Könül yanğısı, ürək odu ilə... (Mikayıl Müşfiqə həsr olunmuş şeir)
Mən Məhruzə İbrahimovanı şəxsən tanımıram. Amma bəzən hər kəsin sözü şəxsi tanıtmaq üçün ən doğru körpü olur...
Mən Məhruzənin bu şeirinə ilk qənaətimi ifadə edən şərti ad verirəm:"Könül yanğısı, ürək odu".
Elə öz qeydlərimi də həmin adın təsiri altında "Könül yanğısı, ürək odu ilə" adı altında təqdim edirəm... Bu şeir Müşfiqin anım gününün təsiri altında yazılıb...
Sanki müəllifdən soruşublar ki, bu gün Müşfiq haqqında nə düşünürsən...
Və yenə sanki müəllif illərdən bəri varlığında sakin olan Müşfiqi üzə çıxarıb...
Bəzən ağrılı düşüncələr qaldıqca daha çox ağrı yükü yığır...
Şeir boyu Məhruzə xanımın misra-misra rəng alan və çox səmimi Müşfiq obrazını yaradan duyğu rənglərini görürük...
Müşfiqi ölümə aparan yolun özü də Müşfiqlə birgə gəlib bizdən keçir...
Maraqlı və obrazlı yanaşmalar oxucunu əhatədə saxlayır...
Nə qədər istedadlı adamlar var ki, biz onları tanımırıq...
Bu şeir müəyən ədəbi dairələrin diqqətində olmalıdır...
Müşfiqə həsr olunan kitablarda yer almaq bu şeirin vətəndaşlıq haqqıdır...
Bir daha şeiri də oxuculara, Müşfiq sevərlərə təqdim edirəm:
Bu gün dünyaya gəldin,
Bilmirəm necə gündə?
Görən hava necəydi,
Gündüzdü, ya gecəydi.
Bunu bilənlər bilir,
Amma mən bilməyirəm.
Amma sən doğuluşdan,
Görmədin bircə gündə,
Görən nəydi günahın,
Anan da qoydu getdi.
Səni lap körpəlikdən
Nənənin ümidinə.
Heç qoxunu duymadı,
Tanrı alıb apardı.
Anan səni tərk etdi,
Yaxşı-yaman böyüdün,
Görmədin ana üzün.
Duydun nənə öyüdün,
Qədər yazan Tanrıdır.
O, necə qıydı sənə?
Əvvəl sənə ruh verdi,
Olasan adlı şair,
Yazasan xeyli şeir.
Eşqdən, məhəbbətdən,
İnamdan, sədaqətdən,
Sən şair Müşfiq oldun.
Şeirlərlə çağladın,
Şeirlərlə ağladın.
Hamı elə düşündü.
Sən şairlər şahısan,
Sən sevgi Allahısan,
Səni qısqanırdılar,
Səni sevən kəslərə.
Hər yazdığın şeirə,
Hər yazdığın əsərə,
Səni qısqanırdılar.
Əlindən yanırdılar,
Yenə başın üstündə,
Qəm quşları uçurdu.
Amma sənin qəlbində,
Sevgi ətir saçırdı.
Gözəl bir qızı sevdin,
Təmiz duyğular ilə.
Sanırdın ki, qədərin,
Gəlir xoş bahar ilə.
Yazdın incə şeirlər,
Bu sevginin adına.
Yazdığın şeirləri,
Ərməğan etdin ona.
Amma sən görməyirdin,
Başın üstə qaynaşır,
Qaraqara buludlar.
Çünki sənin qəlbində,
Yalnız təmiz sevgi var.
Evləndin sevdiyinlə,
Bir oğlun da doğuldu.
Amma yenə duymadın,
Qədər sənə nə yazır?
Başının üstündəcə,
Damokl qılıncı hazır.
Hələ lap körpə ikən,
Ananı itirmişdin.
Balanı da itirdin,
Yenə də ağır zərbə
Aldın qədərdən, Müşfüq!
Artıq gün görməyirdi,
Qarşında olan üfüq.
Keçdi qısa bir zaman,
Düşmən kəsildi hər yan.
Sənin şöhrət, şanına,
Susadılar qanına.
Bir gecənin içində,
Əllər, gözlər də bağlı.
Müşfiqi apardılar,
Qatillərin yanına,
Nəydi günahın, Müşfiq?
Kimsə xəbər bilmədi,
Sənin halından, Müşfiq,
Nəydi günahın, Müşfiq?
Sənə de, nə etdilər,
De, necə incitdilər?
Birisi belə dedi,
Birisi elə dedi,
Hərə bir söz söylədi
Elə getdiyin gündən,
O qəddar canavarlar,
Sənə nələr etdilər?
Söylə ruhu göylərdə,
Özü bilinmir harda.
İtib qalan Müşfiqim.
Söylə o yırtıcılar
Həm də o xain dostlar,
Səndən nə istədilər?
Sənə nələr etdilər?
Könül yanğısı, qəlb odu... Bu şeir Müşfiqın xatirə günündə, üç gün əvvəl yazılıb. Müəllif Məhruzə İbrahimova filoloqdur... Fb-dən verilən məlumata görə Siyəzəndə yaşayır... Bütün həyatını balaların təhsilinə və tərbiyəsinə həsr edib, müəllim işləyib... Pedaqoq müəlim kimi əmək veteranıdır...
Yazdıqlarına da bir az seyrçi münasibəti hiss olunur..
... Hiss olunur ki, zamanında üzərinə ədəbi qayğı işığı düşsəymiş, yolunda dəyərli izi qalarmış...
Ən çox başqalarının günümüzlə səsləşən yazılarını paylaşır...
Bu yanaşmanın ozü də cəmiyyətə xidmətdir...
P.S. Məhruzə müəllimənin foto şəklini FB-də tapmadım... bəlkə tanımadığım üçün seçə bilmədim...
Olsa yazıya əlavə etmək olar...
Əli Rza Xələfli, Azərbaycan şairi və yazıçısı, "Kredo" qəzetinin baş redaktoru
09. 01 2024.
GAXA.ge
