Qəzalar yazılmamış dramlar deyil, onların ssenarisini biz yazırıq – ehtiyatsızlıqla, laqeydliklə…
Qəzalar yazılmamış dramlar deyil, onların ssenarisini biz yazırıq – ehtiyatsızlıqla, laqeydliklə…
Təəssüf ki, son vaxtlar qəza xəbərləri artıb. Əsasən də bu xəbərlər soydaşlarımızım kompakt yaşadığı Marneulidən gəlir… Bəzən biri sürəti aşır, amma günahsız, yavaş sürən insanı vurub həyatdan aparır. Bir ailəni yasa qərq edir, bir ananı göz yaşında qoyur.
Əziz qardaşlar, əziz gənclər maşını sürətli serməyin, Yolun Sonu Qəbir Olmasın Deyə…
Maşını sürün, həyatları, ömürləri deyil…
Bəli! Ötən günlərdə Marneulidə yenə bir qəza xəbəri aldıq, yenə bir ailənin ocağı söndü…
20 yaşlı Məhəmmədin gedişi təkcə Kolayır kəndini deyil, bütün Borçalını yasa bürüdü.
Həyatın ən gözəl çağında, anaların duaları hələ tam çatmamış… yol yarımçıq qaldı.
Elə də yaraşıqlı, nur simalı bir gənc idi ki… Gözlərində həyat, ümid, arzular vardı. Hələ yolun başlanğıcında ikən – onu itirmək çox ağırdır. İnsan düşünəndə inanmaq istəmir… Amma nə edək… Qismət deyib keçək hər qəzada?????
Nə oldu bizə?
Niyə bu qədər tələsirik?
Hara çatmağa çalışırıq ki, cənazələrimiz bizdən tez çatır?
Sürət – bəli, adrenalin gətirir… Bir anlıq onu da düşünün ki, amma sürət eyni zamanda cənazə evi, ağlaşma, anaların göz yaşını da özü ilə gətirir.
Bu gün sevdiyiniz maşının sükanı arxasında ola bilərsiniz… sabah bir fotonuz yol kənarında, qara lentlə dola bilər.
Əziz gənclər,
Maşını sürəndə həyatınızı düşünün, ananızı düşünün, bacınızı, qardaşınızı, atanızı, dostlarınızı düşünün.
Qəzalar yazılmamış dramlar deyil, onların ssenarisini biz yazırıq – ehtiyatsızlıqla, laqeydliklə…
Zəhmət olmasa, yavaş sürün…
Heç bir yer sizin həyatınızdan qiymətli deyil.
Analar göz yaşlarıyla deyil, dualarıyla yola salsın övladlarını…
Qəza xəbərini eşidəndə “Nə yaxşı ki, mənim övladım deyil” demək yerinə, heç kimin övladı olmasın deyə sürək.
Və bəlkə də zaman yetişib – sürət həddini aşanlara qarşı daha sərt qanunların qəbuluna…
Çünki bir həyat – yalnız bir saniyəyə, bir qəza xəbərinə baxır.
Həyat gözəldir. Onu sürətlə yox, sevgi ilə yaşayaq…
Bu ağır gündə Məhəmmədin ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Analar ağlamasın, yollar səssiz və təhlükəsiz olsun…
Ehtiramla,
Ruslan Həsənov-Azərbaycan Televiziyasının Gürcüstan bürosu