Marneulidə Novruz bayramı şənliyi təşkil olunub

Marneuli təşkil olunan bayram tədbirində çıxış edən Marneuli meri Kənan Ömərov Marneulidə başlayan Novruz bayramı tədbirini açıq elan edib. Novruz bayramı tədbirində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, Parlament sədri Şalva Papuaşvili, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani, xalq müdafiəçisi Levan İoseliani, Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər diplomatik korpus nümayəndələri tədbirə qatılıblar. Tədbirdə Novruz bayramının simvolu olan tonqal alovlandırılıb.

GAXA-nın məlumatına görə, Novruz bayramına həsr olunmuş tədbirdə çıxışı zamanı Gürcüstan Prezidenti Mixeil Kavelaşvili deyib: "Bu gün yaz bərabərliyinin bu həqiqətən qədim, ənənəvi, ictimai bayramını qeyd edən bütün vətəndaşları Novruz bayramı münasibətilə təbrik edirəm. Şadam ki, ənənələrin və müxtəlifliyin vacib olduğu ölkədə yaşayıram".

Prezident qeyd edib:

“Prezident kimi mən sizin hər birinizi bugünkü bayram münasibətilə bir daha təbrik etmək şərəfinə nail oldum və söz verirəm ki, ölkəmizi gücləndirmək üçün hamınızın yanında olacağam”, - deyə Mixeil Kavelaşvili bildirib.

Novruz bayramı tədbirində Baş nazir İrakli Kobaxidze Azərbaycan vətəndaşlarına müraciət edərək onlara sülh və firavanlıq arzulayıb.

"Novruz bayramı yenilənmə, xeyirxahlıq bayramıdır. Bizi xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış, dostluq münasibəti ilə fəxr edirik. Bu, həqiqətən də qürurverici bir münasibətdir, dostluqdur. Uzun illərdir ki, biz birgə ölkəmizin gələcəyini yaradırıq. Bu tarix bu gün də davam edir və bu gözəl ənənədir ki, biz Novruz bayramını bir daha bizim uşaqlara, Novruz bayramını gələcək nəsillərə ötürməliyik. Sizə ən xoş arzular, sülh və firavanlıq arzulayıram”, - deyə İrakli Kobaxidze bildirib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxışında bildirib:

"Novruz bayramı təkcə mədəni ənənələrinə görə deyil, həm də müxtəlif xalqların və dinlərin nümayəndələrini birləşdirdiyinə görə cəmiyyətimiz üçün mühüm gündür. Bu gün Marneulidə hamımız bahar və yenilənmə günü olan Novruz Bayramını qeyd edirik. Bir daha sizi Novruz bayramı münasibətilə təbrik edirəm, arzu edirəm ki, sülh, birlik və güclü Gürcüstanda yaşayaq”.

Sonda dövlət adamları və rəsmi şəxslər bayram münasibətilə Marneulinin mərkəzində yaradılmış sərgi meydançasını və Azərbaycan etnoguşəsinə baş çəkib, müxtəlif idman və mədəni tədbirlərə baxış keçirib, idman yarışlarında qalib gələn gəncləri mükafatlarla təltif ediblər.

Tədbir çərçivəsində Novruz bayramı münasibətilə konsert proqramında iştirak edən müğənnilər müxtəlif mahnılarla çıxış ediblər.

GAXA.ge