Azərbaycan Səfiri Faiq Quliyev Koreya Respublikasının Gürcüstanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Hyon Du Kim ilə görüşüb
Görüş əsnasında həmkarını salamlayan Səfir F.Quliyev yeni təyinatı münasibətilə H.D.Kimi təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzu etmişdir.
Strateji tərəfdaşlar olan Azərbaycan Respublikası və Gürcüstan arasındakı çoxşaxəli əməkdaşlıq münasibətləri, hər iki ölkənin iştirakı ilə regionda həyata keçirilən iqtisadi yönümlü layihələr barədə həmkarına məlumat verən diplomat, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bütövlükdə Cənubi Qafqaz regionunun rifahına və təhlükəsizliyinə töhfə verdiyini vurğulamış, bu əməkdaşlığın daha geniş coğrafiya üçün də faydalı və səmərəli olduğunu qeyd etmişdir. Diplomat 30 ilədək Ermənistan tərəfindən işğal altında saxlanılmış və 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatı nəticəsində azad edilmiş əzəli ərazilərimizdə postmünaqişə dövründə aparılan bərpa və quruculuq işləri barədə də həmsöhbətinə məlumat vermişdir.
Öz növbəsində Səfir H.D.Kim keçirilmiş nəzakət görüşündən məmnun olduğunu bildirmiş, görüş üçün yaradılmış fürsət üçün, o cümlədən Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq münasibətləri və bu əlaqələrin bütövlükdə Cənubi Qafqaz bölgəsinə verdiyi töhfələr barədə bölüşdüyü ətraflı məlumata görə diplomata təşəkkürünü bildirmişdir.
Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.
GAXA.ge

