Müşfiq Borçalı - 55: BORÇALIDAN DOĞAN İŞIQ və ya SÖZÜN ZİRVƏSİ
Hər bir xalqın tarixi, mədəniyyəti və mənəvi
dəyərləri onun ziyalılarının fədakar əməyi ilə işıqlanır. Vətənimizin belə fədakar
ziyalılardan biri də 55 il öncə qədim Borçalı mahalının sazlı-sözlü, poeziya
dolu torpağında dünyaya göz açmış, bütün mənalı ömrünü elmin, jurnalistikanın və
mədəniyyətin inkişafına həsr etmiş tanınmış borçalışünas alim, istedadlı
yazıçı-jurnalist, Prezident təqaüdçüsü Müşfiq Borçalıdır. Bu gün təkcə Borçalı
elinin deyil, bütün Azərbaycanın fəxri olan bu görkəmli şəxsiyyətin 55 illik
yubileyini qürurla qeyd edirik.
Jurnalistikanın incəliklərini dərindən mənimsəyən,
mahir pedaqoq kimi minlərlə tələbəyə ilham verən, Borçalı folklorunun və mədəniyyətinin
ən dəyərli nümunələrini toplayaraq gələcək nəsillərə ərməğan edən Müşfiq müəllim
bu illər ərzində yorulmadan milli-mənəvi dəyərlərimizin keşikçisi olmuşdur.
Onun rəhbərliyi ilə həyata keçirilən layihələr, qələmə aldığı sanballı elmi əsərlər,
mətbuat səhifələrində qoyduğu dərin izlər Azərbaycan mədəniyyəti və elminin
zirvələrində parlayır.
Bu yubiley yalnız bir şəxsin 55 illik ömür
salnaməsi deyil, həm də onun Azərbaycan elmi, ədəbiyyatı və jurnalistikasına
verdiyi töhfələrin təntənəsidir. Müşfiq Borçalının zəngin yaradıcılıq dünyası,
yüksək əzm və fədakar əməyi bir daha sübut edir ki, həqiqi ziyalılar xalqın mədəni
xəzinəsini zənginləşdirən əbədi işıqdır... İndi isə Müşfiq müəllimin keçdiyi mənalı
ömür yoluna nəzər salaraq, onun yaratdığı dəyərli irsi qısaca da olsa,
ehtiramla yad edək:
Qədim Borçalı elində
1970-ci il yanvarın 22-də qədim Borçalı mahalının Darvaz kəndində
görkəmli türkoloq alim Mədəd Çobanovun ailəsində dünyaya göz açan Müşfiq
Borçalı elm və mədəniyyətlə zəngin bir mühitdə böyüyüb tərbiyə almışdır. Evdə hər
zaman çoxlu kitab, qəzet və jurnalların olması, atasının yazı masası arxasında
şövqlü fəaliyyəti onun həyat yoluna əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Professor Mədəd Çobanovun ailəsində aldığı tərbiyə, zəhmətə bağlılıq, elmə
sevgi onun şəxsiyyət kimi formalaşmasında mühüm rol oynamışdır. Uşaqlıqdan
kitablara olan sevgisi, zəhmətkeşliyi onun gələcəkdə ədəbi və elmi sahələrdə
parlaq uğurlar qazanacağından xəbər verirdi.
Məktəb illərində Azərbaycan ədəbiyyatına və dövri mətbuata
böyük maraq göstərən Müşfiq hələ erkən yaşlarından bədii yaradıcılıq və
jurnalistika ilə məşğul olmuşdur. Onun qələmə aldığı kiçik yazılar “Azərbaycan
gəncləri”, “Azərbaycan pioneri” və digər nəşrlərdə dərc edilmiş, janr müxtəlifliyi
və ifadə tərzi ilə diqqət çəkmişdir.
M.Borçalı 1986-cı ildə Darvaz kənd orta məktəbini əla qiymətlərlə
və Fəxri Fərmanla bitirdikdən sonra A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji
İnstitutunun rus filologiyası fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş,
eyni zamanda, TDPİ-nin ictimai peşələr fakültəsinin jurnalistika fakültəsində təhsil
almışdır.
Müşfiq Çobanov Borçalı folkloru və ədəbiyyatı ilə bağlı tədqiqatlara
hələ erkən yaşlarından böyük maraq göstərmişdir. Borçalı ədəbi mühiti ilə sıx təmaslar,
qədim ənənələrlə malik Darvaz kəndi isə M.Borçalının gələcəkdə borçalışünas
alim kimi formalaşacağının müjdəçisi idi.
Əslən Borçalıdan olan ədəbiyyatşünas alimlərin bu sahədə
apardıqları araşdırmaları dərindən mənimsəyən gənc tədqiqatçı Borçalı folkloru,
mədəniyyəti, ədəbiyyatının çox geniş və daim inkişafda olduğunu, eyni zamanda,
bu zəngin mənəvi-ədəbi sərvətin yetərincə öyrənilmədiyini də dərk edirdi. Buna
görə də hələ Tbilisi Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı dövrdə Borçalı
mədəniyyətinin, ədəbiyyatının geniş və hərtərəfli araşdırmağı qarşısına məqsəd
qoymuşdu. Beləliklə, gənc tədqiqatçı Borçalını kəndbəkənd gəzir, ədəbi məclislərdə
iştirak edərək ziyalılarla görüşür, Borçalı aşıqlarının yaxınları ilə söhbətlər
apararaq şifahi xalq ədəbiyyatı nümunələri toplayırdı.
Bakı ədəbi mühiti
1990-cı ildə ailəsi ilə birlikdə Bakıya köçən M.Borçalı təhsilini
Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində davam
etdirmişdir. Burada Azərbaycanın görkəmli alimləri - Afad Qurbanov, Nizami
Xudiyev, Qəzənfər Kazımov, Abbas Hacıyev, Mürsəl Həkimov, Paşa Əfəndiyevdən dərs
alan M.Borçalı Gürcüstanda başladığı tədqiqatları uğurla davam etdirmişdir. O,
hələ ali məktəbin IV kursunda təhsil alarkən, ilk dəfə olaraq “Borçalı” adını
özünün ilk kitabının adına gətirərək 1990-cı ildə “Ağır elli Borçalı” adlı ədəbi-bədii
almanaxı nəşr etdirmişdir. Sonradan tanınmış türk tədqiqatçısı Çingiz Alyılmaz
bu kitabı Türkiyə türkcəsinə çevirərək 1996-cı ildə Ərzurumda nəfis şəkildə çap
etdirmişdir.
1992-ci ildə ADPU-nun filologiya fakültəsini Fərqlənmə
diplomu ilə bitirən M.Borçalı 1993-cü ildən “Təhsil” qəzetinin baş redaktoru,
1995-ci ildən “Azad Azərbaycan”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin
baş redaktoru vəzifələrinə irəli çəkilmişdir. Onun bu mətbu orqanlarda göstərdiyi
məhsuldar fəaliyyət təkcə Azərbaycan mətbuatının inkişafına deyil, həm də
milli-mənəvi dəyərlərin qorunması və təbliğinə yönəlmişdi.
Bu gün Müşfiq Borçalının Azərbaycanın media məkanında
oynadığı rol son dərəcə böyükdür. O, “Ziya” İnformasiya Mərkəzinin və ZiM.Az
saytının təsisçisi və baş redaktorudur. Müşfiq Borçalı, eyni zamanda, Azərbaycan
Texniki Universitetinin əməkdaşı - AzTU Press nəşriyyatının, "Ziya" qəzetinin
və "Ziya, İnfo.Az" saytının Baş redaktorudur. O, həmçinin, “Borçalı”,
“Şərqin səsi”, “Elm və Təhsil" qəzetlərinin qurucusu və Baş məsləhətçisi,
eləcə də, "Zirvə" və "Zəfər" İnformasiya Mərkəzlərinin,
"Borçalı" və "Yurd" nəşriyyatlarının,
"Zirve.info", "Zirve.info.az", "Yurd.info.az",
"elm.info.az", "Bolnisi.az", "Borcali.org"
saytlarının da qurucusu və rəhbəridir. Onun rəhbərliyi altında çıxan çoxsaylı mətbuat
orqanları Azərbaycanda jurnalistikanın etik prinsiplərini qorumağa, jurnalistlərin
peşəkar səviyyəsini artırmağa, medianın inkişafına ciddi töhfələr verir.
Mavi ekranlarda
Tanınmış jurnalist Müşfiq Borçalı televiziya sahəsində də
önəmli fəaliyyət göstərmişdir. O, Azərbaycan Televiziyasında (AzTV) milli-mədəni
dəyər daşıyan bir sıra verilişlərin redaktoru olmuşdur. Dövlət Televiziyasının
“Xalq yaradıcılığı” Baş redaksiyasının redaktoru vəzifəsində çalışan M.Borçalı
AzTV-də yayımlanan “Dastan”, “Yazı”, “Sazın-sözün sehri”, “Aşıq Pəri Məclisi”,
“Borçalı elləri” və s. verilişlərin ssenari müəllifi və redaktoru kimi yüksək
peşəkarlıq nümayiş etdirmişdir.
Onun redaktoru olduğu “Borçalı elləri” verilişi bu qədim
bölgənin tarixi ənənələrini, zəngin folklor xəzinəsini, dastan mədəniyyətini,
aşıq sənətini, musiqi irsini geniş şəkildə işıqlandıraraq izləyicilərə bölgənin
ruhunu hiss etdirirdi. “Aşıq Pəri məclisi” isə Azərbaycanın qədim aşıq sənətinin
tanıdılması və təbliğinə xidmət edirdi.
Milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi
üçün bu proqramların əhəmiyyətini dərindən dərk edən M.Borçalı təkcə redaktor
deyil, həm də milli mədəniyyətimizin təbliğatçısı kimi öz dəsti-xətti ilə
seçilmişdir. Onun fəaliyyəti televiziya tamaşaçılarının mədəni biliklərini
artırmaq, Azərbaycan mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə
çatdırılması istiqamətində əvəzsiz töhfə olmuşdur. Bu uğurun kökündə isə təkcə
Müşfiq müəllimin jurnalistikanın incəliklərini dərindən bilməsi, peşəkarlığı
deyil, həm də onun şəxsi möqveyi, dünyaya baxışı və mütərəqqi ideyaları
dayanırdı.
M.Borçalının televiziya fəaliyyətini işıqlandırarkən onun
bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olduğunu da diqqətdən
qaçırmaq olmaz. Müşfiq müəllimin ssenari müəllifi olduğu “Şərəfli ömür yolu”
(İsmayıl Ömərovun 70 illik yubileyinə həsr edilmiş film), “Danışan qayalar”
(Qobustan qayaları haqqında sənədli film), redaktoru olduğu “Cəsur kəşfiyyatçı”
(Qarabağ şəhidi Hicran Zülfüyevin şərəfli ömür yoluna həsr edilmiş film) sənədli
filmləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Borçalışünas alim
Azərbaycan mətbuatı və mədəniyyət tarixində özünəməxsus yer
tutan Müşfiq Mədəd oğlu Çobanov bir şəxsiyyət kimi bütün yönləri ilə yaradıcı
olan, elmi axtarışlarının ardıcıllığı və bədii təfəkkürünün orijinallığı ilə fərqlənən
kamil ziyalıdır. O, hələ gənc yaşlarından qədim Borçalı bölgəsinin tarixi, mədəniyyəti
və ədəbiyyatı sahəsində ciddi araşdırmaları ilə tanınır. Azərbaycanın mədəni
irsini, Borçalı mahalının zəngin tarixi və ədəbiyyatını dünyaya tanıtmaq
yolunda yorulmadan çalışan Müşfiq Borçalı bu bölgəsinin ədəbi-mədəni irsi ilə
bağlı çoxsaylı tədqiqatların, kitabların müəllifidir. Alimin bu istiqamətdə qələmə
aldığı sanballı monoqrafiyalar, dərin məzmunlu elmi məqalələr və ensiklopedik tədqiqatlar
Borçalının zəngin tarixi və mədəni irsinin dərinliyinə işıq salır. Bu
fundamental araşdırmalar Azərbaycan ədəbiyyatının regional xüsusiyyətlərini və
beynəlxalq əlaqələrini dərindən öyrənmək baxımından zəngin məlumatlar verir, təkcə
elmi ictimaiyyət üçün deyil, həm də geniş oxucu auditoriyası üçün xüsusi əhəmiyyət
kəsb edir.
Müşfiq Mədəd oğlu Çobanov Borçalı 2016-cı ildə AMEA-nın
prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin elmi rəhbərliyi ilə
“Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda
namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və elmi fəaliyyətində mühüm
bir mərhələni tamamlayaraq filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə
layiq görülmüşdür.
Pedaqoji fəaliyyət
Vaxtilə əmək fəaliyyətinə Azərbaycan Texniki Universitetində
başlayan Müşfiq müəllim bir müddət universitetdə Mətbuat şöbəsinin müdiri vəzifəsində
işləyib. O, bu ali məktəbdə fəaliyyətini indi də davam etdirir, Azərbaycan
Texniki Universitetinin İctimai fənlər kafedrasında yüksək peşəkarlıq və məsuliyyətlə
pedaqoji fəaliyyətlə məşğul olur: bakalavr tələbələrinə “Azərbaycan dili” və
“Nitq mədəniyyəti” fənlərini, magistr tələbələrinə isə “Pedaqogika” fənnini sevə-sevə
tədris edir.
Öz vəzifəsinin məsuliyyətini, müqəddəsliyini dərindən dərk
edən Müşfiq müəllim gələcək nəslin cavabdehliyini çiyinləri üzərində daşıyaraq
çəkdiyi zəhmətin, fədakarlığı müqabilində əldə olunan uğurlu nəticələrdən zövq
alır. O, tələbələrə yalnız nəzəri biliklər verməklə kifayətlənmir, həm də
onların nitq mədəniyyətini formalaşdırmağa, intellektual düşüncə və təfəkkür tərzini
inkişaf etdirməyə çalışır. M.Borçalının ali məktəbdə pedaqoji fəaliyyəti, onun
Azərbaycan dili və mədəniyyətini yüksək səviyyədə təbliğ etməsi, elmin
inkişafına verdiyi töhfələr, qabaqcıl tədris metodikası yüksək qiymətləndirilir.
Tələbələrinin uğurlarını pedaqoji fəaliyyətinin əsas göstəricisi hesab edən
Müşfiq müəllim gələcək nəsillərin daha savadlı və mədəni yetişməsi üçün əlindən
gələni edir.
Fəxri Fərmanlar... Mükafatlar...
Müşfiq Borçalının fəaliyyəti təkcə jurnalistika, pedaqogika
və elm sahələri ilə məhdudlaşmır. O, müxtəlif ictimai layihələrdə fəal iştirak
edir, milli dəyərlərin qorunub saxlanılması istiqamətində yorulmadan çalışır.
Onun təşəbbüsü ilə həyata keçirilən layihələr mətbuatın maarifləndirici
missiyasının gücləndirilməsinə yönəlir.
Bu fədakar əmək diqqətdən kənar qalmayıb. M.Borçalı mətbuat
və mədəniyyət sahəsindəki yorulmaz fəaliyyətinə görə bir çox mükafat və fəxri fərmanlarla
təltif olunub: “Abulla Şaiq”, "Nəriman Nərimanov", "Zirvə",
"Zəfər", "Qızıl Qələm" və s. mükafatların laureatı olan
Müşfiq Borçalı dəfələrlə Fəxri Fərman, Fəxri diplom və mükafatlarla təltif
olunub. O cümlədən, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və
Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Diplom və
sertifikatlarina layiq görülüb.
M.Borçalı 2024-cü ildə AYB-nin təqdimatına və Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin
yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” müvafiq sərəncamına
əsasən Prezident təqaüdünə layiq görülüb.
Professor Mədəd Çobanovun yadigarı
Azərbaycanın görkəmli türkoloq alimi, professor Mədəd
Çobanovun zəngin elmi irsi, dilçilik sahəsində apardığı fundamental
araşdırmalar, milli dəyərlərə bağlılığı oğlu Müşfiq Borçalının formalaşmasında əvəzsiz
rol oynamışdır. Mədəd müəllimin Borçalı bölgəsinin mədəni irsini qoruyub gələcək
nəsillərə ötürmək üçün göstərdiyi səylər, onun zəngin elmi fəaliyyəti və müsbət
insani keyfiyyətləri oğlu Müşfiqin gələcəkdə eyni istiqamətdə çalışmasına ilham
vermişdir. Beləliklə, Mədəd müəllimin yüksək intellektual irsi, zəhmətkeşliyi
Müşfiq Borçalının həm istedadlı alim, həm də vətənpərvər ziyalı kimi yetişməsində
məktəb rolunu oynamışdır.
Bu gün Müşfiq Borçalı atasının – görkəmli türkoloq alim,
professor Mədəd Çobanovun ədəbi irsini yaşatmaq, onun əziz xatirəsini daim uca
tutmaq üçün yorulmadan fəaliyyət göstərir. Mədəd müəllimin ideyalarını, zəngin
yaradıcılıq irsini, həyat fəlsəfəsini gələcək nəsillərə çatdırmağı özünün mənəvi
borcu hesab edən M.Borçalı müxtəlif elmi və ədəbi layihələr həyata keçirir,
atasının əsərlərinin nəşri və təbliği ilə məşğul olur. O, təbliğ etdiyi bu elmi
irsi yalnız akademik töhfə kimi deyil, həm də milli mədəniyyətimizin ayrılmaz
hissəsi kimi qoruyur. Onun atası haqqında dərin ehtiramla danışması, Mədəd
Çobanovun xatirəsini əbədiləşdirmək üçün göstərdiyi səylər ataya olan övlad
sevgisi və hörmətin ən bariz ifadəsidir.
Və yubiley təbriki...
... “Həyatın mənası yalnız özünü başqaları üçün faydalı etməklə
tapılır”. Dahi rus yazıçısı Lev Tolstoyun bu məşhur kəlamı bütün duyğuları, mənəviyyatı,
əməli fəaliyyəti ilə xalqa bağlı olan vətənpərvər ziyalı - M.Borçalının həyat fəlsəfəsinə
aid etmək olar. Müşfiq müəllim bütün həyatını Azərbaycan mətbuatının, mədəniyyətinin
və elminin inkişafına həsr etmiş həqiqi ziyalıdır.
Onun 55 illik mənalı ömür yolu, zəngin yaradıcılıq fəaliyyəti
Azərbaycan jurnalistikası və ədəbiyyatı üçün dəyərli töhfədir. Xalqa hər zaman
sədaqətlə xidmət edən bu vətənpərvər ziyalı bu gün də millətin, doğma Borçalı
elinin inkişafı istiqamətində böyük coşğu, səmimiyyət və inamla yol getməkdədir.
Müşfiq Borçalı bu əvəzsiz xidmətləri ilə Azərbaycanın mədəniyyəti və jurnalistika
tarixində parlaq sima kimi daim yaddaşlarda qalacaq.
...Çox hörmətli və əziz tələbə yoldaşım,
istedadlı qələm dostumuz, dəyərli ziyalımız Müşfiq Borçalını 55 illik yubileyi
münasibətilə ürəkdən təbrik edirəm! Ona uzun ömür, möhkəm cansağlığı, zəngin və
mənalı həyat yolu, çoxşaxəli yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar
arzulayıram!
SADİQ ZAMAN,
Filologiya üzrə fəlsəfə doktoru
GAXA.ge