Yerin behişt olsun, Yaqub Zurufçu!..
Azərbaycanın əməkdar artisti Yaqub Zurufçunun
doğum günüdür. Yaşasaydı, 69 yaşını qeyd edəcəkdi. Allah rəhmət eləsin!
Cavid müəllimin Yaqub Zurufçu haqqında xatirəsini hörmətli oxuculara təqdim edirik.
Mart, 2016. Ordubad, Nüsnüs kəndi.
Anamın üç mərasimidir. Tanımadığım nömrədən zəng
gəlir:
- Cavid bəy, salam. Mən Yaqub Zurufçu.
- Salam. Buyurun, Yaqub bəy!
- Mətbuatdan ananızın vəfat etdiyi xəbərini
oxudum. Allah rəhmət eləsin!
- Allah ölənlərinizə rəhmət eləsin!
- Cavid bəy, biz şəxsən tanış deyilik. Amma
yazılarınızı həmişə izləmişəm, ruhən doğma saymışam sizi özümə. Ona görə də bu
ağır gününüzdə yanınızda ola bilməsəm də, telefonla başsağlığı verməyi özümə
borc bildim.
- Təşəkkür edirəm diqqətiniz üçün, Yaqub bəy!
- Bilirəm, ana itkisini heç bir ifadə ilə
ovutmaq mümkün deyil. Amma siz xoşbəxt adamsınız ki, ananız sizin çiyinlərinizdə
getdi. Mənsə anamı 20 il görə bilmədim, dünyasını dəyişəndə çiynimi tabutunun
altına verə bilmədim. Heç vaxt da anamın qəbrini ziyarət edə bilməmişəm.
Nə gizlədim, o ağır günlərdə aldığım ən böyük təsəlli
bu oldu. Hər dəfə anam yadıma düşəndə bu sözləri xatırladım. İndi mənə o təsəllini
verən adam yoxdur. Anasının, anamın olduğu dünyaya köç etdi. Yerin behişt
olsun, Yaqub Zurufçu!
Cavid İsmayıl, tarix üzrə fəlsəfə doktoru
GAXA.ge
P.S: Cavid müəllim! Sizi narahat edən Nizam Məmmədzadədir. Yaqub Zurufçu haqqında xatirənizi icazənizlə GAXA.ge saytında vermək istəyirəm. Sizin razılığınızı da alanda sevindim. Çünki o mənə də yaxın adam idi. APA-da işləyəndə bir gün o mənə zəng elədi ki, Tiflisdə konsert vermək istəyirəm. Bir oteldə yer tut. Borçalıdan da azərbaycanlıları dəvət edək, onlar üçün konsert təşkil edək, deyə istəyini məndən xahiş etmişdi. Bir həftə ərzində mənə mahnılarını göndərdi ki, qulaq as. Mənuniyyətlə mahnılarını dinlədim. Borçalıya gələcəyini gözlədim. Fəqət, konsert ona qismət olmadı.
Sizin yaxınlarınıza da, Yaqub Zurufçuya da Allah rəhmət eləsin! Ruhları şad olsun, Cavid müəllim!