Tbilisidə Arif Hüseynovun “Novruz naxışları” adlı fərdi sərgisi açılıb
Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin qalereyasında “Şöhrət” ordenli Azərbaycan Xalq rəssamı, professor Arif Hüseynovun “Novruz naxışları” adlı ilk fərdi sərgisi açılıb. GAXA-nın məlumatına görə, sərgi haqqında Azərbaycan Televiziyasının Gürcüstan bürosunun rəhbəri Ruslan Həsənov bldirib. Onun sözlərinə görə, “Şöhrət” ordenli Azərbaycan Xalq rəssamı, professor Arif Hüseynovun “Novruz naxışları” adlı ilk fərdi sərgisi bayramı çərçivəsində təşkil olunan milli folklorumuz, zəngin mədəni irsimiz və müasir bədii ənənələrimiz əks etdirən ümumilikdə 20 yeni və klassik əsəri nümayiş olunur. Sərgi Tbilisi tamaşaçıları üçün tanınmış ustadın yaradıcılığı ilə yaxından tanış olmaq baxımından unikal imkan yaradır.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iki ölkə arasında mədəni əlaqələrin inkişafından danışıb. Səfir qeyd edib ki, əsrlər boyu formalaşan Azərbaycan–Gürcüstan münasibətləri bu gün də uğurla inkişaf edir.
“Azərbaycan–Gürcüstan arasında əsrlər boyu mövcud olan mədəni, iqtisadi və siyasi əlaqələr bu gün də uğurla inkişaf edir. Bu sərgi milli adət və ənənələrin təbliği, həmçinin iki ölkə arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Tbilisi tamaşaçıları rəssamın əsərləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər,” – deyə səfir Faiq Quliyev vurğulayıb.
Onun sözlərinə görə, belə tədbirlər milli adət və ənənələrin təbliği, eləcə də iki ölkə arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Xalq rəssamı Arif Hüseynov isə bildirib ki, Tbilisidə keçirilən sərgi Novruz bayramına həsr olunmuş ilk irimiqyaslı layihələrdən biridir.
Rəssamın sözlərinə görə, sərgidə Novruz adət-ənənələrini əks etdirən müxtəlif mövzulu əsərlər təqdim olunur. Bu əsərlərdə dörd çərşənbə, qulaq falı, bayram süfrəsi və digər Novruz atributları bədii şəkildə təsvir olunub.
Arif Hüseynov qeyd edib ki, sərginin əsas məqsədi Novruz bayramının ruhunu və xalqımızın qədim ənənələrini tamaşaçılara çatdırmaqdır.
Sitat: Bu gün ilk dəfə Gürcüstanın paytaxtı Tbilisidə mənim ‘Novruz naxışları’ fərdi sərgim açılır. Burada Novruz bayramına aid olan adət-ənənələr həsr olunmuş əsərlər təqdim olunur. Qulaqfalı, dörd çərşənbə, xanımların şəkərbura bişirməsi kimi motivlər əsərlərdə əks olunub. Məqsədim bu qədim bayramın ruhunu həm Azərbaycanda, həm də Tbilisidə tamaşaçılara çatdırmaqdır,” – deyə rəssam bildirib.
Bakı Rəsm Qalereyasının rəhbəri və Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldəniz Babayev bildirib ki, sərgidə nümayiş olunan əsərlər xüsusi texnika ilə hazırlanıb.
Onun sözlərinə görə, Arif Hüseynov əsasən qrafika ustası kimi tanınsa da, bu sərgidə ilk dəfə olaraq kətan üzərində qarışıq texnika ilə işlənmiş əsərlər təqdim olunur.
Burada nümayiş olunan əsərlər özünəməxsus texnologiya ilə hazırlanıb. Arif müəllim əsasən qrafika üzrə tanınır, amma sərgidə ilk dəfə kətan üzərində qarışıq texnika tətbiq olunub. Tbilisidə yaşayan soydaşlarımız və qonaqlar bu sərgidən məmnun qalacaqlar,” – deyə Babayev bildirib
“Bu sərginin təşkilinə dəstək verən qurumlara xüsusi təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gürcüstanın Mədəniyyət Nazirliyi, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR, həmçinin İtaliyada fəaliyyət göstərən “Mandrili” qalereyasının nümayəndəsi Ferda xanım bu layihəyə böyük dəstək göstəriblər.
Eyni zamanda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin rəhbəri Leyla xanım Əliyevaya xüsusi təşəkkür edirəm. O, sərginin təşkilində böyük əmək sərf edib və bizə bu məkanda əsərləri nümayiş etdirmək üçün hər cür şərait yaradıb.”
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva isə qeyd edib ki, Novruz bayramı ərəfəsində belə bir sərginin Tbilisidə keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Sitat: “Mənim üçün böyük şərəfdir ki, Arif müəllim Hüseynovun əsərlərini Tbilisidə nümayiş etdiririk. Novruz bayramı ərəfəsində belə bir sərginin təşkili həm Azərbaycan, həm də Gürcüstan ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyır,” – deyə Leyla Əliyeva əlavə edib.
Sərgi Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirlikləri, Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, “Palazzo Mandrili–Azərbaycan–İtaliya” qalereyası və Bakı İncəsənət Qalereyasının dəstəyi ilə təşkil olunub.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Bolnisi şəhərində yerləşən Bolnisi Muzeyində Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində hazırladığı əsərlərdən ibarət sərgi də təqdim olunmuşdu.
“Novruz naxışları” sərgisi bir həftə davam edəcək. Bu müddətdə Tbilisi sakinləri və şəhərin qonaqları rəssamın Novruz ənənələrindən və Azərbaycan mədəniyyətindən ilhamlanan əsərləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Ruslan Həsənov, Azərbaycan Televiziyasının Gürcüstan bürosunun rəhbəri
GAXA.ge

