Azərbaycan Səfiri Faiq Quliyev Braziliyanın Gürcüstana yeni təyin olunmuş Səfiri Karlos Martins Ceglia ilə görüşüb

Cari ilin 4 iyul tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Braziliya Federativ Respublikasının Gürcüstanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Karlos Martins Ceglia ilə görüşüb.
Görüş əsnasında həmkarını salamlayan Səfir F.Quliyev yeni təyinatı münasibətilə K.M.Ceglianı təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzu etmişdir.
Strateji tərəfdaşlar olan Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli əməkdaşlıq münasibətləri, hər iki ölkənin iştirakı ilə həyata keçirilən iqtisadi yönümlü regional layihələr barədə həmkarına məlumat verən diplomat, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bütövlükdə Cənubi Qafqaz regionunun rifahına və təhlükəsizliyinə töhfə verdiyini vurğulamışdır. Diplomat eyni zamanda, 30 ilədək Ermənistan tərəfindən işğal altında saxlanılmış və 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatı nəticəsində azad edilmiş əzəli ərazilərimizdə postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri barədə də həmsöhbətinə məlumat vermişdir.
Öz növbəsində Səfir K.M.Ceglia keçirilmiş nəzakət görüşündən məmnun olduğunu ifadə etmiş, görüş üçün yaradılmış fürsət üçün, o cümlədən Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq münasibətləri və bu əlaqələrin bütövlükdə Cənubi Qafqaz bölgəsinə verdiyi töhfələr barədə bölüşdüyü ətraflı məlumata görə diplomata təşəkkürünü bildirmişdir.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

GAXA.ge