Borjominin Möhtəşəm İnsanları
Borjomi insanları həqiqətən də inanılmazdır! Onların səmimiyyəti, qonaqpərvərliyi və isti münasibəti sözlə ifadə olunmaz. Hər addımda, hər baxışda, hər sözdə bu istiliyi hiss edirsən. Azərbaycanı və azərbaycanlıları o qədər sevirlər ki, bunu təkcə sözlərində yox, əməllərində də göstərirlər.
Bu şəhərin özünəməxsus aurası var – elə bil ki, buradakı hər kəs bir ailənin üzvüdür. Küçələrdə addımlayanda hiss edirsən ki, hamı bir-birini tanıyır, hər kəs bir-birinə doğmadır. Burada rastlaşdığım maraqlı hekayələr var, zaman tapıb sizinlə paylaşmağa çalışacağam.
Borjomi təkcə təbiətinin gözəlliyi ilə yox, insanlarının ruhunun işığı ilə də valeh edir. Burada olmaq insana xoşbəxtlik gətirir!
Borjominin Şirin Bacıları və Unudulmaz Təsuratlar...
Borjomiyə gəldiyim andan etibarən bu şəhərin ecazkar ruhunu hiss etdim. Onun möcüzəvi aurasını daha da parlaq edən isə Маико Гасишвили və İrina oldu. Bu şirin bacılar təkcə Borjominin deyil, elə mənim bu şəhərlə bağlı unudulmaz xatirələrimin də ayrılmaz hissəsinə çevrildilər. Onların səmimiyyəti, qonaqpərvərliyi və Azərbaycanla bağlı isti münasibətləri məni dərindən təsirləndirdi.
Fikirləşirdim ki, bir millət haqqında bu qədər gözəl təəssürat necə formalaşa bilər? Görəsən, vaxtilə hansı azərbaycanlılar bu iki gözəl insanda belə bir sevgi oyadıblar? Hansı sözlər, hansı əməllər, hansı insanlıq nümunələri Azərbaycanı onlara bu qədər doğma və əziz edib? Axı millətlər və ölkələr haqqında təəssüratları məhz insanlar yaradır. Demək, hər birimiz atdığımız hər addımda ölkəmizi və millətimizi təmsil etməyin məsuliyyətini daşıyırıq.
Maiko ilə söhbət etmək insana ayrı bir zövq verirdi. Onun şirin üslubu, mehriban gülüşü və Azərbaycan haqda səsləndirdiyi xoş sözlər ürəyimi isidirdi. O qədər səmimi və isti idi ki, saatlarla onunla danışmaq istədim. Dəfələrlə xahiş etdim ki, bu gözəl təəssüratlarını Azərbaycan tamaşaçıları da eşitsin, müsahibə versin. Amma nə özü, nə də bacısı razılaşmadı – onların səmimiyyəti təkcə sözlərdə yox, əməllərində də gizlənmişdi.
Maiko ilə sağollaşıb uzaqlaşmaq istəyəndə bir də baxdım ki, o, əllərində simvolik hədiyyələrlə mənə tərəf gəlir. Üzərində Borjomi yazısı olan bu xatirəlikləri mənə uzadaraq dedi:
– Buradan sizə bir xatirə qalsın…
O an sanki zaman dayandı. Üzərimdə Azərbaycanın adını daşıyan eyni bir hədiyyənin olduğunu xatırladım. Tərəddüdsüz ona uzatdım və dedim:
– Bu da sizə Azərbaycandan bir xatirə olsun…
Maiko gözlərində sevinc və minnətdarlıqla hədiyyəni aldı. Ürəkdən, səmimi bir təbəssümlə bildirdi ki, bunu ən əziz yadigar kimi həmişə qoruyacaq.
Bu an mənə bir daha sübut etdi ki, millətlər arasındakı ən gözəl körpü səmimi münasibətlər və xoş niyyətlərdir. Borjomi mənim üçün sadəcə bir şəhər deyil, bu kimi unudulmaz anlarla dolu bir ruh yurdu oldu.
Borjomiyə səfərim təkcə insanlarla deyil, bu qədim şəhərin ruhu ilə də dolu dolu keçdi. Buradakı tarixi kilsələri ziyarət etdim, idman ənənələri ilə tanış oldum, hətta bu mövzuda çəkilişlər etdim. Daha sonra sujetimin qəhrəmanı – Gürcüstan çempionu və eyni zamanda dindar bir insan – mənimlə birlikdə çəkdiyi şəkillərdən ibarət bir video hazırlayıb göndərdi. Maraqlı olan isə onun musiqi seçimində müsəlman və xristian dünyasının harmoniyasını hiss etdirmək istəyi idi. Bu, onun dinlərə olan sevgisinin bir ifadəsi idi – səmimi, saf və dərin.
Bəli! Borjomi təkcə təbiəti ilə deyil, insanları ilə möcüzəvi bir şəhərdir. Bu şəhərdə keçirdiyim hər anı, hər görüşü, hər təbəssümü yaddaşımda əbədiləşdirəcəm. Çünki bir şəhəri sevmək üçün sadəcə orada doğru insanlarla qarşılaşmaq kifayətdir.
Ruslan Həsənov,
AZTV-nin Gürcüstan üzrə xüsusi müxbiri
GAXA.ge





