Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasını təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasını təbrik edib.
Təbrik bəyanatında deyilir:
“Müsəlman həmvətənlərimizi, gec də olsa, Ramazan bayramı və baharın gəlişi — Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm!
Bu il bu bayramlar ölkəmiz üçün çox ağır bir dövrə — bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya-nın vəfatı və milli matəm günlərinə təsadüf etdi.
Müsəlman icmasına səmimi başsağlığına, ortaq kədərimizi paylaşdıqlarına və bu günlərdə bayram tədbirlərini ləğv etdiklərinə görə xüsusi minnətdarlığımı bildirirəm. Biz bu qardaşlıq dəstəyini heç vaxt unutmayacağıq.
Məhz dar gündə də, xoş gündə də bir yerdə olmaq birliyimizin söykəndiyi möhkəm təməldir. Əsrlər boyu əcdadlarımız çiyin-çiyinə Gürcüstanın tarixini yaradıblar və biz də, bugünkü nəsillər olaraq, onun daha yaxşı gələcəyini birlikdə qururuq.
Zati-müqəddəsləri müsəlman icmasına hər zaman xüsusi hörmət və qardaşlıq sevgisi ilə yanaşırdı. O, qarşılıqlı hörmətin, dinc yanaşı yaşamanın və tolerantlığın canlı nümunəsi idi. Biz bu böyük irsin davam etdirilməsini ən başlıca vəzifəmiz hesab edirik.
Sizi bu böyük bayramlar münasibətilə bir daha təbrik edir, ailələrinizə sülh, cansağlığı və bərəkət arzulayıram!”
Həmçinin, Mixeil Kavelaşvili — Gürcüstanın Prezidenti,
Şalva Papuaşvili — Gürcüstan Parlamentinin sədri,
Kaxa Kaladze — Tbilisi şəhərinin meri,
Daur İsmayılov — Marneuli şəhərinin meri,
Koba Muradaşvili — Dmanisi şəhərinin meri,
David Şerazadişvili — Bolnisi şəhərinin meri,
Davit Qarqareteli — Qardabani şəhərinin meri
tərəfindən də müsəlman icmasına ünvanlanan bayram təbriklərinə və göstərilən diqqətə görə təşəkkürümüzü ifadə edirik.

