Gürcüstan Prezidenti Azərbaycan səfiri ilə regional vəziyyəti müzakirə edib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Prezident Mixeil Kavelaşvili ilə görüşüb. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat verib. Bildirilib ki, tərəflər ölkələrimiz arasında sıx dostluq münasibətlərini müsbət qiymətləndirib, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə ediblər.

Görüşdə regionun sabit və dinc inkişafının vacibliyi qeyd edilib. Prezident Mixeil Kavelaşvili bəyan edib ki, dünyada davam edən münaqişələr, müharibələr, geosiyasi gərginliklər fonunda regionda sabitliyin və sülhün qorunması daha vacib xarakter alır.

Görüş çərçivəsində hər iki tərəf Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığın daha dinamik olmasına hazır olduqlarını qeyd ediblər.

Prezident Mixeil Kavelaşvili Azərbaycan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib.

Söhbət zamanı Gürcüstan Prezidentinin aprelin 15-16-da Azərbaycan Respublikasına planlaşdırılan ilk rəsmi səfərinin təfərrüatlarına da toxunulub.

GAXA.ge