı haqqında bilik yarışı keçirilmişdir. Qaliblərə həvəsləndirici mükafatlar təqdim olunmuşdur.

Tədbirin yekununda mütəmadi olaraq bu kimi mədəni tədbirlərin keçirilməsinə qərar verilmişdir.

GAXA.ge