Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirildi.
“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.
Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciətləri nümayiş olundu.

