Heydər Əliyev: “Regionda bizim müstəqilliyimizi boğmağa cəhd edən ölkələr var”
“Azerbaijan International” jurnalının baş
redaktoru Betti Bleyer 1997-ci il avqustun 3-də Prezident Heydər Əliyevin
Prezident Bill Klintonun dəvəti ilə Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri
zamanı aldığı bu müsahibəni Azərbaycan dilinə tərcümədə geniş auditoriyaya ilk
olaraq “Xalq qəzeti” təqdim edir.
***
Prezident Heydər Əliyevlə aşağıdakı müsahibəm
1997-ci ilin avqustun 3-də Azərbaycan Prezidentinin Prezident Bill Klintonun dəvəti
ilə Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri zamanı baş tutdu. Bu, onun
Amerika Birləşmiş Ştatlarına 11 günlük (27 İyul - 6 avqust) səfərinin səkkizinci
günü, Nyu-Yorka, Vaşinqtona, Kolumbiya dairəsinə, Hyustona və Çikaqoya səfər
etdiyi vaxt idi. İki gün əvvəl Prezident Əliyev Amerika Birləşmiş Ştatlarının
Prezidenti Bill Klintonla görüşmüşdü və Ağ Evdə üç əsas neft müqaviləsini
imzalamışdı. Bu səfər Prezident Əliyevin Birləşmiş Ştatlara üçüncü səfəri idi.
O, 1994 və 1995-ci illərdə Birləşmiş Millətlər Təşkilatında çıxış etmişdi və hər
iki tədbirdə, 1994-cü ildə Budapeştdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının
(ATƏT) Sammiti daxil olmaqla digər tədbirlərdə Prezident Klintonla qeyri-rəsmi
görüşmüşdü.
Jurnalistlər nadir hallarda Prezident Əliyevdən
şəxsi suallar soruşmağa cəsarət edir. Xarici jurnalistlərin ondan müsahibə
götürməyə imkanı olanda, adətən, regionda ən axırıncı siyasi və iqtisadi hadisələrlə
əlaqəli cari sualları soruşurlar. Digər tərəfdən, azərbaycanlı jurnalistlər şəxsi
mövzulardan uzaq olan, Sovet dövründə müəyyən olunmuş daha çox formal, ənənəvi
jurnalist üslubuna riayət etməyə meyillidirlər.
Buna görə də, mən 1993-cü ildən başlayan digər
müsahibələrimdə, bir qayda olaraq, onun xarakterini, şəxsiyyətini və bəzi
maraqlarını üzə çıxaran mövzuları təqdim etməyə cəhd etmişəm. Mən Amerika Birləşmiş
Ştatlarına bu səfərdə Prezidenti müşayiət edən 60 nəfərdən ibarət nümayəndə heyətinin
tərkibində yeganə qeyri-azərbaycanlı idim. Gündəlikdə açıq müzakirə edilmiş rəsmi
problemlərdən boyun qaçırmağı düşündüm. Hyuston və Çikaqo arasında təyyarədə
uçuş vaxtı təşkil olunan bu müsahibədə çoxları üçün maraq doğuran məsələləri
öyrənməyə çalışdım.
BETTİ BLEYER: İcazə verin, sualıma burada,
Amerika Birləşmiş Ştatlarında sizə göstərilən qonaqpərvərlik və səmimiyyətlə
bağlı fikirlərinizi soruşmaqla başlayım. On ildən bir az əvvəllər Birləşmiş
Ştatlar və Sovet İttifaqı bir-birini ən qorxulu düşmən hesab edirdilər. Hər iki
dövlət öz sisteminin digər sistemin üzərindəki üstünlüyü ilə öynürdü. Bu
sistemlərin hər ikisi "hiyləgər pis oğlan" kimi biri digərini iblisləşdirmək
üçün öz təbliğat vasitələrindən sui-istifadə edirdilər. Amma bu düşmənçilik və
etimadsızlıq dövrünün əksinə olaraq, bu gün Siz Birləşmiş Ştatlarda ən yüksək səviyyədə
səmimiyyət və razılıqla qəbul edildiniz. Bəzən insanların bir-birinə qarşı necə
soyuq və inamsız davrandıqlarını xatırlamaq çox çətindir. Siz bu görünməmiş
hadisəni necə izah edirsiniz?
HEYDƏR ƏLİYEV: Bildiyiniz kimi, Sovet İttifaqı
artıq mövcud deyildir. Güclü dövlət kimi, Sovet İttifaqı (Azərbaycan da onun
bir hissəsi idi) Birləşmiş Ştatlar ilə rəqabət aparırdı. “Soyuq müharibə” bizim
aramızda uzun zaman belə tüğyan etdi, çünki dünya əsasən iki düşərgəyə–kapitalistlərə
və sosialistlərə bölünmüşdü. Sovet İttifaqı sosialist düşərgəsini idarə etdi və
müxtəlif ölkələri, xüsusilə müstəqilliklərini qazandıqdan sonra Afrika ölkələrini
müstəmləkəyə çevirmədən öz tərəfinə çəkməyi bacardı. Ancaq indi Sovet İttifaqı
dağılıb və “Soyuq müharibə” qurtarıb. Əgər Sovet İttifaqı tənəzzülə
uğramasaydı, əlbəttə, Azərbaycan bu gün müstəqil ölkə ola bilməzdi. Əgər,
ittifaq dağılmasaydı, özünün 50 milyondan çox əhalisi ilə Ukrayna da daxil
olmaqla keçmiş Sovet İttifaqı respublikalarının heç biri müstəqil ola bilməzdi.
Lakin, nəhayət ki, indi Azərbaycan 70 ildən
sonra yenidən bir daha milli müstəqilliyinə nail olub! Mən düşünürəm ki,
Amerika Birləşmiş Ştatları və Azərbaycanın arasında belə səmimiyyət olmasının ən
vacib səbəblərindən biri budur ki, biz indi müstəqilliyimizi qoruyub saxlamağa
və gücləndirməyə cəhd edirik. Siz nəzərə almalısınız ki, bizim regionda müstəqilliyimizi
boğmağa cəhd edən ölkələr var. Məhz ona görə, biz müstəqilliyimizi boğmaq istəyən
o qüvvələrə qarşı müqavimət göstərən bir güc kimi Amerika Birləşmiş Ştatlarına
inanırıq. Başqa sözlə, biz ümid edirik ki, Birləşmiş Ştatlar bir ölkə olaraq
müstəqilliyimizi qorumaqda bizə kömək edəcək
İkincisi, biz Azərbaycanda hüquqi, dünyəvi və
demokratik dövlət qururuq. Başqa sözlə, Azərbaycan Qərb meyarlarına uyğun
yaşamaq üçün uğurlu addımlar atır. Bu, səmimiyyət və mehriban əlaqələr üçün
başqa bir səbəbdir.
Və üçüncüsü, biz Birləşmiş Ştatlarla çox geniş
iqtisadi əlaqələr qurmuşuq. Siz Azərbaycana səfər edən Amerika şirkətlərinin
bir çoxunu, xüsusilə neft şirkətlərini görmüsünüz. Bu ötən iki günün hər
ikisində–dünən və bu gün mən bu şirkətlərin çoxunun prezidentləri və baş
direktorları ilə görüşdüm. Bu göstərir ki, bizim ölkəmizdə təsis olunmuş və
artıq işləyən şirkətlər fəaliyyətlərini genişləndirmək istəyirlər. Bizimlə işləməyə
hələ başlamayan şirkətlər isə işə başlamaq üçün yollar axtarırlar.
Məsələn, bir şirkət etiraf etdi ki, il yarım əvvəl
onların idarə heyəti Xəzər dənizi regionuna sərmayə qoymamaq üçün qərar qəbul
edib. Ancaq bu gün onlar fikirlərini tamamilə dəyişiblər. Onlar səhv etdikləri
və gecikdiklərini mənə açıq etiraf etdilər. İndi Azərbaycanda inkişafda olan
bir sahə ilə məşğul olmaq üçün onlara icazə verilməsini bizdən xahiş edirlər.
Beləliklə, bütün bu amillər bizim burada, Birləşmiş Ştatlarda şahidi olduğumuz
qonaqpərvər, səmimi münasibətlərə, eyni zamanda öz töhfəsini verir.
– Ötən həftə ərzində siz çıxışlarınızda bir neçə
əsas məsələləri vurğuladınız. Bizim oxucularımızın məlumatlanması üçün çox
vacib hesab etdiyiniz digər mövzular varsa, onları da öyrənmək istəyərdim. Mən
problemləri aşağıdakı kimi qruplaşdırardım: 1) Dağlıq Qarabağ münaqişəsinin həlli;
2) Konqresin Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvi üçün zəruri
ehtiyac; 3) açıq-aşkar Azərbaycanın əleyhinə istifadə edilməsi məqsədilə
Rusiyanın Ermənistanı bir milyon dollar dəyərində silahlarla təchiz etməsinin
qeyri-qanuniliyi; 4) Rusiya-İran əlaqələri; 5) Xəzər dənizinin neft ehtiyatlarını
inkişaf etdirən və dənizin aid olduğu ölkələrlə münasibətdə Xəzərin statusu; 6)
və nəhayət, Azərbaycanda xarici sərmayəçilər üçün biznes imkanları. Mənim
sualım belədir ki, oxucularımızın bilməsi üçün digər əsas müzakirələr də
oldumu?
– Bunlar əsas problemlərdir. Əgər siz
oxucularınıza bu fikirləri təqdim etməyə müvəffəq olsanız, bu məlumatlar kifayət
qədər çoxdur. İcazə verin, oxucularınız o problemləri başa düşsün, sonra mən
sizə bir qədər də məlumat verəcəyəm.
– Siz vaxtınızın çoxunu burada, Birləşmiş
Ştatlarda çıxışlar etməklə keçirdiniz. Geriyə qayıdanda Azərbaycanda da eyni
olur. Sizin hər iki çıxışınız və Corctaun Universitetində izlədiyim görüşdəki
sual-cavab, məndə xüsusi təəssürat yaratdı. Çıxışınızın dəqiq və yığcam
olmasına baxmayaraq, eyni zamanda amerikalıların Azərbaycanla bağlı problemləri
başa düşməsi və öyrənməsi üçün lazımlı, dəqiq məlumatlar verdi.
Mən bu illər ərzində Sizi müşahidə etdiyimə görə,
hesab edirəm ki, prezident kimi Sizin gücünüzün böyük hissəsi natiqlik
bacarığınız-özünüzü ifadə etmək və başqalarını inandırmaq qabiliyyətiniz ilə
bağlıdır. Mən sizin gənc yaşda kütlə qarşısında çıxışlarınızda qazandığınız təcrübələriniz
haqqında bilmək istəyirdim.
– Siz bu sualı verdiyiniz üçün mən sizə deyirəm
ki, bu mənim anadangəlmə istedadımdır. Bu fitri istedaddır. Təhsil almaqla və
ya gərgin işləməklə, hətta çoxlu nitq söyləməklə, bunu sadəcə qazanmaq olmaz.
Şübhəsiz, mənim həyat təcrübələrim də mühüm rol oynayır. Mən çox işlər görmüşəm.
Mənim çoxlu təcrübəm olub. Mən çox şeyləri görmüşəm və mən geniş
auditoriyaların qarşısında tribunada çıxışlar etmişəm. Buna görə, təcrübənin
rolu da danılmazdı.
Ancaq mənim danışıq qabiliyyətimin əsası təbiətdən
gələn istedaddır. İnsan bu qabiliyyətlə doğulur. Əgər bu yoxdursa, heç bir təcrübə
kömək etmir. Bəli, bu həqiqətdir ki, mən gəncliyimdən həmişə fikirlərimi aydın
ifadə edən şəxs olmuşam. Mənim təxminən 17 və ya 18 yaşım olanda, mən təsirli
nitqlər söyləməyə başladım. Ancaq siz mənim çıxışlarımı mətndən oxuduğumu heç
vaxt görməmisiniz. Mən əvvəlcədən heç vaxt hazırlaşmıram.
– Bəs, sizin əksər başqa prezidentlər kimi heç
bir məruzə yazanınız yoxdur?
– Xeyr, mənim məruzə yazanım yoxdur. İcazə
verin, bir neçə gün əvvəl baş vermiş hadisəni sizə danışım. Biz Ağ Evdə olanda
Kilinton qeydləri əsasında çıxış etdi və Albert Qor da mətni üzündən oxudu. Qor
da Klinton kimi müqavilələrdən birini imzalayanda danışdı. Onların hər ikisinin
mətnləri var idi. Ancaq mənimki yox idi. Hamısı buradadır (əli ilə ürəyini göstərir).
– Siz məruzələrinizə əvvəlcədən
hazırlaşırsınızmı?
– Xeyr. Danışıq prosesində fikirlərin doxsan
faizi ağlıma gəlir. Ola bilsin ki, mən, təxminən 10 faizi hazırlayıram. Ancaq mən
danışığımın ortalarında elə vaxtlar olur ki, fikirlərimi dəyişirəm. Lakin,
ümumiyyətlə mən heç vaxt əvvəlcədən hazırlaşmıram.
– Siz heç vaxt bir kəlmə də yazmırsınız?
– Heç vaxt. Siz məni görübsünüz. Mənim heç vaxt
heç bir qeydlərim olmur. Xeyr, hətta kiçik bir kağız da olmur. Heç vaxt. Mən
onilliklər ərzində bu üsulla danışmışam. Hətta mən Siyasi Büronun üzvü olanda,
danışıq qabiliyyətimə görə başqalarından fərqlənirdim. Məndən başqa heç kəs
birbaşa - ürəkdən danışmırdı. Hamı üzündən oxuyurdu. Hamının qeydləri var idi.
– Ancaq ətrafda hərəkət edən insanlar,
televiziya kameraları, mikrofonlar, otaqda bu qədər çox, həddən artıq diqqəti
yayındıran danışıqlar olur. Baş verən çox şeylər var. Siz ətrafınızda baş verənləri
nəzərə almayaraq, necə bu qədər diqqətli qala bilirsiniz?
– Bu, mənim xüsusiyyətimdir – fikrimi cəmləşdirmək
mənim qabiliyyətimdir.
– Siz nə vaxtsa evə gedir və “Mən vacib nəyisə
deməyi unutdum. Mən nəyisə yaddan çıxardım” deyirsinizmi?
– Əgər sizi bunu bilmək maraqlandırırsa, icazə
verin, deyim ki, mən çıxış edəndə beynim böyük enerji ilə işləyir, mən bu barədə
çox intellektualam. Bəzi hallarda, mən hətta özümü təəccübləndirirəm. Məsələn,
biz müqaviləni imzalayanda, Prezident Bil Klinton bəyanat verdi və sonra mən bəyanatımı
verməli oldum. Sizə həqiqəti deyim ki, mən əvvəlcədən nə deyəcəyimi bilmirdim,
hazırlaşmamışdım. Ancaq çox tez, bütün ideyalar beynimə gəldi. Nəticədə, sonra
çıxışımı mənə şərh edən bəzi insanlar kimi mən öz bəyanatımdan tamamilə razı
qaldım.
– Siz bir dəfə mənə dediniz ki, böyüdüyünüz
Naxçıvanda tez-tez teatra gedirdiniz. Teatrın sizin natiqlik qabiliyyətinizə
güclü təsiri olubmu? (Azərbaycanın Muxtar Respublikası kimi tanınan Naxçıvan,
Stalin tərəfindən Ermənistana verilən ərazinin bir zolağı ilə ayrılmış və ölkənin
qərbində yerləşən Azərbaycanın ayrılmaz bir hissəsidir).
– Xeyr, mən elə deməzdim. Teatr mənim
hobbimdir. Mən teatra gedirəm, çünki mən ondan çox xeyir götürürəm. Teatr məndə
dərin təəssürat yaradır. Onun mənim üzərimdə təsiri çoxdur. Ancaq mən deməzdim
ki, teatr mənim nitq söyləməyimdə rol oynayır. Teatr onu başa düşən insanlar
üçün çox güclü vasitədir, ancaq teatrı hamı başa düşmür. Mən teatrı başa düşürəm
və etiraf etməliyəm ki, mənim üzərimdə teatrın hər ikisindən, televiziyadan və
kinodan daha böyük təsiri var.
– Nəvənizin adı nədir?
– Mən ona hələ ad qoymamışam. Mən bir neçə gündən
sonra Londona (körpənin doğulduğu yerə) baş çəkəcəyəm və orada ona ad
qoyacağam. (Ənənəyə görə, üç gün sonra, o, öz "Heydər" adını nəvəsinə
qoydu. Bu, Heydər Əliyevin adını daşıyan ilk nəvəsidir).
Bu səfərin digər şəxsi cəhəti Doktor Maykl De
Bakey ilə keçirilən görüş oldu. O, çox tanınmış bir şəxsdir. O, ilk dəfə
“bypass” (xəstəliyə görə ürək normal fəaliyyət göstərmədiyi halda, ürək üzərində
və ya onun yanında əməliyyat aparılır və qanın başqa yolla dövr etməsi təmin
edilir –S.A.) ürək əməliyyatını aparan şəxs olub. Biz onunla bu gün görüşəndə,
o, bildirdi ki, altmış min insan üzərində cərrahiyyə aparıb. Təsəvvür edin, o,
nə qədər insan həyatını xilas edib. Bildiyiniz kimi, Doktor De Bakey yeganə
xarici mütəxəssis idi ki, Rusiya Prezidenti BorisYeltsin onu bu yaxınlardakı ürək
cərrahiyyəsində iştirak etməyə dəvət etdi.
– De Beyki çox yaşlıdır, elə deyilmi?
– Onun 80 yaşı var. Buna görə də, mən ona elə
çox hörmət bəsləyirəm. Bu yaşda olmasına baxmayaraq, o, hələ də fəal işləyir.
Siz onu gördünüz. Mən bilmirəm-ola bilsin ki, Amerika Birləşmiş Ştatlarında onu
layiqincə qiymətləndirmirlər. Ancaq o, çox qiymətli insandır. Buna görə də, mən
ona baş çəkmək istədim. Mən Hyustonda olarkən məhz ona görə proqramımda onunla
görüşmək üçün vaxt müəyyən etdim. O, çox tanınmış şəxsiyyətdir-çox böyük
insandır. Və o, səhranın ortasında, orada böyük bir tibb mərkəzi (Hyuston Tibb
Mərkəzi) yaradıb. Mən onu müxbirlərin məqalələrindən tanımışdım. On il əvvəl mənim
özümün ürək krizisi olduğuna görə, bura mənim maraqlandığım yerdir.
– Beləliklə, sizin onunla əlaqəniz olub?
– Xeyr, o, cərrahiyə əməliyyatları ilə məşğuldur.
Mənim cərrahiyə olunmağıma heç bir ehtiyac yox idi. O zaman, 1987-ci ildə mənim
ürəktutmam olanda, çox adam mənə dedi ki, mən çox uzun yaşamayacam. On il əvvəl,
1987-ci ilin avqustu idi. Mən üç ay xəstəxanada qalmalı oldum. Həkimlər mənə
dedilər ki, mən daha işləyə bilməyəcəm. Ancaq görürsünüz, bu da mən-hələ də
sağ-salamatam və işləyirəm.
– Sizin iş qrafikiniz gərgindir. Siz heç
dayanmırsınız? Hamı təyyarənin arxasında tükənir və taqətdən düşür. Bu, sizin səfərinizin
səkkizinci günüdür. Hər kəs elə yorulur, ancaq siz hələ də enerji ilə işləyirsiniz.
Hər gün nə qədər istirahət edirsiniz? Nə qədər yatırsınız?
– Çox az-altı saatdan çox olmur.
– Siz günün ortalarında istirahət edirsinizmi?
– Xeyr, heç vaxt.
– Beləliklə, siz bütün bu gücü haradan
alırsınız?
– Bu, Tanrıdan gəlir.
– İcazə verin, sizin Amerika Birləşmiş
Ştatlarına gətirdiyiniz hədiyyələrin bəziləri haqqında sizdən soruşum. Siz
Prezident Klintona hədiyyə etdiyiniz xalça haqqında danışardınız. Mən öyrəndim
ki, xalçada Bill Klintonun və həyat yoldaşı Hillarinin birlikdə portretləri
xüsusi işlənib.
– Mən, həmçinin onların qızları Çelsi üçün
ayrıca xalça gətirdim. Prezident Klinton xalçalardan çox məmnun oldu. O, mənə
dedi ki, Çelsi həmin səhər xalçalara baxmaq üçün onun ofisinə baş çəkib. O dedi
ki, Çelsi çox sevincli idi və xalçalar onların hamısının çox, lap çox xoşlarına
gəlib.
– Bu ideyanı hər kəs düşünə bilməz. Prezidentə,
hər ikisini–prezidenti, həyat yoldaşını və övladını əks etdirən hədiyyə vermək.
Bunu etmək üçün ideya sizdə haradan yarandı?
– Bu, mənim ideyam idi. Mən bilirəm ki, hər bir
insan üçün onun həyat yoldaşı və uşaqları ona çox əzizdir, çox qiymətlidir. Məhz
ona görə, mən bunu etdim. Bu əsrlərlə yaşayan incəsənət nümunəsində onların
hamısının xatırlanmasının bir yoludur.
– İnsanların çoxunun Hillari haqqında müxtəlif
fikirləri var. İnsanların çoxu, həqiqətən, onun haqqında fikir söyləyə bilmir.
– Xanım Klintonla tədbirdə görüşməyimə
baxmayaraq, mən onu çox yaxşı tanımıram. Mən şəxsən onunla danışanda, o, məndə
çox yaxşı təəssürat yaratdı. Hər halda hamının rəğbətini qazanmaq
qeyri-mümkündür – xüsusilə də, ictimai xadimsənsə.
– Azərbaycanlıların səfərdən qayıdanda sevdiyi
insanlara hədiyyə gətirmək adəti var. Sizin Azərbaycan xalqına hədiyyəniz nədir?
– Ən böyük hədiyyələr bizim burada, Amerika
Birləşmiş Ştatlarında qazandığımız nailiyyətlərdir. Biz Prezident Klinton ilə
ölkələrimiz arasında çoxtərəfli əlaqələri gücləndirmək məqsədilə müqavilə
imzaladıq. Bu müqavilələrin böyük tarixi əhəmiyyəti olacaq. Bundan əlavə, mən və
cənab Klinton birlikdə ölkələrimizin vəziyyəti və əlaqələrimizi birlikdə çox səmimi
müzakirə etdik. Mənbə: Müsahibə Xalq qəzeti
İngilis dilindən tərcümə etdi:
Süsənbər AĞAMALIYEVA,
filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət
Universitetinin Tərcümə Mərkəzinin əməkdaşı
GAXA.ge

