Dövlət Naziri Tea Axvlediani Kaxeti bölgəsində yerli əhali ilə görüşüb

Dövlət naziri Tea Axvlediani Kaxeti bölgəsinin kəndlərində görüşlər keçirib və çoxkomponentli məlumat kampaniyasına başlayıb.
Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani Kaxeti bölgəsində yerli əhali ilə görüşlər keçirərək illik məlumat kampaniyasına başlayıb.
Nazir Laqodexi və Telavi bələdiyyələrində etnik azlıqların sıx məskunlaşdığı kəndlərin - Gəncəli, Qabal, Qaracalar və Uzuntala bələdiyyələrinin əhalisini kampaniyanın əsas məqsədləri və onlar üçün yaradılan imkanlarla tanış edib.
Bundan əlavə, görüşlərdə Tea Axvlediani əhaliyə vətəndaş inteqrasiyası siyasəti çərçivəsində əldə olunan irəliləyişlər və gələcək planlar barədə məlumat verib. Dövlət naziri vətəndaş bərabərliyi və inteqrasiyası dövlət siyasətinin prioritet vəzifəsi olan və vahid hökumət yanaşması ilə həyata keçirilən qeyri-gürcüdilli vətəndaşların ictimai həyatın müxtəlif sahələrinə cəlb edilməsinin və iştirakının vacibliyini vurğulayıb.
Məlumatlandırma kampaniyası çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən tematik görüşlər keçiriləcək, onları maraqlandıran məsələlərlə bağlı əhaliyə hərtərəfli məlumat veriləcək.
“Dövlət tərəfindən yaradılan imkanlar və dəstək proqramları haqqında məlumat və izahatların verilməsi xüsusilə etnik azlıqların sıx məskunlaşdığı kəndlərin gürcüdilli olmayan, hələ də dövlət dilini lazımi səviyyədə bilməyən əhalisi üçün vacibdir. Səhiyyə, təhsil və kənd təsərrüfatı sahəsində ənənəvi olaraq belə interaktiv görüşlər nəticəsində etnik azlıqların nümayəndələrinin məlumatlılığı və onların xidmətlərə çıxış imkanları yüksəlir ki, bu da onların sosial-iqtisadi dəstəyi məqsədlərinə xidmət edir və öz növbəsində bərabərhüquqlu və daha inteqrasiya olunmuş cəmiyyətin möhkəmlənməsinə töhfə verir”, - deyə Dövlət naziri Tea Axvlediani bildirib.
Görüşlərdə Kaxeti vilayətinin dövlət nümayəndəsi Giorgi Aladaşvili, Laqodexi və Telavi bələdiyyələrinin merləri də iştirak edib və çıxış ediblər.
Dövlət Naziri Aparatının rəhbərliyi və əlaqələndirilməsi, regionun yerli özünüidarəetmə orqanları ilə sıx əməkdaşlıq və dövlət qurumlarının nümayəndələrinin bilavasitə iştirakı ilə Kaxeti regionunda dövlət proqramları və xidmətləri ilə bağlı çoxkomponentli məlumat kampaniyası aparılacaq.
GAXA.ge