GÜRCÜSTAN BİZİM ÜMUMİ EVİMİZDİR ...
Həm dost, həm də yad bilməlidir ki, bizim üçün əqidə prinsiplərimizlə yanaşı, yaşadığımız ölkənin qanunları və dövlətçilik maraqları da əsas prioritet təşkil edir və bu belə də olmalıdır. Milli və dini mentalitetimiz bizə duzunu yediyimiz qabı sındırmağı öyrətməyib.
Biz, Gürcüstan azərbaycanlıları, tarixən və ən kritik vaxtlarda Gürcüstan dövlətçiliyinə canımız və qanımızla bağlı olduğumuzu sübuta yetirmişik. Biz bunu böyüklərimizdən belə görüb-götürmüşük. Unutmayaq ki, biz XVIII əsrdə yadellilərin doğma şəhərimiz Tiflisə hücumu zamanı Gürcü qardaşlarımızla çiyin-çiyinə vətənimizin keşiyində dayanan Seyidabad Seyidlərinin, Gürcüstan dövlətçiliyinin sadiq dostu və patriotu Xudu Borçalının və tarix boyu ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş qəhrəman əcdadların nəvələriyik.
Buna görə də yaşadığımız vətənin dövlətçilik maraqlarının keşiyində dayanmaq bizim üçün mental dəyər məsələsidir.
Kim bunun əksini düşünür və ya əksinə davranacaqsa, el dilində deyildiyi kimi — altda qalanın canı çıxsın.

