Tbilisidə Azərbaycan ədəbiyyatı guşəsinin açılışı olub

Tbilisidə Azərbaycan ədəbiyyatı guşəsinin açılışı olub (30 may 2025)/. Azərbaycan və Gürcüstan arasında mədəni əməkdaşlıq sahəsində növbəti addım kimi, qarşılıqlı razılaşmaya əsasən, Gürcüstan Milli Kitabxanasında daimi Azərbaycan ədəbiyyatı guşəsi yaradılıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, guşənin açılış mərasimi bu gün Tbilisidə baş tutub. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Gürcüstan ictimaiyyətinin tanınmış nümayəndələri, ziyalılar, yazıçılar, eləcə də soydaşlarımız iştirak ediblər. Açılış mərasimində çıxış edənlər Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin dərin köklərə malik olduğunu vurğulayıb, bu təşəbbüsün iki ölkə arasında dostluğun və mənəvi bağların gücləndirilməsinə xidmət etdiyini bildiriblər. Azərbaycan tərəfdən tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, nazirin müşaviri Orxan Fikrətoğlu, MİMTA icraçı direktor müavini Kənan Şəbiyev də iştirak ediblər. Guşəyə 200-dən artıq Azərbaycan ədəbiyyatı nümunəsi təqdim olunub. Layihə çərçivəsində kitabxana fondunun daimi olaraq yenilənməsi planlaşdırılır. Bu, son iki il ərzində xaricdə yaradılan 6-cı daimi Azərbaycan ədəbiyyatı guşəsidir. Növbəti mərhələdə Çin və Macarıstanda da bu cür guşələrin yaradılması nəzərdə tutulur. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanasında Gürcüstan ədəbiyyatına həsr olunmuş guşə artıq 2009-cu ildən fəaliyyət göstərir. Onun sözlərinə görə, bu təşəbbüslər xalqlar arasında mədəni körpülərin daha da möhkəmlənməsinə səbəb olur.

GAXA.ge