Xaləddin Yolçuyev: Gürcüstanda yaşayan azərbaycanlıların dilimizi qoruyub-saxlaması millətimizin böyüklüyüdür
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin qorunması barədə etdiyi çağırış Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən böyük məmnuniyyətlə qəbul olunub və bu, ana dilimizin qorunmasına daha böyük məsuliyyətlə yanaşmanı təşviq edir.
GAXA-nın məlumatına görə, bu barədə AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizova Azərbaycan dilində nəşr edilən yeganə dövlət qəzeti olan “Gürcüstan”qəzetinin baş redaktoru, bu ölkənin Əməkdar jurnalisti olan Xaləddin Yolçuyev bildirib.
Onun sözlərinə görə, dil dünyada yaşayan hər bir millətin varlığını əks etdirən, onun hansı millətə mənsub olduğunu və kimliyini göstərən, insanları birləşdirən, soy kökləri ilə yaşayıb-yaratmağa çağıran, millətinin maddi, mənəvi irsini qoruyan və inkişaf etdirən, insanların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayan ən mühüm və güclü vasitədir. “Azərbaycan dili qədim tarixi olan böyük millətin, xalqın dilidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda bir-birimizlə ünsiyyət qurduğumuz bu dil əsrlər keçməsinə baxmayaraq, ulu babalarımızın danışdıqlarından fərqlənmir. Azərbaycan dilini xarici dillərin təsiri altına düşməkdən qorumalı, onun özünəməxsusluğunu, saflığını, zənginliyini qoruyub-saxlamalıyıq”, - deyə o vurğulayıb.
Əməkdar jurnalist deyib ki, Azərbaycanda bu dilin dövlət dili olaraq yaşaması, inkişaf etdirilərək zənginləşdirilməsi, xarici kəlamlardan qorunmasının təmin edilməsi, xalqa sevdirilməsi üçün hər cür şərait var: “Ana dilinin yaşadılması, qorunub-saxlanılması və inkişaf etdirilməsi ibtidai sinifdən başlayaraq, orta məktəbi bitirənə kimi keçirilən tədrisdən və hər bir ailədə ona göstərilən münasibətdən asılıdır. Ana dilini sevdirmək üçün hər bir valideyn məsuliyyəti dərk etməli və övladlarına Azərbaycan dilində təmiz, səlis danışmaqda, onu mükəmməl öyrənməkdə yardımçı olmalıdır. Azərbaycan dilinin qorunması xalqın aparıcı qüvvəsi olan ziyalılarımızdan, şair, yazıçı və jurnalistlərimizdən, eyni zamanda digər qələm sahiblərimizdən asılıdır”.
Xaləddin Yolçuyev diqqətə çatdırıb ki, Gürcüstanda yaşayan azərbaycanlılar bütün dövrlərdə bu və ya digər çətinliklərə baxmayaraq, dilimizi qoruyub saxlayıblar. “Bu, millətimizin böyüklüyüdür. Ona görə ki, ana dilimiz babalarımızdan bizə miras qalan əmanətdir. Gürcüstanda ana dilimizin mükəmməl dərəcədə qorunub-saxlanılması üçün bu ölkədə fəaliyyət göstərən azərbaycandilli məktəblər və “Gürcüstan” qəzeti öz imkanları daxilində səy göstərir. Bundan başqa, Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dilini mükəmməl öyrənmələri prosesində Azərbaycan mediasından, bədii kitablardan da bəhrələnirik”.
Baş redaktor bildirib ki, 2022-ci ildən “Gürcüstan” qəzetində “Dilimizi daha yaxşı öyrənək” rubrikasında “ Azərbaycan dilinin izahlı lüğəti”ndən sözlərin ətraflı izahı verilir ki, bu da oxucular tərəfindən müsbət qarşılanır.
GAXA.ge

