Dmanisidə - Ana dilimiz – varlığımızdır... mövzusunda II İnşa yazı müsabiqəsinin ilk turu keçirilib

Gürcüstanda soydaşlarımızın kompakt halda yaşadıqları qədim Başkeçid – indiki Dmanisi bələdiyyəsində fəaliyyət göstərən azərbaycandilli məktəblərin yuxarı sinif şagirdləri arasında unudulmaz soydaşımız - görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin ilk turu keçirilib. GAXA-nın məlumatına görə, bu barədə ZiM.Az xəbər verib. Bildirilib ki, 2025-cü ilin mart ayından ictimaiyyətə elan olunan II İnşa yazı müsabiqəsinin ilk turuna Dmanisidə fəaliyyət göstərən "Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi"nin təşkilatçılığı ilə mart ayında start verilib. Bu münasibətlə mayın 23-də Dmanisi Tədris Mərkəzində təntənəli tədbir keçirilib.
Əvvəlcə mərhum akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra "Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi"nin sədri Kamran Xıdırov giriş sözü ilə tədbiri açaraq, akademik Mədəd Çobanovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən söz açıb, unudulmaz alimin olduqca mənalı həyatının Tbilisi və Bakı dövrləri haqqında iştirakçılara geniş məlumat verib.
Kamran Xıdırov bildirib ki, Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun təşkilatçılığı ilə əsası qoyulmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin ana dilimizə olan sevgilərini daha da artırmaq, onları Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir. Elə buna görə də, müsabiqənin davamlı olacağına əminliyini bildirib və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyini vurğulayıb.
Kamran müəllim böyük sevinc hissi ilə Dmanisidə ilk dəfə keşirilən müsabiqədə bələdiyyənin müxtəlif məktəblərindən gəlmiş 75 nəfər şagirdin iştirak etdiyini bildirib və onu da diqqətə çatdırıb ki, Yırğançay, Qarabulaq, Hamamlı, Səfərli, Yuxarı Oruzman ictimai məktəblərinin, həmçinin Dmanisi 2 nömrəli məktəbin şagirdləri xüsusilə fəallıq göstəriblər. Məhz onların arasından seçilərək 25 nəfərin Marneulidə keçiriləcək ikinci mərhələyə vəsiqə alacağını vurğulayıb.
Sonra söz Gürcüstan Parlamentinin sabiq deputatı Ruslan Hacıyevə verilib. Ruslan müəllim öz çıxışında ana dilini öyrənməyin bir borc olduğunu, akademik Mədəd Çobanov irsini araşdırmağın, onu qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulamışdır. O, özünə güvənərək müsabiqədə iştirak edən bütün şagirdlərin elə əvvəlcədən mənəvi olaraq qalib olduğunu bildirmişdir. Çünki onlar ana dili uğrunda yarışmışlar.
Dmanisi Resurs Mərkəzinin direktoru Maya Xmalaca şagirdlər arasında bu cür inşa müsabiqələrinin keçirilməsinin əhəmiyyətini vurğulayıb və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb.
Daha sonra Təşkilat komitəsinin sədri, ali məktəbdə akademik Mədəd Çobanovun tələbəsi olmuş professor Mahmud Kamaloğlu çıxış edərək, görkəmli türkoloq, tanınmış diliçi-alim, aka-demik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş və əsası ötən il qoyulmuş 2 mərhələli İnşa yazı müsabiqənin Dmanisidə keçirilən ilk turunda iştirak edən şagirdlərin ana dilimizlə bağlı “Ana dilimiz - varlığımızdır!..”, “Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri”, “Azərbaycan - Gürcü mədəni əlaqələrinin inkişafında Akademik Mədəd Çobanovun rolu”, “Akademik Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi pedaqoji fəaliyyətinin Tiflis dövrü” və “Akademik Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi” mövzusunda yazdıqları inşalarda ana dilimizin zənginlikləri barədə öz fikirlərini böyük həvəslə və bir-birindən maraqlı tərzdə bölüşdüklərini bildirib.
Daha sonra Hamamlı məktəbinin müəllimi Təhminə Muradova və başqaları çıxış edərək görkəmli diliçi alim, akademik Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıb, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.
Tədbirdə çıxış edənlər unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də xüsusi önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar, şagirdlərə uğurlar diləyiblər, eyni zamnada, bəzi mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Onlar son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqlərdə iştirakının və fəallığının ürəkaçan olduğunu və məhz ana dilimizin inkişafına yönəldiyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarına mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar hədiyyə olunub, xatirə foto-şəkillər çəkilib.

GAXA.ge