Naxçıvan–Urumçi qardaşlığı: Azərbaycan – Çin əməkdaşlığında yeni mərhələ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə səfəri çərçivəsində Naxçıvan şəhəri ilə Sincan-Uyğur Muxtar Vilayətinin paytaxtı Urumçi şəhəri arasında qardaşlaşma haqqında niyyət protokolunun imzalanması mühüm siyasi, iqtisadi və eyni zamanda mədəni əhəmiyyət daşıyır. Bu əhəmiyyətli hadisəni Çin ilə Azərbaycan arasında mövcud olan strateji əməkdaşlığın yerli səviyyədə dərinləşdirilməsi baxımından önəmli mərhələ kimi qiymətləndirmək olar.
Naxçıvanın geosiyasi mövqeyi – İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşməsi onu Qafqazda mühüm tranzit və əlaqələndirici mərkəzə çevirir. Eyni zamanda, Urumçi Çinin qərb bölgəsinin mərkəzi olmaqla yanaşı, "Bir Kəmər, Bir Yol" təşəbbüsündə Orta Asiyaya çıxış nöqtəsi kimi xüsusi yer tutur. Bu baxımdan iki şəhər arasında münasibətlərin rəsmi əsasda qurulması yeni nəqliyyat, ticarət və mədəniyyət imkanlarının yaranmasına zəmin yaradır.
Naxçıvan–Urumçi qardaşlığı çərçivəsində birgə layihələr üçün geniş sahələr mövcuddur. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də humanitar xarakter daşıya bilər. Məsələn, ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, birgə elmitədqiqat təşəbbüsləri, Çin dilinin tədrisi və mədəniyyət günləri kimi tədbirlər vasitəsilə iki region arasında qarşılıqlı əməkdaşlıq güclənə bilər. Digər tərəfdən, bu münasibətlər daha geniş regional kontekstdə dəyərləndirildikdə,
Zəngəzur dəhlizi kimi strateji nəqliyyat layihələri ilə əlaqələndirildikdə “qardaşlığın” geoiqtisadi əhəmiyyəti artır. Çinin Orta Dəhlizə verdiyi dəstək və Zəngəzur marşrutuna marağı fonunda, Urumçi ilə Naxçıvan arasında qurulan körpü bu dəhliz üzərində yeni logistik xəttin formalaşmasına imkan verə bilər. Bu xətt Pekin–Urumçi–Naxçıvan–Türkiyə–Avropa ardıcıllığı üzrə böyük bir nəqliyyat şəbəkəsinin tərkib hissəsi ola bilər. Eyni zamanda, uyğur və azərbaycanlı türklər arasında mədəni yaxınlıq da bu əməkdaşlığın mənəvi əsaslarını gücləndirir. Uyğur məsələsinə yanaşmada Azərbaycan Çinə tərəfdaşlıq çərçivəsində anlayışlı və tarazlı mövqe sərgiləyir ki, bu da iki ölkə arasındakı əməkdaşlığın davam etməsinə müsbət təsir göstərir.
Naxçıvan ilə Urumçi arasında qurulan qardaşlıq münasibətləri, təkcə iki şəhər arasında deyil, bütövlükdə Çin–Azərbaycan əlaqələrinin yeni müstəvidə inkişafı baxımından strateji əhəmiyyət kəsb edir. Əgər bu niyyət ardıcıl şəkildə layihələrə çevrilərsə, Naxçıvan Çinlə ən sıx regional əməkdaşlıq edən mərkəzlərdən birinə çevrilə bilər. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki yerini daha da möhkəmləndirəcək.
Əziz QASIMOV,
Naxçıvan MR Ali Məclisinin deputatı
GAXA.ge