Doktor Cavad Heyətin elmi yaradıcılığına həsr olunmuş monoqrafik kitab çapdan çıxıb

Güney Azərbaycanla bağlı çox sayda əhatəli məqalə və kitabları ilə tanınan AMEA-nın dosenti, filologiya elmlər doktoru Pərvanə Məmmədlinin “Doktor Cavad Heyət “Varlıq” adlı monoqrafiyası çapdan çıxıb. GAXA-nın məlumatına görə, nəşr olunan kitab barədə AZƏRTAC xəbər verib. 


Məlumata görə, kitabın elmi məsləhətçisi professor Yavuz Akpinar, redaktoru filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.


Kitab Azərbaycan və İran elminə, mədəniyyətinə, ədəbiyyatına və ictimai fikrin inkişafına misilsiz töhfələr vermiş dünya şöhrətli alim, türkologiya və tibb sahəsində yeniliklərə imza atmış tanınmış həkim, ictimai xadim, araşdırıcı, publisist və “Varlıq” jurnalının yaradıcısı doktor Cavad Heyətlə bağlıdır.


Cavad Heyətin ömür yolu və çoxyönlü yaradıcılığına həsr olunmuş monoqrafiyada onun elmi araşdırmaları, ədəbi və publisistik məqalələri, eləcə də özünün ayrıca olaraq xatirə yazıları toplanıb. Yeni nəşr bu mövzuda yazılmış ilk kitab sayılır.

Kitabın sonunda Cavad Heyətin dərc olunmuş əsərlərinin tam monoqrafiyası verilib.


Çox sayda əhatəli məqalə və kitabları ilə tanınan AMEA-nın dosenti, filologiya elmlər doktoru Pərvanə Məmmədli bu monoqrafiyanı doktor Cavad Heyətin anadan olmasının 100 illiyinə ithaf edib.

Gürcüstan Azərbaycanlı Xəbər Agentliyi adından hörmətli Pərvanə xanıma elmi yaradıcılıq və araşdırma yollarında və digər təqdirəlayiq fəaliyyətində böyük uğurlar arzulayırıq!

GAXA.ge