31 Dekabr - Dünya Azərbaycanlılarının #Həmrəyliyi Günü və Yeni il münasibətilə xeyriyyə aksiyası keçirilib!

31 Dekabr - Dünya Azərbaycanlılarının #Həmrəyliyi Günü və Yeni il münasibətilə xeyriyyə aksiyası keçirilib!
“Azərbaycan Evi”nin və Azərbaycanın Gürcüstandakı Səfirliyi birgə təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xeyriyyə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində 200-dən artıq müxtəlif çeşiddə ərzaq məhsulu olan humanitar yardım paketləri aztəminatlı ailələrə, ahıl şəxslərə və xəstələrə paylanıb.
Sosial yardımın çatdırılmasında Gürcüstan Müsəlmanları İdarəsi, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəliyi, “Xarı Bülbül” xeyriyyə təşkilatı, Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və digər dini icma rəhbərləri iştirak ediblər.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov qarşıdan gələn bayramlar münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, bu əlamətdar günlərdə sosial cəhətdən həssas ailələrin sevindirilməsi xüsusi əhəmiyyət daşıyır və bu kimi xeyriyyə aksiyaları cəmiyyət daxilində birlik və həmrəylik ruhunun möhkəmlənməsinə xidmət edir.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxış edərək Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin bayram təbriklərini iştirakçılara çatdırıb. O bildirib ki, bu təşəbbüsün əsas məqsədi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sosial həmrəyliyi gücləndirmək, ehtiyac sahiblərinə həm mənəvi, həm də maddi dəstək göstərməkdir.
Mərasimdə iştirak edən din xadimləri və təşkilat rəhbərləri göstərilən diqqət və qayğıya görə Azərbaycanın Gürcüstandakı Səfirliyinə, “Azərbaycan Evi”nə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürlərini bildirərək, bu cür xeyriyyə təşəbbüslərinin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.
GAXA.ge