Heydər Əliyev:- Mən siyasəti seçmədim, tale məni siyasətə gətirdi
Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə “Azerbaijan İnternational” jurnalına müsahibəsi
“Azerbaijan International” jurnalının baş
redaktoru Betti Bleyerin 1994-cü ildə ümummilli lider Heydər Əliyevdən aldığı
müsahibə elə həmin ildə jurnalda ingilis dilində oxuculara təqdim edilmişdir.
Müsahibənin aktuallığını nəzərə alaraq ingiliscədən Azərbaycan dilinə tərcüməsini
ilk dəfə qəzetimizdə dərc edirik.
Betti Bleyer: – Cənab Əliyev, mümkünsə, sizin şəxsi
həyatınızın bəzi tərəfləri ilə maraqlanmaq istəyirəm. Mən dövlətlə heç bir əlaqəsi
olmayan, siyasi və iqtisadi məsələlərdən bəhs etməyən bir neçə sual vermək istərdim.
Heydər Əliyev: – Əlbəttə, buyurun!
– İş fəaliyyətinizin çox hissəsini Rusiyada
keçiribsiniz, əksəriyyət – hamı sizin rus dilində son dərəcə yaxşı
danışdığınızı düşünür. Bununla yanaşı, azərbaycanlıların əksəriyyəti sizin Azərbaycan
dilində danışıq qabiliyyətinizlə onları necə heyrətləndirdiyinizi mənə deyiblər.
Dilləri belə daha tez və mükəmməl öyrənmək təcrübələriniz hardandır?
– Azərbaycan dili mənim doğma dilimdir.
Naxçıvanda orta məktəb illərində rus dilini öyrəndim. O zaman rus dilini cəmi
bir neçə nəfər bilirdi. On altı yaşımda Bakıya gəldim və memar olmaq istədim.
Lakin universitetə gedəndə mənə dedilər ki, bütün mühazirələr rus dilində
olacaq. Sonralar Moskvada və Sankt-Peterburqda təhsil aldım. Həyatımın qalan
hissəsi rus dili ilə əlaqəli olmuşdur. Mənim həyat yoldaşım da rusca təhsil
almışdı və biz evdə birlikdə rus dilində danışırdıq.
– Bəs, Azərbaycan dili haqqında nə deyə bilərsiniz?
– Xoşbəxtlikdən gəncliyimdə Azərbaycan ədəbi
dilini öyrəndim. Azərbaycanca danışan kimsənin olmadığı Moskvada on il
yaşamağıma baxmayaraq, Azərbaycan dilini heç vaxt unutmamışam. Azərbaycan
dilini heç vaxt unutmadım. Burada – Azərbaycana 14 il rəhbərlik etdim, məhz
buna görə də bəzən rusca fikirləşirəm və Azərbaycanca danışıram. Başqa
vaxtlarda bu əksinə olur, mən Azərbaycanca fikirləşirəm, lakin rus dilində
danışıram.
– 1993-cü il oktyabrın 2-də Prezident seçkisi
qabağı nitqinizi beynəlxalq müşahidəçilərə siz özünüz Azərbaycan və rus dilində
tərcümə etdiniz. Hər ikisinin, Azərbaycan və rus dilinin ingiliscə tərcüməsi
ideyaların ardıcıllığı və şərhi də daxil olmaqla bir-birinə son dərəcə çox
yaxın idi.
– Çıxışımın əvvəlində başa düşdüm ki, rus tərcüməçisi
yaxşı tərcümə etmir, beləliklə, mən özüm tərcümə etməyə qərar verdim. Siz
gördünüz ki, mən iki saat – bir saat Azərbaycan və bir saat rus dilində fasilə
vermədən danışdım. Mən heç bir qeyddən istifadə etmədim və fikirlərimin
ardıcıllığını itirmədim. Bu, mənim üçün o qədər qeyri-adi deyildir. Oğlum mənə
dedi ki, çox az adam bunu edə bilər. Bu, onun fikridir.
Siz haqlısınız, kifayət qədər çox azərbaycanlı
Azərbaycan dilində yaxşı danışmır. Çoxları ədəbi dildən necə istifadə etməyi
bilmir, onlar çox sadə – pis tələffüzlə və düzgün olmayan ifadəylə danışırlar.
Mən Moskvada yaşayanda ruslar deyərdi: “Heydər
Əliyev rus dilini ruslardan daha yaxşı danışır!” Mən Kremldə və televiziyada
nitq söyləyirdim. Hər yerdə insanlar çıxışlarımı televiziyadan izləyirdi. Hətta
1983-cü ildə “Taym maqazin” (“Time Magazine”) şəklimi də dərc etməklə mənim
haqqımda bir məqalə
vermişdi. Məqalədə yazılmışdı: “Heydər Əliyev
müsəlmandır, ancaq o, Rusiyada rusların çoxundan rus dilində daha yaxşı
danışır”.
– Mən bilirəm ki, Azərbaycan dilinin burada, Azərbaycanda
ana dili kimi yaşadılmasında sizin, həqiqətən, xidmətiniz olub.
– Bəli, 1978-ci ildə Azərbaycan yeni
Konstitusiya qəbul etdi. Konstitusiyada Azərbaycan dili haqqında mühüm bir maddə
vardı – Azərbaycanın rəsmi dövlət dili Azərbaycan dilidir. Mən bu maddənin
yazıldığı Konstitusiyanın qəbul edilməsinə cavabdeh idim. Başqa respublikalarda
bu kimi hal mövcud deyildi. Məsələn, Ukraynanı götürün, o vaxt belə bir maddəni
yazmaq asan deyildi, ancaq mən buna nail oldum.
– Naxçıvanda böyümüsünüz. Mən bilmək istəyirəm
ki, Naxçıvan sizin inkişafınıza hansı töhfələr verib və sizin bir şəxsiyyət
kimi formalaşmağınıza necə təsir göstərib?
– Naxçıvanın mənim həyatıma böyük təsiri
olmuşdur. Mən bütün gəncliyimi orada keçirdim. Orta məktəbi orada bitirdim. Mənim
çox yaxşı müəllimlərim var idi. Ciddi müəllimlər idilər. Naxçıvanda çox yaxşı təhsil
aldım. Mən orada teatra çox gedərdim – Naxçıvanda əla teatr vardı. Naxçıvan qədim
sivilizasiyaya, çoxlu tarixi hadisələrə və tarixi ənənəyə malikdir. Bu mühitdə
tərbiyə olundum və məni zənginləşdirən də, həmin mühit oldu. Digər tərəfdən, mən
orada çox çətin həyat yaşadım. Atam dəmir yolu işçisi idi. Bizim ailəmiz böyük
idi. Biz beş qardaş və üç bacı idik, atamın qazancı az idi. Biz çətinlik içərisində
böyüdük. Ancaq mən çox yaxşı təhsil aldım. Mən həyatımdan məmnun və xoşbəxt
idim. Atam 1942-ci ildə vəfat etdi. Anam çox ağıllı qadın idi, mən deyərdim ki,
o, Tanrı tərəfindən verilmiş bir müdrikliyə malik idi və hamımızın çox yaxşı təhsil
alması üçün gərgin işlədi. Biz hamımız alim və professor olduq. Bir qardaşım rəssam
idi. Və ondan sonra mənəm. Professor olmayan təkcə mənəm.
Naxçıvan mənim həyatımda böyük rol oynadı.
Moskvada yaşamaq mənim üçün mümkün olmadığı dövrdə, 1990-cı ildə ikinci dəfə
Naxçıvana qayıtdım. Əvvəl Bakıya gəlmişdim, ancaq Bakıda yaşamağıma icazə vermədilər.
Beləliklə, mən Naxçıvana qayıtdım və orada hamı məni doğma oğul kimi bağrına
basdı.
– Sizdən həyat yoldaşınız haqqında soruşmaq istəyirəm.
O, necə insan idi və sizin həyatınıza necə təsir etdi?
– Mən onu hədsiz dərəcədə çox sevirdim. O,
ixtisasca göz həkimi, çox gözəl insan idi. O, yaxşı ailədə böyümüş çox ağıllı
qadın idi. Onun atası da professor idi. O, gözəl xarakterə malik, ağıllı və mədəni
idi. 1985-ci ildə Moskvada vəfat etdi. Bu, mənə böyük bir zərbə idi və çox dərindən
təsirləndim. Onu itirmək mənim üçün böyük faciə idi.
– Siz əksəriyyət üçün necə xatırlanmaq istəyərdiniz?
– Mən hər iki sahəyə – mədəniyyətə və
iqtisadiyyata verdiyim töhfələrin xatırlanmağını istəyərdim, nəyin
xatırlanmasını xüsusi deyə bilmərəm. Mən burada – Bakıdakı müasir binaların
çoxunu tikmək üçün icazə almağa cavabdeh idim. Məsələn, bu Prezident Aparatının
binası və Parlament binası. Həmçinin o mehmanxanalar – Azərbaycan və Abşeron
mehmanxanaları. Bakının fabriklərinin çoxu mənim hakimiyyətdə olduğum dövrdə
tikildi.
– Beləliklə, siz, nəhayət, memar olmağı həqiqətən
bacardınız!
– Bəli, memar kimi deyil, ancaq Respublikanın rəhbəri
kimi.
– Əgər siz siyasətlə məşğul olmasaydınız, hansı
peşəni seçərdiniz?– Həqiqətən, mən memar olmağı planlaşdırırdım. Memar olmağı
çox sevirdim. Mən özüm siyasəti seçmədim. Tale məni siyasətə gətirdi. Həyatda təkcə
bir şeyi seçdim. Mən on altı yaşımda memar olmaq istədim. Baş vermiş qalan
bütün hadisələrin hamısını tale müəyyən etdi. Mən heç vaxt işlədiyim vəzifələrin
heç birini özüm seçmədim. Məsələn, Dövlət Təhlükəsizlik Komitəsində işlədim.
General oldum. Mən bunu özüm seçmədim. Tale ora məni apardı. 1969-cu ildə mən
Azərbaycanın rəhbəri olmağı düşünmürdüm, ancaq onlar məndən bunu xahiş etdi. O
zaman mən hərbi general idim və sonra respublikanın rəhbəri oldum. Sonra məni
Moskvaya Baş nazirin birinci müavini vəzifəsinə dəvət etdilər və oraya getdim.
Sonra orada işləmək mümkün olmadı, mən işimdən imtina etdim. 1987-ci ildə
istefaya çıxdım. Amma yenidən xalq məni prezident olmağa dəvət etdi. Mən
prezident olmaq istəmirdim. Xalq məndən bunu xahiş etdi.
– Ancaq tarixi baxımdan siz hər iki – Sovet
sistemində və indiki müstəqillik dövründə ölkənizin dövlət başçısı məsuliyyətini
öz üzərinə götürən dünyada çox nadir insanlardan birisiniz. Prezident nöqteyi-nəzərindən
bu sistemlərin arasında hansı əsas fərqləri görürsünüz?
– 70 il ərzində Azərbaycan Marksizm–Leninizm
ideologiyasının çox yaxşı təbliğ olunduğu, hökumətin iqtisadiyyat, Kommunist
Partiyası qaydaları, vətəndaşlar üzərində fərdi və toplum halda ciddi nəzarəti
mərkəzləşdirilmiş qaydada həyata keçirən Kommunist rejiminin idarəçiliyi
altında yaşamışdır. Azərbaycanda demokratiyaya və açıq cəmiyyətə doğru bugünkü
keçid prosesi isə çox mürəkkəb və unikaldır.
İcazə verin, hökumətin və hakimiyyətin əvvəlki
təcrübələrinin bəzilərini bizim indi üzərində işlədiyimiz, nailiyyət əldə etmək
üçün cəhd etdiyimiz yeni üsullarla - demokratik cəmiyyət və azad bazar
iqtisadiyyatı modeli ilə müqayisə edim. Təcrübə göstərir ki, belə bir dəyişiklik
üçün əsas ünsürlər, hökumətə plüralist yanaşma olmalıdır. Demokratik təsisatlar
və insan azadlığı gücləndirilməlidir və biz bazar iqtisadiyyatına keçməliyik.
İndiki dövrdə Azərbaycanda 40-dan çox fəal
siyasi partiya var. Cürbəcür dövri mətbu orqanlar və 600-dən çox siyasi qəzet nəşr
edilir. Özəl sektor və fərdi şəxslər ölkənin sosial-iqtisadi və siyasi gələcəyini
formalaşdırmaqda daha böyük rol oynamağa başlayırlar. Mənim fikrimcə, bunların
hamısı bizim cəmiyyətimiz üçün sağlam yeni modeli, düzgün yolla qurmağa töhfə
verir.
– Bu iki sistemin arasında keçid mərhələsini
yaşayan Azərbaycan hansı ən böyük problemlərlə üzləşir?
– Kommunist dövründən sonrakı yenidənqurma çox
mürəkkəb prosesdir. Bizim resurslarımızın böyük bir hissəsinin müstəqiliyimizin
qorunub saxlanılmasına və erməni təcavüzünə qarşı ərazi bütövlüyümüzün müdafiəsinə
həsr olunması vəziyyətimizi daha da mürəkkəbləşdirmişdir. Keçid dövrü – zəruri
təkamül prosesidir. Ancaq bizim ölkəmizə üstünlüklər verən çox unikal
faktorlarımız var. Hər şeydən əvvəl, bizim coğrafiyamıza baxın. Allah bizim ölkəmizə
hədsiz dərəcədə zəngin təbii ehtiyatlar bəxş edib. Bundan başqa, bizim güclü,
texnologiyanı mənimsəmiş işçi qüvvəmiz var. Neftdən başqa, həmçinin bizim kənd
təsərrüfatı sənayemiz demək olar ki, inkişaf etdirilir.
Tarixi nöqteyi-nəzərdən danışsaq, demokratiya
ideyası bizim üçün yeni deyildir. Azərbaycanda demokratiyanın, parlamentarizmin
ənənəvi tarixi var. Biz müsəlman dövlətlərinin tarixində ilk dəfə Azərbaycan
Demokratik Respublikasını – Xalq Cumhuriyyətini (1918-1920) yaratmışıq. O zaman
ilk parlamentdə 10-dan artıq siyasi partiya təmsil olunub.
Başqa sözlə, bizim siyasi tariximiz idarəetmənin
sivil formalarına əsla yad olmamışdır. Bir halda ki, bizim bu modelimiz var,
xüsusilə indiki şəraitdə xalqımızın ehtiyaclarına həssas yanaşaraq, siyasi
plüralizm ilə müşayiət edilən, tarixən vətəndaş konsepsiyasına əsaslanmış bu dəyərləri
bərpa etməyi əsas məqsədimiz və vəzifəmiz hesab edirik.
– Hər kəs neft müqavilələrinin imzalanmasını səbirsizliklə
gözləyir. Azərbaycan tərəfinin, ölkənin gələcəyinə böyük təsir göstərəcək bu sənədlərin
layihəsinin hazırlanmasında qarşılaşdığı çətinliklər hansılardır?
– Neft müqavilələri haqqında bizim mövqeyimiz
belədir: biz bütün tərəflərə qarşılıqlı xeyir verən yanaşma tərzini dəstəkləyirik.
Bütün tərəflərin maraqlarına zəmanət verəcək birgə yanaşma prinsipinə nail
olmaq lazımdır. Bu müqavilələrə hamı üçün qarşılıqlı xeyir verən, düzgünlüyün və
əməkdaşlığın əsasında nail olunmalıdır.
Azərbaycan hökuməti dünyanın nəhəng neft
korporasiyaları ilə müqavilələrimizin nəticəsində ölkəmizin məqsədlərinə nail
olmasını səbirsizliklə gözləyir. Biz ölkəmizin iqtisadi müstəqilliyini gücləndirmək
istəyirik. Biz vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək istəyirik. Biz
insanlarımıza güclü özünümüdafiə, sərbəstlik və daha yaxşı ali təhsilə nail
olmaları üçün şərait yaratmaq istəyirik. Mən Amerika Birləşmiş Ştatları və digər
Qərb ölkələrinin neft şirkətləri ilə əməkdaşlığımızın siyasi, iqtisadi, elmi və
mədəni sahələrdə də digər layihələrin reallaşdırılması və gələcəkdə yaxın əlaqələrimizin
inkişafı ilə nəticələnəcəyinə ümid edirəm. Mənim hər iki tərəf üçün bu əməkdaşlığın
xeyirli nəticə verəcəyinə böyük ümidlərim var.
– Neft müqavilələrinin imzalanması regional
problemlərə necə təsir göstərəcək?
– Mən əminəm ki, bu müqavilələrin nəticəsi bizə
iqtisadi müstəqilliyi gətirməklə bərabər, hər iki – həm regional, həm də beynəlxalq
aləmdə bir daha siyasi vəziyyəti möhkəmləndirəcək, Azərbaycana kömək edəcək.
Şərq və Qərb arasındakı gərginliklər köhnə
sovet sisteminin, “soyuq müharibə”nin sonu, “soyuq müharibə”nin və silahların
son bazasının dağılması ilə xeyli zəifləşmişdir. Bu dəyişikliklər bəzi millətlərin
yenidən müstəqillik əldə etməsinə gətirib çıxarmışdır. Baxmayaraq ki, bu dəyişikliklər
ilə çoxlu köhnə problem və münaqişələr yox olmuşdur, indi dünyada sülh və sivilizasiyanın
bərqərar olmasına, xüsusilə təsir baxımından köhnə problemlərdən heç də az əhəmiyyəti
olmayan potensial təhlükəli problemlər var.
– Azərbaycanın üzləşdiyi problemlə bağlı dünya
ilə hansı məsələni paylaşmaq istəyirsiniz?
– Biz minilliyin astanasındayıq, lakin təəssüf
ki, biz hələ də təcavüzkar millətçiliyin, etnik təmizləmənin və dini konfliktlərin
qorxunc problemləri ilə məşğul oluruq. Bizim yeni müstəqil respublikamız qonşu
ölkənin (təcavüzkar Ermənistan Respublikasını nəzərdə tutur - S.A.)
qeyri-insani təcavüzünün qurbanı olmuşdur.
Bu problemlər, həqiqətən, dünya birlikləri tərəfindən
müzakirə edilməlidir. Nüfuzlu və güclü ölkələr – ABŞ və başqa sənayeləşdirilmiş
Qərb dövlətləri bu münaqişələrin həll edilməsinə və regionda davamlı sülhə və
sabitliyə nail olmağa kömək etməkdə gərək aparıcı rol oynasınlar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) çiyinlərində
bütün tərəflərin maraqlarını nəzərə alan beynəlxalq hüquq normaları çərçivəsində
təsdiq və qəbul etdiyi qərarın praktik həyata keçirilməsi kimi ağır yük var.
– İndi çox gecdir, demək olar ki, gecə saat
2-dir. Sizinlə görüşmək üçün mənə şərait yaratdığınıza və vaxt ayırdığınıza görə
minnətdarlıq edirəm. Mən, həqiqətən, bilmirəm ki, siz bu qədər gec, gecə
yarısında bu cür gərgin iş qrafiki ilə necə işləyirsiniz?
– Mən həmişə belə işləyirəm. Ötən 50 il ərzində,
mən bu cür işləmişəm, təxminən səhər saat 10-11 arasında işə gəlir, bir dəfə
axşam saat 7 ərəfəsində nahar fasiləsi götürür və yenidən gecə yarısına, saat
2, yaxud 3-ə qədər işləyirəm. Həqiqətən, bu iş qrafikini necə tənzimlədiyimi də
bilmirəm. Görünür, hər halda bu həmişə belə də olmalıdı.
Ancaq mən də sizə Azərbaycana gəldiyiniz üçün təşəkkür
edirəm. Azərbaycanın qapısı həmişə üzünüzə açıqdır. Mən ümid edirəm ki, siz
burada müşahidə etdiklərinizi, özünüz üçün yazdığınız qeydlərinizi Amerikaya və
bütün dünyaya çatdıracaqsınız.
Mənbə: "Xalq qəzeti"
İngilis dilindən tərcümə etdi:
Süsənbər AĞAMALIYEVA,
Naxçıvan Dövlət Universiteti Tərcümə Mərkəzinin
əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru
GAXA.ge
