MƏTBUATIMIZIN GÜRCÜSTAN SƏHİFƏLƏRİ

XIX - XX əsrlərdə Qafqazda yaşayan xalqların, eləcə də rusların müxtəlif mətbuat orqanları, ədəbi dərnəkləri, ictimai-siyasi cəmiyyətləri Qafqazın mədəni mərkəzi olan Tiflisdə fəaliyyət göstərirdi. Burada həyata vəsiqə alan beyin məhsulları dünyanın bir çox bölgələrinə yayılırdı. Görkəmli yazıçılar, jurnalistlər dilindən asılı olmayaraq, bu mətbuat orqanlarında cəsarətli çıxışlar edir, dərnək və cəmiyyətlərdə təmsil olunurdular.
Təbii olaraq bu istimai-siyasi, ədəbi-mədəni mühitdə türk-müsəlman aydınların milli-mənəvi, siyasi-tarixi oyanış hərəkatı istər-istəməz bir milli mərkəzin yaranmasına zərurət doğururdu. Gürcüstanda azərbaycandilli jurnalistikanın meydana gəlməsi də məhz belə əlçatmaz görünən vacib arzulardan pərvazlanırdı.
Əslində bu, baş verməsi zəruri olan bir proses idi. Gürcüstanın əsrlər boyu türk-islam şahları tərəfindən idarə olunması, sonralar isə Rusiya tərəfindən Cənubi Qafqazın işğalı və Cənubi Qafqaz canişinliyinin Tiflisdə yerləşməsi türk-müsəlman mədəniyyətinin və əhalisinin burada cəmləşməsinə və inkişafına səbəb olmuşdu.
XIX əsrin birinci yarısında Tiflis şəhərində rus və gürcü dillərində bir sıra qəzetlər nəşr olunsa da bəzi səbəblərdən Qafqazda azərbaycandilli mətbuat orqanlarının yaranması yubanırdı. 1828-ci ildən nəşrə başlayan “Tiflisskiye vedomosti” qəzeti 1829-cu ildə gürcü, 1830-cu ildə fars və 1832-ci ilin əvvəllərində isə Azərbaycan dilində buraxılmışdır. Lakin “Tiflis əxbarı” adı ilə buraxılan bu qəzet-vərəqin ömrü çox da uzun olmamışdır. Belə ki, onun redaktoru P.S.Sankovskinin 1832-ci ildə vəfat etməsi 1833-cu ilin əvvəllərində qəzetin bağlanmasına səbəb olmuşdur.
1845-ci ildə Tiflisdə Azərbaycan dilində “Qafqazın bu tərəfinin xəbərləri” adlı qəzet-vərəq də buraxılmışdır. Bu qəzet 1838-ci ildə Tiflisdə rus dilində nəşrə başlayan “Закавказский вестник”in əlavəsi kimi çap olunurdu. “Qafqazın bu tərəflərinin xəbərləri” 1846-cı ildə bağlanmışdır. Bəzilərinin iddia etdiyi kimi, qonşu xalqlardan nümunə götürərək biz də mətbuat tariximizi məhz 1832-cı ildən götürməliyik. Lakin bir şeyi unutmaq olmaz ki, istər “Tiflis əxbarı”, istərsə də “Qafqazın bu tərəfinin xəbərləri”nin əsas vəzifsi rəsmi dövlət məlumatlarını, fərmanları, qərar və qanunnamələri Azərbaycan dilinə tərcümə edib yaymaqdan ibarət olmuşdur. Olsa-olsa bu qəzet-vərtəqlər, indiki terminologiya ilə desək, bu bülletenlər yaranmaqda olan Azərbaycan milli mətbuatının rüşeymi oldular.
Azərbaycan milli mətbuatının yaranma tarixi isə 1868-ci ildən qəzet buraxmaq fikrinə düşən tanınmış ziyalı Həsən bəy Zərdabinin 1875-ci il iyul ayının 22-də çap etdirdiyi “Əkinçi” qəzeti ilə bağlıdır.
Çox təəssüf ki, milli mətbuatımızın ilk qaranquşu və eyni zamanda müstəqil mətbuatımızın müjdəçisi olan “Əkinçi”nin də nəşri uzun sürmədi. H.Zərdabi müəyyən təzyiqlərdən sonra 1877-ci ildə qəzetin çapını dayandırmaq məcburiyyətində qaldı.
Bu, bir tərəfdən çar Rusiyasının Azərbaycanda mətbuata və kitaba mürtəce münasibətinin göstəricisi idisə, digər tərəfdən azərbaycanlı oxucunun azlığı və yaranan maliyyə çətinlikləri ilə bağlı idi.
Qəzet bağlandıqdan iki il sonra XIX əsrin ikinci yarısında mətbuat sahəsində durğunluq yaransa da, müəyyən təşəbbüslər də oldu. Ancaq «Tiflis əxbarı» və «Zaqafzazski vestnik»ə əlavə nəzərə alınmazsa, «Əkinçi»yə qədər Azərbaycan dilində nə Bakıda, nə də Tiflisdə qəzet və jurnal çıxmadı.
Milli mətbuat yaratmaq, Bakıda mətbəə açmaq, “Əkinçi”ni yaşatmaq, kitab nəşr etmək və bu yolla xalqı maarifləndirmək üçün Həsən bəy Zərdabi əlindən gələni edirdi. Lakin çarizmin müstəmləkə siyasəti milli mətbuatın yaranmasına heç cür imkan vermirdi. Bu işdə Azərbaycanın imkanlı adamları da laqeydlik göstərir, belə məsələlərin əhəmiyyətini dərk etmədiklərindən ona pul xərcləmək istəmirdələr.
Lakin “Əkinçi” qəzeti fəaliyyət göstərdiyi qısa müddətdə Cənubi Qafqaz türklərinin tarixinin, məişətinin, ictimai-mədəni həyatının, milli maarifçiliyin, ədəbiyyat və mədəniyyətinin, ana dilinin, onun mətbuatının məqsədini, amalını, dil və üslubunun əsas qayələrini müəyyənləşdirdi. Bax buna görə də cəsarətlə deyə bilərik ki, milli mətbuatımızın doğulduğu gün “Əkinçi” ilə bağlıdır.
1880-ci ildə «Ziyayi-Qafqaziyyə» adı ilə nəşr olunan qəzet H. Zərdabinin nəşr etdiyi “Əkinçi”dən sonra Azərbaycan dilində ikinci qəzet oldu.
Ünsizadə qardaşlarının 1879-1880-ci illərdə “Ziya” adlı həftəlik qəzetinin 76 sayı və sonra adı dəyişdirilən “Ziyayi-Qafqaziyyə” 1882-ci ilədək Tiflisdə, 1883-1884-cü illərdə isə Şamaxıda çap edilmişdir.
Ünsizadə qardaşlarının mühüm bir xidməti də onların Tiflisdə “Ziya” mətbəəsini açmaları, bu mətbəədə Azərbaycan dilində bədii əsərlərin, dərslik və müxtəlif məzmunlu digər kitabların, o cümlədən S.Ə.Şirvani, N.B.Vəzirov, A.O.Çernyayevski kimi maarifpərvərlərin əsərlərinin dərc edilməsidir. “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetləri öz ətrafına o dövrün qabaqcıl ziyalılarını toplamağa müvəffəq oldu. Burada H.Zərdabi, F.Köçərli, С.Ə.Şirvani, S.M.Qənizadə, R.Ахundov, С.Vəlibəyov və başqaları kimi tanınmış ədiblərin əsərləri işıq üzü görmüşdür.
Bu qəzetin Azərbaycan mətbuatı tarixində ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalisti üzə çıxarmaq, demokratik cəbhədə mahir bir redaktor yetişdirmək olmuşdur.
Mətbuat tariximizə ilk gündəlik qəzet kimi daxil olan “Şərqi-Rus” isə XX əsrdə ilk azәrbaycandilli qəzet idi. Lakin çar senzurası ilə kəskin mübarizə şəraitində Azərbaycan ziyalılarının milli mətbuat yaratmaq və onu mütərəqqi qüvvələrin əlində mübarizə vəsitəsinə çevirmək arzusu, nəhayət, reallığa çevrildi.
1906-cı ildə Tiflisdə nəşrə başlayıb bütün Şərqə səs salan Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin rəhbərliyi ilə dərc olunan “Molla Nəsrəddin” jurnalı bu sahədə misilsiz işlər gördü.
1918-1921-ci illərdə Tiflisdə işıq üzü görmələrinə baxmayaraq, bir sıra mətbuat orqanı Azərbaycan xalqının milli-azadlıq hərəkatını müdafiə etmiş, demokratik Azərbaycan Respublikasının yaranmasını alqışlamış, ideya istiqamətlərini bu respublikanın mənafeyini qorumağa yönəltmişdilər.
Qafqazda qəzet və jurnalların çoxalması yeni bir sahənin – mətbuat industriyasının yaranmasına gətirib çıxardı. Ötəri bir haşiyəyə çıxaraq qeyd etmək istəyirəm ki, Milli mətbuatımızın yaranmasından danışarkən mətbəə və nəşriyyatçılıq işindən danışmamaq unutqanlıq olardı. Xarici ölkələrdən – xüsusilə Almaniyadan, Rusiyadan çap avadanlıqları alınmaqla mətbəələr təşkil olunur, kitablar çap olunurdu. Bununla paralel olaraq yeni peşələr və ixtisaslar yaranırdı – mürəttiblər, yığıcılar, səhifələyicilər, metronpajlar, çapçılar, cildləyicilər, kitab mağazaları, satıcılar, reklamçılar və başqaları.
Azərbaycanda kitabçılıq mədəniyyətinin tarixi çox qədimlərə gedib çıxır. Əldə olan məlumatlara görə, Azərbaycanın ilk çap kitabının tarixi 450 ildən çoxdur. Bu, Nəsirəddin Tusinin 1594-cü ildə Roma şəhərindəki mətbəədə ərəb dilində çap olunan məşhur “Təhriri-Övqlidis” (“Evklidin şərhi”) əsəridir. O dövrdə dəfələrlə təkrar çap olunan bu kitabın 32 ölkənin kitabxana və muzeylərində 123 nüsxəsinin mövcudluğu bildirilir.
Azərbaycanın ikinci çap kitabı XVI-XVII əsrlərdə yaşamış oğuz əsilli tarixçi Oruc bəy Bayatın (ispanlaşmış adı Don Juandır) 1604-cü ildə İspaniyada işıq üzü görmüş kitabıdır.
Azərbaycanın üçüncü kitabı isə “Avesta”dır. Bu əsəri 1771-ci ildə fransız alimi Anketil Dü Perron fransız dilinə tərcümə edərək nəşr etdirmişdir.
Dördüncü çap kitabımız 1780-ci ildə Sankt-Peterburqda, beşinci kitabımız isə 1813-cü ildə Hindistanın Kəlküttə şəhərindəki “Hindistan” mətbəəsində çap olunmuşdur. “Şərhi-İskəndərnameyi-Nizami Gəncəvi” adlanan bu kitabın müəllifləri Əzimabadi Əli və Mir Hüseyn Cünfuridir.
Bu çap kitablarının sırasına aşağıdakıları da daxil etmək olar: 1831-ci ildə Tiflisdə Abbasqulu Ağa Bakıxanovun “Qanuni-Qüdsi-Zəbani-farsibaiştiqaq və elali-kəlimati ərəbiyyə” adlı kitabı, 1835-ci ildə isə Varşavada İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsərinin fransız dilindəki nüsxəsidir.
Tiflisdə mətbəəçilik işini mənimsəyən və onun avadanlıqlarını əldə edən Azərbaycanın maarifpərvər ziyalıları Bakıda bu işi davam etdirmək istəyirdilər. Lakin Tiflisdən fərqli olaraq Rusiyanın hakim dairələri Bakıda mətbuata hər vasitə ilə mane olurdu. Çarizmin müstəmləkəçi dairələri yaxşı anlayırdılar ki, mətbuat və kitab xalqın maariflənməsi işində əvəzsiz təbliğat vasitəsidir.
Azərbaycanlıların toplaşıb müxtəlif mədəniyyət ocaqları yaratdıqları Tiflis şəhərində onlarla mətbəə fəaliyyət göstərmiş, kitablar, qəzet və jurnallar nəşr edilmişdir. Onlardan həftədə üç dəfə Tiflisdə Azərbaycan dilində çıxan “Şərqi-rus” qəzetinin öz mətbəəsi var idi. İlk naşırı və redaktoru Məmmədağa Şahtaxtlı, son 45 sayının redaktoru Cəlil Məmmədquluzadə idi.
“Qeyrət” mətbəə-nəşriyyatını isə C.Məmmədquluzadə, Ö.F.Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə “Şərqi-rus” qəzetinin mətbəəsi əsasında təşkil etmişdilər. “Molla Nəsrəddin” jurnalı 1906-1909-cu illərdə “Qeyrət” mətbəəsində çap olunmuşdur.
1883-1884-cü illərdə aylıq jurnal kimi çıxan “Kəşkül”ün də öz mətbəəsi olmuşdur.
Azərbaycanda mətbuat və kitab nəşrinin 1920-ci ilə qədərki qısaca tarixçəsi belədir. 1920-ci ildən sonra birbaşa N.Nərimanovun rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda kitab nəşri yeni mərhələyə qədəm qoymuşdur.
SSRİ yarandıqdan sonra Tiflis ədəbi-mədəni mühiti tədricən Bakıya transfer olunmağa başladı. Burada yeni qəzet-jurnallar açıldı, mətbəə və nəşriyyatlar fəaliyyət göstərdi. Lakin zəngin köklərə malik Tiflis mühiti hələ uzun müddət öz demokratik ənənələrini və peşəkar kadrlarını yaşatdı. Bu gün də Gürcüstanın azərbaycandilli əhalisinin klassik ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə qırılmaz tellərlə bağlılığının mayasında heç şübhəsiz bu amillər dayanır. Bu bağlılıq Gürcüstanda mətbuat sahəsində yüzlərlə jurnalistin yetişməsinə, yeni qəzet və jurnalların açılmasına, ədəbiyyatın, təhsilin, incəsənətin inkişafına rəvac verdi.
XX əsrin 20-ci illərində Tiflisdə Azərbaycan ədəbi mühiti xüsusilə inkişaf edərək siyasi, ictimai və ədəbi mühitə yeni yazarlar və dahi şəxsiyyətlər bəxş edib. Bu dövrdə Gürcüstanın Batumi şəhərində “İştirak” (1921), “Yeni həyat” (1922-1924), Sarvanda (Marneulidə) “Pambıqçı” (1930, sonralar adı dəyişərək “Stalin yolu” və “Kommunizm uğrunda” olmuşdur), 1965-ci ildən isə “Yeni Marneuli” (sonralar Azərbaycan və gürcü dillərində “Kvemo Kartli” adı ilə çıxıb), 1933-cü ildə Başkeçiddə (Dmanisi) “Sosializm maldarlığı” (sonralar “Trialeti” adı ilə Azərbaycan və gürcü dillərində çıxırıb və 1991-ci ildə qəzetin Azərbaycan şöbəsi bağlanıb), 1935-ci ildə Lüksemburqda (Bolnisi) “Al bayraq” (son vaxtlar “Qələbə bayrağı” adı ilə çıxıb; 1990-cı ildə qəzet “Bolnisi” adlandırılıb və bir neçə ay sonra Azərbaycan şöbəsi bağlanıb), Qarayazıda (Qardabanidə) 1931-ci ildə “Stalinçi” (sonralar “Samqori” adı ilə Azərbaycan və gürcü dillərində çıxıb), Adıgündə “Qızıl rəncbər” (1933), sonra “Adıgün kolxozçusu” (1936), Axalsıxda “Kommunist” (1930), sonra “Qızıl bayraq” (1938), Aspindzada “Bağban” (1933), sonra “Sosializm kəndi” (1940) adı altında çıxıb.
Gürcüstanda 30-cu illərdən sonra “Yeni fkir,” “Yeni kənd” qəzetləri, “Qızıl Şəfəq,” “Dan Ulduzu,” “Yeni qüvvə,” “Gənc nəsl”, “ZİYA”, “Universitet”, “Samqori”, “Qələbə Bayrağı”, “Şərqin şəfəqi”, “Yeni yol”, “Meydan”, “Axali Marneuli”, “Ozan”, “Molla Nəsrəddin”, “Regionpress”, “Ümid”, “Qardabani”, “Çənlibel”, “Dirçəliş”, “Region”, «Sözün işığı», “Yeniləşmiş məktəb”, “Təhsil”, “Qeyrət”, “Ədəbi Gürcüstan”, “Varlıq”, “Qarapapaqlar”, “Qarayazı”, “Gürcüstan”, “Varlıq”, “Qeyrət”, “Günəş”, “Yeniləşmiş məktəb”, “Maarif”, “Müvəkkil”, “Qarayazı” və digər azərbaycandilli qəzetlər, eyni zamanda “Qarapapaqlar”, “Meydan”, “Əhli-Beyt”, “Müctəba” və bir çox dini jurnallar nəşr olunub.
Müstəqillik dövründə soydaşlarımızın yaşadığı bölgələrdə azərbayandilli qəzetlərin əksəriyyəti bağlandı. Bir neçə il öncə Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan və fəaliyyət göstərən qəzet və jurnallara maddi dəstəyi ilə Gürcüstanda bir sıra mətbuat orqanları öz fəaliyyətlərini nisbətən genişləndirdil. «Meydan» gənclik jurnalı, «Region Press» həftəlik qəzeti, aylıq «Ziya», «Qeyrət», «Gürcüstan azərbaycanlıları» qəzetləri bu qəbildəndir. Lakin mövcud reallıqlar yenidən bu mətbuat orqanlarının çətin vəziyyətə düşməsinə səbəb oldu. Səbəb qəzetlərin maliyyə sıxıntıları və əhalinin maddi durumu ilə bağlı idi.
Gürcüstanda öz cəsarəti, peşəkarlığı ilə adını mətbuat tariximizə yazdırmış yüzlərlə jurnalist, yazıçı olmuşdur. Orada yaşayıb fəaliyyət göstərən klassiklərimizin, yeni dövr jurnalistlərimizin adlarını sıralasaq uzun bir siyahı alınar. Öz yazıları ilə xalqın sevgisini və etimadını qazanan Ömər Faiq Nemanzadə, Hüseyn Minasazov, İsmayıl Həqqi, Mirzə Həsən Məcruh, Münəqqər, Rza Şahvələd, Hidayət Bayramlı, Həsən Səbri, Rüstəm Həsənov, Kərim Kərimov, Məhyəddin Sultanov, Murtuz Muradov, Dünyamalı Kərəm, Rizvan Əliyev, Teymuraz Cəfərli, Ziya Borçalı, Vəli Əliyev, Süleyman Süleymanov, Əli Abbas, Ziyadxan Məmmədov, Məmmədhüseyn Bəxtiyarlı, Nəsib Yusifoğlu, Arif Mustafazadə, Mədəd Coşqun, Qasım Əhmədov, Alxan Binnətoğlu, Əyyub Bayramov, Kamil Kirəcli, Bəhram Mehdi, Paşa Əliyev (Kəsəmənli), Həmid Vəliyev, Əzim İsmayıllı, Arif Hadızadə, Emin Mahmudov, Əlixan Düşgün, İslam Əliyev, Ramiz İgidov, Qasım Abbasəliyev, Şahvələd Əhmədoğlu, Müzəyyət Yusifov, Pərixanım Mursaqulova, Yaşar Vəliyev, Səyavuş Uyğun, Osman Əhmədoğlu, Müqəddəs Nemətov, Xətayə Rüstəmova, Təhməz Təhməzov, Şurəddin Məmmədli, Şahvələd Eyvazov, Mahmud Kamaloğlu, Qəhrəman Musayev, Elman Kələyev, Rəşid Faxralı, Lətif Kamil, İmir Məmmədli, Bahəddin Oruclu, Binnət Əlioğlu, Əlixan Yəhyaoğlu, Əbdüləli İbrahimsoy, Eyvaz Əlləzoğlu, Dursun Eyvazov, Həmzəli İlyasov, Nizami Məmmədzadə, Şahismayıl Şəmmədoğlu, Mirzə Məmmədoğlu (Maşov), İbrahimxalil Tamıyev, Gülyaz Əliyeva, Əziz Dəlivəlov, Abay Paşayev, Nadir Almazoğlu, Ramilə Əliyeva, Zümrüd Qurbanov, Tapdiq Yolçu, Rafiq Hümmət, Akif Xansultanli, Ehtiram Əmirxanli, Emma Bayramova, Afiq Muxtaroglu, Cambul Məmmədli, Haci Rizvan Ismayilov, Aynurə Əliyeva, Azər Məmmədov, Turac Ibrahimova və b. jurnalistlər millətimizin ən fədakar şəxsiyyətləridirlər.
Son əsrdə texnoloji tərəqqinin böyük sıçrayışla həyatımızın bütün sahələrinə sirayət etməsi, süni intellektin insan beyninin, əqli mülkiyyətin bir hissəsinə çevrilməsi cəmiyyətdəki kəskin təbəqələşməyə, əmək qabiliyyətinin itirilməsinə, iş yerlərinin ixtisarına, mənəvi deqradasiyaya, milli dəyərlərin unudulmasına, beynəlmiləlçi əxlaqın ön plana çıxmasına gətirib çıxaran mövcud realliqlardır.
Bu vəziyyət Gürcüstanda soydaşlarımızın mövcud olduğu coğrafiyada daha acınacaqlıdır. Yuxarıda sadaladığım problemlər ucbatından doğma yurdlarını tərk etmək məcburiyyətində qalan ailələr ənənəvi dəyər və əxlaqi-mənəvi aşınmalara daha çox məruz qalıblar. Yad ölkələr, yabançı dəyərlər, yarımçıq təlim-tərbiyə...
Tiflisdə bəzi işbazlar pul qazanmaq xatirinə Azərbaycan dilində bir sıra ali məktəblər açsalar da onların da fəaliyyətinə ciddi maneələr törədildi.
Tiflisdə milli kadrlar hazırlayan A.S.Puşkin adına Pedaqoji İnstitutu saxlaya bilmədik. Dərin zəkalı, zəngin elmi potensialı olan kadrlarımızı itirdik. İnstitut fəaliyyətini dayandırdıqdan sonra məktəblərdə pedaqoji estafet və ənənə pozuldu. Orta məktəblər Sovet dövründə Azərbaycanın ali tədris müəssisələrində hazırlanmış kadrların ümidinə qaldı...
İnsan həyatı əbədi deyil, hər şey dəyişir, yeniləşir, müasirlik köhnəliyi sıradan çıxarır, yeni nəsil köhnə nəsili əvəz edir...
Ancaq Gürcüstanın azərbaycandilli məktəblərində köhnə nəsil getdi... yeni nəsil gəlmədi... Az miqdar gələnlərsə Gürcüstanın ali məktəblərində yarımçıq təhsilli (yarıgürcü-yarıazərbaycan) cavanlar idi. Tariximizə, coğrafiyamıza, dilimizə, dinimizə, belə demək mümkünsə, yad, yabançı kadrlar...
Yazılı mətbuatımız məhv oldu. Bəli, bu, ümumbəşəri bir prosesdir. Lakin dili, yazıb-oxumağı məktəbdə öyrənən, təfəkkürü mətbuatla formalaşan, həyatı mətbuatdan əxz edən, milli-əxlaqi keyfiyyətləri bədii ədəbiyyatdan mənimsəyən, keçmişini ana dilində milli kadrlar tərəfindən yazılmış tarixi əsərlərdən öyrənən cavan nəsil sputnik antennalarin kompasında azıb yol ayrıcında qaldı...
Ən böyük problemlərdən biri isə yol məsələsi oldu. Məlum səbəblərdən quru yolların bağlanması problemi qaysaqlanmamış yaramızın üstündə yeni-yeni yaralar açdı. Səbəb aydındır, lakin nəticə ürəkağrıdandır. Maddi rifah halının aşağı düşməsi, təyyarə biletlərinin bahalığı borçalıları doğma kənd-kəsəyə, elə-obaya həsrət qoyub...
Azərbaycanda yaşayan hər bir Borçalı övladı bir informasiya mənbəyi, Azərbaycan-Gürcüstan arasında bir körpüdür. Oradakı soydaşlarımız bu informasiya mənbəyindən məhrum olublar, bu körpüdən keçə bilmirlər. Nə isə... Ağrı-acılarımızı sapa düzsək – sap saxlamaz, qəlbimizdə düyünləsək – dolaşıq bir yumağa dönər.
Mətbuatımızın Tiflisdən rişələnən 150 illik tarixi milli tariximizin ən səlis, ən dürüst tarixinin güzgüsüdür. Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamda deyildiyi kimi:
“Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır.”
Bu yubiley ilində az da olsa millətimizin maarifpərvər ziyalılarının iki əsr bundan öncə ömürlərini millətin xoş gələcəyi üçün şam kimi əritdikləri anları ruhən yaşamaq istədik. İnanırıq ki, ölkə başçımızın verdiyi sərəncam jurnalistikamızın gələcəyinə tutulan bir işıq olaraq onun hədəflərini daha aydın göstərəcək.

Şərif Kərimli, yazıçı-jurnalist,

GAXA.ge