DƏRYADAN BİR DAMLA...

Gözəl təbiətin mahir bir rəssam təki sehrli əlləriylə qələm çəkdiyi əsrarəngiz bir gözəlliyə bələnən, gözü, könlü oxşayan, havasıyla, suyu ilə bizə həmişə ləzzət verən qədim yurd yerimiz olan, axar-baxarlı Borçalı elində sazı, sözü, musiqini sevməyən tapılmaz. Bu eldə aşıq sənətinin neçə-neçə ustad sənətkarı yetişib. Burda hər ocaq başında saz dilə gəlir, söz deyilir, körpələrə beşik başında sazla layla çalınır. Borçalı camaatı biney-başdan saza, sözə həvəslidir. Ona görə də bu eldə ağır-ağır məclislər keçirilir, telli sazın sehrli səsi bir müddət hamını ovsunlayır.

Borçalıda aşıq sənətinin mahir bilicisi, azman sənətkarı Aşıq Əmrah Gülməmmədov sayılır. Hər məclisdə, hər toyda, yığıncaqda onun xüsusi yeri, çəkisi, sanballı yerişi, duruşu olub. Aşıq Əmrahın şirin-şirin kəlamları, tavar sazın xoş sədaları altında çaldığı qədim Borçalı havaları - «Mansırı», «Sultani», «Gülabi», «Bəhmani», «Rummi», «Yurd yeri», «Turacı», «Süsənbəri», «Gilanar» sazsevərlərin zövqünü oxşayar, hər adama doyunca ləzzət verərdi.

Aşıq Əmrah saz dünyasının sirrindən, sehrindən, cazibəliyindən hələ ki, doyan olmayıb. Harada oldumsa, kimlə söhbət etdimsə, bu saz dünyasının genişliyindən, rəngarəngliyindən, müxtəlif çalarlarından, bəzəksiz-düzəksiz əsl saz sənətindən ağızdolusu danışıldı.

Mən bir daha yəqin etdim ki, Aşıq Əmrahın saz dünyasının böyüklüyü ondadır ki, burda sazla-sözün hikməti birləşərək yeni dünya yaradaraq tamaşaçı qəlbinə hakim kəsilib.

Aşıq Əmrah böyükdür, ucadır, hər tazanə vurduqca o, xalqın gözündə daha yüksəklərə ucalıb, indi bilinmir ki, onun bu ucalığı haracandır. Bəlkə sonsuzluqdur, bəlkə bu çalğı aləti sehrdir, hikmətdir, mənadır, işıq sürətilə ucalan Allah vergisidir. Bəlkə aşıqlar da peyğəmbərlər kimi Allaha yaxın olan adamlardır, yoxsa, tut ağacından düzəldilmiş bir alətlə o boyda saz dünyasının xiridarı olmazdı Aşıq Əmrah.

Aşıq Əmrah öz dövrünə görə savadlı bir ziyalı idi. O, 7 yaşından mollaxanada oxumağa başlamış. 1921-ci ildən sovet məktəbində ərəb əlifbası ilə yeddiillik sinif bitirmiş, atası Paşa kişidən aşıqlıq sənətini öyrənmişdir.

1928-ci ildə püxtələşmiş bir gənc ikən o, məşhur Borçalı aşığı Məsim Yadigarova şəyird olmuş, kamil sənətkar kimi yetişərək Borçalı məclislərində çalıb-çağırmış, Azərbaycan şifahi xalq ədəbiyyatını daha da zənginləşdirmiş, folklorumuza nadir incilər - gəraylılar, müxəmməslər, divanilər, təcnislər, ustadnamələr bəxş etmişdir. Borçalıda, eləcə də bu obanın hüdudlarından çox-çox uzaqlarda aşıq sənətini dönə-dönə təbliğ etmiş, ustadları yaşatmış, yaddaşlarda dərin izlər baraxaraq özü də dillər əzbəri olmuş, ustad aşıq və mahir saz bilicisi kimi saz-söz qədri bilənlərin qəlbinə hopmuş, Borçalı ədəbi mühitinin və aşıq məktəbinin ən istedadlı nümayəndələrindən biri kimi məşhurlaşmışdır.

Aşıq Əmrah Gülməmmədovu Borçalı xalqı həmişə azman sənətkar kimi xatırlayır. O, elə bir aşığıydı ki, sənətə - aşıq havalarına qeyri-adi xallar artırmış, sazı 11 simli etmiş, 81 el havasını özünəməxsus sənətkarlıqla çalmışdır.

Aşıq Əmrah sənətinin qiyməti ondadır ki, o heç kimə oxşamağa çalışmamış, özü-özünə yeni bir cığır, iz açaraq geniş yollara qovuşmuş, bu yol ilə Gürcüstanı, Azərbaycanı, Dağıstanı, Moskvanı, Dədə Ələsgər yurdunu qarış-qarış gəzmiş, el-el, oba-oba dolaşaraq qədim saz sənətini yaşadaraq bu sənətin kamillik zirvəsinə ucalmışdır.

Aşıq Əmrah sənətinin gücü ondadır ki, o, özünü xalqa sevdirə bilmişdir. Onun ecazkar sənətinin gözəlliyi o dərəcəyə çatıb ki, saz Aşıq Əmrahla bir tarixləşib, doğmalaşıb. İndi sazla sözü əkiz tuturlar. İndi Əmrah adlı bir körpə böyüyür Dədə Əmrah ocağında. O, sazın telini-tel, bəmini-bəm, zilini-zil etməyi bacarır. Həyatda Allahın müdrikliyinə, uzaqgörənliyinə bax, ki, yenidən Dədə Əmrah ocağında ulu sazın səsi-sədası, zənguləsi gəlir.

Aşıq Əmrah sazın ecazkar dilini çox gözəl bilirdi. O, hər gün, hər dəqiqə bu sənətin dərinliklərinə qəvvas kimi baş vurur, tapdığı nadir inciləri məclis əhlinə bəxş edir, Azərbaycan şifahi xalq ədəbiyyatının qədim dastanlarını sənətkarlıqla xalqımıza çatdırırdı.

Aşıq Əmrah Gülməmmədov həm də ictimai işlərdə fəal çalışan şəxs kimi el-oba arasında hörmət-izzətə layiq görülürdü. Buna görə də, o, kənd Sovetində hərbi işçi, katib vəzifələrində işləmiş, Marneuli rayonunun İmir kəndində təşkil edilmiş Qırmızı Oktyabr kolxozuna sədr seçilmişdir. Sonralar, yəni 2-3 il keçdikdən sonra Aşıq Əmrah vəzifənin aşıq sənətiylə bir araya sığmadığını başa düşdükdən sonra, o, aşıqlıq yolunu seçmiş, el-oba məclislərində sərbəst aşıq kimi çalıb-çağırmış, neçə-neçə oğul-qızlarımıza toy etmiş, onların xoşbəxtlik dastanını yaratmışdır.

Ulu saz sənətinin mahir xiridarı olan Aşıq Əmrah Gülməmmədov heç vaxt zəmanədən kiməsə şikayət etməyi sevməzdi. O, bəzi aşıqlar kimi özündən deməyi xoşlamazdı. Borçalıda həmişə sevilmiş bu el sənətkarı diqqətli, qayğıkeş, təvazökar, sadə xasiyyətli, heç kimin heç vaxt xətrinə dəyməyən, heç kimi incitməyən, qeybət bilməyən və heç kimə həsəd aparmayan, şan-şöhrətli aşıq olsa da, şöhrət axtarmayan, əsl mə'nada böyük hərflərlə yazılmış İNSAN idi. O, sənətini diqqətlə öyrətdiyi şəyirdləri öz övladı qədər istəyirdi. Amma saza-sözə etinasız yanaşan şəyirdə qarşı amansız idi. O, mahir sənətkar kimi yetişdirdiyi gənc aşıqların üstündə əsirdi. Ona görə də özünə şəyird götürəndə onun biliyini, bacarığını, hansı yaddaşa malik olduğunu arayıb-axtarırdı. Hətta onun bu seçimi barədə el arasında baməzə söhbətlər, lətifələr dolaşmaqdadır.

Bax, beləcə sanalaya-sanalaya Aşıq Əmrah 15 şəyird yetişdirmişdir. Zaman ona öz ölüm hökmünü oxumasaydı, yəqin ki, ustad sənətkarın saz sənətinə, şifahi xalq ədəbiyyatımıza çox töhfələri olacaqdı. Heyif, indi onun o sehirkar barmaqları torpaqlar altındadır.

Eloğlumuz, istedadlı Xalq şairi Zəlimxan Yaqub yazır:

«Əmrah kişinin barmaqlarına günlərlə baxırdım ki, görüm, hansı xalı götürə bilərəm». Və Z.Yaqub öz-özünə sual verir ki, sənətkarlarımızın qiymətini vaxtında verə bilirikmi? Onların böyüklüyünü lazımınca dərk edirikmi? Milli şüurun inkişafında əvəzsiz xidmətləri olan, özümüzü-özümüzə tanıtdıran və tanıdan şəxsiyyətlərin xəzinəsindən lazımınca bəhrələnmək üçün arzu olunan səviyyədə iş görürükmü?

 

Min təəssüf!

Xeyr!

Xeyr!

Xeyr!

 Aşıq Kamandar deyirdi: «Heç bilirsiz Aşıq Əmrah kim idi? Dərya idi, dərya. Görkəmindən nur tökülürdü, müdriklik yağırdı. O dəryadan nə qədər götürsəydin, bitib-tükənən deyildi...»

 Doğrudan da sənətkarların, sənətin qədrini vaxtında bilməmişik. Nə qədər yazsaq da, axtarsaq da, Aşıq Əmrah kimi, Aşıq Hüseyn Saraclı kimi, Aşıq Kamandar kimi azman Borçalı aşıqlarını görməyəcəyik. Bircə təsəlli tapırıq: nə yaxşı ki, onlardan bizə saz havaları, gözəl şeirlər, divanilər yadigar qalıb. Onları arayıb, axtarıb gələcək nəslə ərməğan etmək lazımdır. Mən Aşıq Əmrah barədə «Saz Əmrahı axtarır» adlı kitab hazırladım. Bu, Aşıq Əmrah dəryasından bir damladır. Allah bizə yar oldu, kitab işıq üzü gördü. Geniş oxucu kütləsindən Aşıq Əmrahın saz və söz dünyası barədə xatirələrini, duzlu-məzəli söhbətlərini, bizdə olmayan aşıq poeziyası nümunələrini bacardığımız qədər topladıq, kimlər bizə dəstək oldusa, onlara təşəkkürümüzü bildiririk.

Bu dəryadan bir damla da götürsək, şifahi xalq ədəbiyyatımızı daha da zənginləşdirə bilərik. Folklorumuzu toplamaq, xalq ədəbiyyatımızı araya-ərsəyə gətirmək isə hər bir ziyalının mənəvi borcudur. Saz sənəti isə şifahi xalq ədəbiyyatımızın şah damarıdır, çünki o zamanın, dövrün sinəmizə topladığı dərdi-səri aləmə bildirir.

Xalq şairi O. Sarıvəlli demişkən:

Saz oyun deyildir, düşündüyün tək,

Onda «Kərəmi» var, onda «Cəngi» var,

Hər simdə bir əsrin həmahəngi var

Çağlayan hər ağ sim, inləyən avaz,

Bizə yadigardı əjdadımızdan.

Ellərin qəlbindən qopduğu zaman,

O bəzən yüksəlir, bəzən alçalır,

Hər pərdə bir dövrün dərdini çalır.

 Xatırladaq ki, görkəmli Borçalı aşığı 1913-cü ildə anadan olub və 1987-ci il martın 12-də vəfat edib və qəbri Marneulinin Axlımahmudlu kəndindədir. Aşıq Əmrah Gülməmmədov Gürcüstanda dəfələrlə fəxri fərmanlara, döş nişanları və medallara layiq görülüb. O, 1959-cu ildə Moskvada Azərbaycan Ədəbiyyat-İncəsənət ongünlüyündə iştirak etmiş, 1961-ci ildə Azərbaycan III Aşıqlar Qurultayının nümayəndəsi olub.


Nizami Məmmədzadə, Əməkdar jurnalist, 

AYB-nin üzvü

GAXA.ge