Zəlimxan Yaqub: Müqəddəs torpağa hələ nə demişəm ki...
Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür...
... Eşidəndə ki, xalq şairi Zəlimxan Yaqub Kəpənəkçiyə-öz elinə, obasına gəlib, elə sevindim ki... Ustad sənətkar Aşıq Məhəmməd Sadaxlıya zəng edib, Kəpənəkçiyə-şairi ziyarətə yollandıq. Şair Almaniyadan yenicə qayıtmışdı. Almaniyalı həkimlər ona kənd havasını, xüsusi ilə Borçalı dağlarının havasını udmağı, ana torpağın sinəsində gəzməyi məsləhət görmüşdülər. Həmin gün bizi şairin özü qarşıladı. Əhval-ruhiyyəsi gözəl idi. Aşıq Məhəmmədi görən kimi elə qardaşım Çingizlə sizdən danışırdıq, ustad! - dedi.
Şairlə görüşdən sonra söhbətə başladıq. Saz köynəkdən çıxdı. Aşıq Məhəmməd doyunca çalıb, çağırdı. Lakin doydum deyən olmadı. Fürsətdən istifadə edib şairlə şəkil də çəkdirdik. Bir neçə sualıma da cavab verdi hörmətli şair. Onu kiçik ixtisarla oxuculara təqdim edirəm.
- Zəlimxan Yaqubun ustadlara məxsus əla saz çalmağı və kövrək-kövrək oxumağı var bu nədəndir?
- Vaqif ilə Vidadinin deyişməsini yadına sal.
Deyir:
Ağlamaq ki, vardı mərhəmətdən də
hər şeydən eyləyib qubar ağlarsan.
Ağlamaq dərdin əlamətidir. Ağlamaq dünyanın yükünü daşımağın əlamətidir. Kövrəklik şairliyin birinci şərtidir. Adam var ki, yeddi dəfə söz deyərsən, bir dəfə vecinə almaz. Şairə bir söz deyərsən, yeddi qatından keçər. Yaradıcı insanın birinci mərifəti onun kövrəkliyindədir. Kövrək adam mərhəmətli olur, həssas olur, incə olur, zərif olur. Qarşıdakı adamlara ehtiramla yanaşır. Həmişə o olan yerdə ab-hava gözəl olur. Qəmin ləngəri ağırdır, kövrəkliyin meydanı ayrıdır. Onun özü bir poeziyadır, bir şeiriyyətdir. Ona görə mənim 40-dan çox kitabımın şah damarında bir kövrəklik var. Çünki şair kimi tale məni bu dünyaya yoğurub gətirəndə qəmnən gətirib, sevinc ilə yox. Gözümü açıb mən yaş görmüşəm, anamın gözünün yaşını görmüşəm. Onun bayatılarını, ağılarını dinləmişəm. Ona görə də mənim bir Borçalıda doğulan şair kimi sazla sözü birləşdirməyim də ondan gəlib. Çünki Borçalı havaları bütövlükdə kövrəklik heykəlidir. “Zarıncı”, “Bəhmənı”, “Daşanqulu öğlu”, “Mixəyi”, “Sultanı” və s. havaların hamısı kövrək havalardır. İndi dillər əzbəri olan şeirlərimin hamısını saz yazıb. İndi desəm yerinə düşər. Bayaq istədim onu saz havasında oxuyam, gördüm halım yoxdur. Almaniyada çox ağrılı vaxtlarımda yazdığım bir şeirdə deyilir ki,
Mənim də ağrıma Eyyub səbr versin,
Eyyub bədəninə qurd verən Allah.
Mənimdə yuvama sağ gözünnən bax,
Qurda da, quşa da yurd verən Allah.
Eşqin bağçasından dərim barımı,
Tapım dərgahımı, öpüm yarımı,
İki yox, dörd elə qanadlarımı,
Müqəddəs kitabımı dörd verən Allah.
Qarşında dayanan quldu, bəndədi,
Hələ can çıxmayıb, ruh bədəndədi,
Bu gün Zəlimxanın gözü səndədi,
Göndər dərmanını dərd verən Allah.
Məni Borçalı sənətkarları, bu gün bizimlə oturan ustad aşıq Məhəmməd Sadaxlı, adını çəkdiyim, Əmrah, Kamandar, Hüseyn Saraşdı, Ziyəddin kimi - o böyük aşıqlar kövrək olmağı öyrədiblər. Onların hamısının gözünün yaşı ovcunda idi. Onlar saz havalarını oxuyanda öz taleyini oxuyurdu, Borçalının taleyini oxuyurdu, özünə ağlayırdı, Borçalıya ağlayırdı. Çünki zaman-zaman əzilmişik, didilmişik, parçalanmışıq, bölünmüşük. Nə orda oralıq olmuşuq, nə burda buralıq olmuşuq. Bax saza vurğunluğum bu mühitdə məni kövrək edib. Kövrək olmayan adamdan şair olmaz, bu mümkün deyil.
Peyğəmbər nurundan kimlərə pay verib?
- Quranda “Şairlər” surəsi var. Onu Nizami özünün “Sirlər xəzinəsi” poemasında daha poetik işlədib ki, səfin önü, arxası nə zaman düzəldi. Sonra qabağa peyğəmbərlər, sonra şairlər gəldi. Peyğəmbər nurundan kimlərə pay verib? Allah adamlarına, eşq adamlarına, ilahinin dostlarına, sevənlərə, sevilənlərə, Allaha-Qurana tapınanlara, sözü müqəddəs bilənlərə, sözün əsl mənasında Allahdan payı, İlahidən sovqatı olanlara peyğəmbər öz nurundan pay verib. Fikir verirsinizmi, el arasında, xalq arasında yaxşı bir adam olanda deyirlər ki, filankəs peyğəmbər kimi adamdır. Bax, ona peyğəmbər nurundan pay verib. Yəni adamlar var ki, görəndə saatlarla, on günlərlə onlardan ayrılmaq istəmirsən. Allahın nuru, peyğəmbərin nurundan bir parçadır, ondan ayrılmaq istəmirsən. Nə qədər yer üzündə saçından dırnağına qədər sevən-sevilən, əqidəsini, etiqadını dəyişməyən, Tanrıya bağlı olan, kökü torpaqda olan adamlar var, onların hamısı peyğəmbər nurundan pay almış adamlardır. Bu söhbəti, təkcə bu sualı on gün danışaram, qurtarmaz. Çünki bu çox zəngin sualdır. Əhli ürfan dünyasının sualıdır. Buna görə də kimdə peyğəmbərdən bir əlamət varsa, onun özü də elə peyğəmbər kimi bir adamdır.
- Məncə elə o məhəbbətdən sizin sinənizdə “Peyğəmbər” poeması yaranıb.
-Şübhəsiz.
-Zəlimxan Yaqubun sazdan doyan günü olubmu?
-Heç vaxt mən sazdan doymamışam. Sazdan doydumsa, bilki onda Zəlimxan ölüb. Desələr ki, Zəlimxan sazdan doydu, bunu belə də demək olar, Zəlimxan ölüb. Çünki mən sazdan ancaq öləndə doya bilərəm. Niyə? Çünki yenə mənim nəinki aşıqların, xanəndələrin oxuduğu, insanların əzbərlədiyi şeirlər yox, ən iri həcmli poemalarım saz üstə yazılıb. Saz mənim dilimin duası, saz mənim bütün varlığım.
Gözəllər nazdan doğulub,
Çiçəklər yazdan doğulub,
Zəlimxan sazdan doğulub.
Sarıldığım sazdı mənim.
- Mən sazdan doğulmuşam. Bir adam mənə deyəndə ki, ünvanını ver, deyirəm neynirsən ünvanımı?
Əl atmaq nə lazım kağız-qələmə,
Heç kəsə demərəm yaz ünvanımı,
Kimə gərək olsa sözüm, söhbətim,
Ona göstərəcək saz ünvanımı!
- Saz Zəlimxan Yaqubun, Türk dünyasının, Azərbaycan xalqının, Borçalının birinci emblemidir, birinci nişanıdır, biz ona tapınırıq. Çünki saz deyiləndə nəyi nəzərdə tuturuq? Saz deyiləndə Dədə Qorquddan tutmuş bax, indi gördüyün ustad sənətkarımız Aşıq Məhəmməd Sadaxlıyacan yol gəlib. Nə qədər Dədələr varsa, onları Dədələşdirən saz olub. Dədə Qorqud, Dədə Qurbani, Dədə Abbas, Dədə Qasım, Dədə Ələsgər, Dədə Alı, Dədə Şəmşir, Dədə Əmrah...bunların hamısını Dədələşdirən saz olub. Ona görə sazla bağlı olan ustadlar mənim mənəvi Dədələrimdir. Bu, ölənə qədər də belə olacaq. Mənim yaddaşımda heş vaxt çaşqınlıq olmayıb. Saz məni çaşmağa qoymaz. Saz məni həmişə nizam saxlayır, yuxarıda saxlayır. On min adam olsun, on min şair olsun, yazıçı olsun, saz qoymaz mən çaşam! Saz qoymaz mən pəltəkləyəm. Mənim şeirlərim niyə bu qədər dillərdə yayılır. Çünki laylanın üstündədir, pərdənin üstündədir, ahəngin üstündədir. İndi aşıq özündən xəbərsiz oxuyur, aşıqdı təbi coşub deyir. Amma o oxuduqca xəbəri yoxdur ki, mən ondan nələri götürürəm. O havacat sənin varlığına hopur, buna görə sazdan doymaq qeyri mümkündür. Zarafat deyil, 65 ilimin 50 ilini sazın içindəyəm. Özü də elə kişilərin sazını çalmışam ki, elə kişilərlə üz-üzə oturmuşam-durmuşam ki, onlardan doymaq qeyri mümkündür. Bu ola bilməz. Mən iki adamı görmədiyimə görə, həmişə bir dəhşətli aclıq çəkirəm. Aşıq Sadıq Sultanovla Xındı Məmmədi görmədiyimə görə çox ağrı çəkirəm. Çünki bunlar çox böyük ustadlar olublar. İndi Zəlimxan onları da görsəydi, yəqin indikindən bir az da güclü olardı. Yəni bu gün Zəlimxan Yaqub adlı bir şair meydanda varsa, onun kökündə saz dayanır, sazı sinəsində gəzdirən ustad aşıqlar dayanır, Borçalı aşıqları dayanır. Bütün aşıqlara, ustadlara, min illər boyu saza şeirlər yazılıb. Amma saza ilk heykəli qoyan öz “Saz” poeması ilə Borçalıda doğulan şair olub.
... Zəlimxan Yaqub bir istəyini də bizə bildirdi. Dedi ki, əli qələmli mirzə istəyirəm ki, aşıqlarımızın başına gələn zarafatları, oyunları qələmə alıb oxuculara çatdıra.
O gün Xalq şairi xeyli kövrəlmişdi. Şair zarafatından da qalmırdı. O gün ustad sənətkarımız Aşıq Məhəmməd Sadaxlı, jurnalist Nizami Məmmədzadə üçün tarixə döndü. Şair vətən torpağının şirinliyini söylədi. Türkün böyüklüyünü dilə gətirdi. Bu yaşıl ağacın bizim olduğunu söylədi. Neçə dəfə gözəllərin gözündə dara çəkildiyini dilə gətirdi. Bu gün, sabah dünya bizim olacaq,dedi. Xalqın dilində danışdı Zəlimxan. “Müqəddəs torpağa hələ nə demişəm ki...”-deyə ürək sözlərini bizə də bildirdi. Nəhayət, ayrılıq dəmi gəldi. Şairlə, onun qardaşı, dostum Cingizlə səmimi görüşüb Kəpənəkçi elindən ayrıldıq. İlahi sanki bu elin təbii mənzərəsinə, könül oxşayan hüsnünə ürəkləri ilhama gətirən min bir rənglə qələm çəkmişdi. “Bu el, bu təbiət məni şair eyləyib,”- deyə şair bizə dedi. Yamyaşıl meşələr, gözəl çəmənlər bizə əl elədi. Salamat qal, gözəl Kəpənəkçi eli, Zəlimxan əmanəti deyib, Yel dağının sinəsi boyu dolama yollardan keçib Sarvana doğru üz tutduq... Amma bilmirdik ki, bir neçə il keçəcək və Zəlimxanı əmanət verdiyimiz dünya bizə vəfasız çıxacaq!...
Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, AYB-nin üzvü
P.S. Müəllifdən: "Böyük bir iş görməmişəm, sadəcə ürəyimdən keçənləri və Zəlimxan Yaqubun dediklərini ağ vərəqlərə köçürmüşəm. Böyük işi Zəlimxan Yaqub görüb. Odur əsl istedad, odur elin diliylə danışan şair, odur ürəkləri silkələyən istedad! Bir də ki, varlığıyla, deyimləriylə bizləri yaşadan hörmətli Xalq şairimiz! Allah sənə rəhmət elsin! Torpağın yüngül olsun! Sən bu dünya var olduqca yaşayacaqsan!
GAXA.ge

