Kəlbəcər yenidən qurulur: Tarixi ədalətdən müasir urbanizasiyaya
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə edilən qələbə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə möhkəmləndirilərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasına gətirib çıxardı. Sözügedən hadisələr Cənubi Qafqaz regionunda yeni siyasi, hərbi-strateji və təhlükəsizlik konfiqurasiyasının formalaşmasına səbəb oldu. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər rayonuna səfəri isə bu tarixi-siyasi proseslərin məntiqi yekunu və dövlətin post-konflikt dövründə həyata keçirdiyi bərpa və reinteqrasiya siyasətinin praktiki təzahürü kimi qiymətləndirilə bilər.
1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı Azərbaycan
üçün ərazi itkisindən daha artıq geosiyasi və hərbi-strateji nəticələr
doğurmuşdur. Bu hadisə Ermənistanla o dövrdə mövcud olmuş qondarma separatçı
qurum arasında birbaşa coğrafi bağlantı yaradaraq münaqişənin miqyasını və
davamlılığını gücləndirmişdir. Əgər 1992-ci ildə Şuşa və Laçının işğalı
nəticəsində formalaşan “Laçın dəhlizi” Ermənistanla Qarabağ arasında ilkin
kommunikasiya xəttini təmin etmişdisə, Kəlbəcərin işğalı həmin dəhlizin coğrafi
əhatəsini genişləndirərək Azərbaycanın digər regionlarını da təhlükə altına
salmışdır. Beləliklə, Kəlbəcərin itirilməsi Ermənistanın strateji mövqelərini
əhəmiyyətli dərəcədə möhkəmləndirmiş, işğal siyasətinin uzunmüddətli xarakter
daşımasına şərait yaratmışdır.
Azərbaycan zəfəri təkcə hərbi güclə qazanmadı. İlk
növbədə, uzunmüddətli strateji inkişaf xəttinin əsasında dayanan güclü iqtisadi
baza, dövlətin müdafiə qabiliyyətini artırmağa imkan yaratmışdır. İkincisi,
müasir silah sistemlərinin əldə olunması və inteqrasiyası ilə yanaşı, peşəkar,
strukturlaşdırılmış və yüksək hazırlıqlı ordu formalaşdırılmışdır. Üçüncüsü,
ictimai-siyasi müstəvidə xalq–dövlət birliyi milli iradənin tam səfərbər
olunmasını təmin etmişdir. Vətən müharibəsi dövründə fərariliyin müşahidə
olunmaması, əksinə, on minlərlə gəncin könüllü olaraq döyüşlərə qatılması bu
milli konsolidasiyanın sosial-psixoloji əsaslarını açıq şəkildə nümayiş
etdirmişdir. Belə şəraitdə 2020-ci ilin noyabrında Kəlbəcərin bir güllə atmadan
azad olunması təsadüfi deyil, Ermənistanın hərbi-siyasi məğlubiyyətini qəbul
etməyə məcbur qalmasının qaçılmaz nəticəsi olmuşdur.
Prezident İlham Əliyevin Kəlbəcərə son səfərinin
mərkəzi məqamlarından biri bölgədə həyata keçirilən yenidənqurma və bərpa
işlərinin miqyaslı xarakteri olmuşdur. Hazırda Kəlbəcərdə 10 mindən artıq insanı
əhatə edəcək dörd iri yaşayış kompleksinin inşası, müasir tipli təhsil
müəssisələrinin yaradılması, avtomobil yollarının salınması, habelə elektrik,
su və qaz infrastrukturunun bərpası və modernləşdirilməsi bu ərazinin müasir
urbanizasiya modelinə keçidi kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, kiçik su elektrik stansiyalarının
istismara verilməsi və “İstisu” mineral su zavodunun fəaliyyətə başlaması
regionun lokal resurs potensialının iqtisadi dövriyyəyə cəlb olunmasına xidmət
edir. Sözügedən layihələr Kəlbəcəri yalnız məcburi köçkünlərin geri qayıdacağı
yaşayış məkanı kimi deyil, həm də regional iqtisadi inkişaf mərkəzi kimi
formalaşdırır. Beləliklə, Kəlbəcərdə aparılan quruculuq siyasəti post-konflikt
dövrünün reinteqrasiya strategiyasının tərkib hissəsi olmaqla yanaşı,
Azərbaycanın iqtisadiyyatında yeni məkan təsərrüfatı modelinin yaradılmasına da
təkan verir.
Azərbaycanın 2020-ci ildə əldə etdiyi hərbi
qələbədən sonrakı mərhələdə başlanmış sülh prosesi Cənubi Qafqaz regionunun
siyasi-coğrafi xəritəsini fundamental şəkildə dəyişmişdir. Ermənistanla sülh
sazişinin paraflanması, Naxçıvan Muxtar Respublikası ilə quru bağlantısının
təmin olunması və yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması Azərbaycanın
beynəlxalq mövqelərinin möhkəmlənməsinə, eləcə də onun regional və qlobal
logistik mərkəz kimi strateji rolunun artmasına şərait yaratmışdır. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, nəzərdə tutulan dəhliz yalnız Azərbaycanın
əsas hissəsini Naxçıvanla birləşdirməyəcək, həm də qlobal nəqliyyat şəbəkəsinin
mühüm komponentinə çevrilərək ölkəmizin tranzit potensialını və geosiyasi
çəkisini əhəmiyyətli dərəcədə artıracaqdır.
Azərbaycanın hərbi əməliyyatları beynəlxalq hüquqa
tam uyğun şəkildə həyata keçirilmiş, nəticədə dövlət BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etmişdir. Bu amil,
Ermənistanın havadarlarının müxtəlif səpkili təzyiq cəhdlərinə baxmayaraq,
dünya birliyinin Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbul
etməsini zəruri etmişdir. Bu gün Kəlbəcərdə aparılan bərpa və yenidənqurma
işləri təkcə lokal iqtisadi-sosial inkişaf layihəsi deyil, həm də beynəlxalq
ictimaiyyətə ünvanlanan simvolik mesajdır: Azərbaycan müharibədə qələbə qazanan
ölkə olmaqla yanaşı, sülhün və quruculuğun da aparıcı aktoru kimi çıxış edir.
Kəlbəcərin işğal dövründə şəhər və kəndlərinin tamamilə dağıdılması, dini və mədəni abidələrin təhqir olunması, infrastrukturun yerlə-yeksan edilməsi Azərbaycan xalqının yaddaşında dərin izlər buraxmışdır. Prezident İlham Əliyevin vurğuladığı “onların dağıtdıqlarını biz qururuq, onların viran qoyduqlarını biz canlandırırıq” fikri dövlətin bu sahədə konsepsiyasının mahiyyətini açıq şəkildə ifadə edir və xalqımızın sülhsevər xarakterini əks etdirir.
Nəticə etibarilə, Kəlbəcər bu gün qələbənin, milli
birliyin və gələcəyə inamın simvoludur. İşğaldan azad olunması tarixi ədalətin
bərpasını ifadə edirdisə, hazırda həyata keçirilən genişmiqyaslı bərpa və
infrastruktur layihələri yeni həyatın başlanğıcı və post-konflikt dövrünün
strateji inkişaf mərhələsi kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin Kəlbəcərə səfəri bir daha
göstərdi ki, Azərbaycanın dövlət siyasətinin mahiyyəti yalnız ərazilərin azad
olunması ilə məhdudlaşmır; bu siyasətin əsas məqsədi həmin ərazilərdə layiqli
həyat şəraitinin yaradılması, dayanıqlı inkişafın təmin olunması və gələcək
nəsillərə güclü dövlət miras qoyulmasıdır.
Əziz QASIMOV
Naxçıvan MR Ali Məclisinin deputatı
GAXA.ge

