“Aşıq Kamandar” ev muzeyində Ulu öndər anılıb

Marneuli rayonunun Kəpənəkçi kəndində Ulu öndərin anım gününə həsr olunmuş tədbir keçirilib. GAXA-nın məlumatına görə, anım tədbirində bu il Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Qarabağa səfər edən Gürcüstan vətəndaşı olan gənclərdən ibarət "ZƏFƏR" qrupunun nümayəndələri iştirak ediblər. Tədbirdən öncə qrup üzvləri Ulu öndərin Tbilisidəki abidəsi önünə gül dəstələri düzərək Heydər Əliyevi ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Tbilisidən Kəpənəkçi kəndinə gələrək “ZƏFƏR” qrupunun və “Aşıq Kamandar” ev muzeyinin təşkilatçılığı ilə baş tutan Anım Günü tədbirinə qatılıblar. Tədbirin başlanğıcında Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhuna dua oxunub.

Anım gününü professor Mahmud Kamaloğlu açıb, sonra Ulu öndərin siyasətdə qazandığı uğurlar haqqında ətraflı məlumat verib. Professor Mahmud Kamaloğlu Ulu öndərin təqdirəlayiq fəaliyyəti və onun siyasətdə daha böyük rol oynadığını və cəsaarətli, fenomen, dahi bir şəxsiyyət kimi dünyada məşhur olduğunu bildirib. O, iştirakçıları "Aşıq Kamandar" ev muzeyində müxtəlif mövzularda tədbirlər keçiriləcəyi barədə məlumat verib. O, qeyd edib ki, gələn il gənc aşıqların arasında müsabiqə keçiriləcək və aşıq yaradıcılığında fərqlənən gənc aşıqlara mükafatlar təqdim olunacaq.

Tədbirdə Gürcüstan parlamentinin sabiq deputatı Ruslan Hacıyev çıxışında maraqlı faktlarla Ulu öndərin həyat və fəaliyyəti haqqında dəyərli fikirlər bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nizami Məmmədzadə Qarabağa səfər edən qrup üzvlərinin həmrəy olduqlarını alqışlayıb. O, bu günlərdə nəşr etdirdiyi “Əsrin yadıgarı Heydər Əliyev” poeması haqqında və əsərin necə yarandığı barədə ürək sözlərini bildirib. Tədbirdə iştirakçılara kitab hədiyyə olunub. Şair-jurnalist ürəklərdə yaşayan Ulu öndər Heydər Əliyevə həsr etdiyi əsərdən nümunələri böyük sevgi və ehtiramla səsləndirib. O, Müzəffər Ali Baş Komandan, Prezident ilham Əliyevin böyük vüqarla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” kəlməsini poeziyaya hopdurub və böyük sevinclə bütün xalqımızı birliyə çağıran, mərdlik gətirən kəlamları poemaya daxil etdiyi şah mənalı bu tarixi sözü ürəkdən gələn sözlərlə oxuyub.

Müəllif qələmə aldığı poemanın əsas qəhrəmanı olan Ulu öndər Heydər Əliyevin dediyi qızıl sözlərlə Müzəffər Ali Baş Komandanın ömür yollarında vüqarla gəzdiyini və “Dəmir Yumruğ"un zəhmindən düşmənlərin qaçdığını deyib. Əsərdə yazdığı misraları səsləndirən şair-jurnalist “Dəmir yumruq” sahibi olan mərd Prezidentə qızıl rəngli misralar yaraşdığını, ürəyindən süzülüb gələn sözlərin yeni tarix yazdığını bildirib.

Əməkdar jurnalist N. Məmmədzadə iştirakçılara əlavə olaraq məlumat verib ki, o, 14 kitabın müəllifidir və 600 bayatını müxtəlif qələm sahiblərindən toplayıb və bəzi bayatıları xalq dilinə oxşar tərzdə incə və mənalı şəkildə qələmə aldığını və “Borçalı bayatıları” kitabının artıq nəşrə hazır olduğunu bildirib.

Sonra tanınmış din xadimilərindən Ramin İgidov, Vidadi Qurbanov, Məhəmməd Şamilov, bölgənin tanınmış ziyalılarından Kamran Xıdırov, Afiq İsmayılov, Növrəstə Məhərrəm qızı, şair Fatma Aslan, tədbirin təşkilatçılarından biri olan Ramilə Babakişiyeva və digər iştirakçılar çıxış ediblər.

Çıxış edənlər Ulu öndər siyasətinin güclü məna kəsb etdiyini və hazırda onun müqəddəs yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin haqqında dəyərli fikirlər səsləndiriblər.

Sonda ev muzeyinin direktoru Əflatun Kamandar Anım Günü iştirakçılarına təşəkkürünü bildirib.

GAXA.ge